Lev Tolstoyun nəticəsi: Ən böyük arzum Azərbaycanı...

Lev Tolstoyun nəticəsi: Ən böyük arzum Azərbaycanı...

Fransada yaşayan rejissor, Lev Tolstoyun nəticəsi Maksim Marduxayev Azərbaycan torpağında baş verən hadisələrə münasibət bildirib. O, Qarabağ faciəsi haqda film ərsəyə gətirən ilk qərbli rejissor kimi, xalqımızın haqq mübarizəsi apardığını vurğulayıb.

Publika.az Maksim Marduxayevlə müsahibəni təqdim edir.

- Maksim, humanist Avropanın göz yumduğu Gəncə terroruna münasibətinizi bilmək istərdim.

- Gəncə faciəsi insanlıq adına çox böyük ləkədir, həmçinin müharibənin yanlış çözüm yoludur. 30 ilə yaxındır ki, Azərbaycan öz torpağını geri qaytarmağa çalışır. Mən savaşın tərəfində deyiləm. Çünki dünyanın ən dəhşətli hadisəsi hesab edirəm. Lakin vacib bir məqam var. Mixail Qorbaçovun rəhbərlik etdiyi dövrdə erməni ordusu Azərbaycan ərazisinin 20 faizini işğal edib. İllərdir ki, bu haqsız təcavüz siyasəti həllini tapmır. Hər bir dövlət öz ərazi bütövlüyünü təmin etməlidir.

- Həmin gün uzaqda deyil. Bildiyiniz kimi, Cənab prezidentimizin rəhbərliyi altında güclü ordumuz Qarabağı qarış-qarış düşmən tapdağından təmizləyir.

- Cənab Əliyevin fəaliyyətini çox yüksək dəyərləndirirəm. 1941-ci ildə çəkilmiş bu fotoşəkilə diqqətlə baxmağınızı istəyirəm. Şarl de Qolla oğlu Filipi görürsünüz. Ata qürur və inamla oğluna baxır. Oğlu dənizçidir və fazişzmlə mübarizə aparırlar. Bu fotoşəkil mənə Heydər Əliyevlə İlham Əliyevin haqq mübarizəsini xatırladır. Ata əmindir ki, oğlu bu çətin savaşda mütləq qalib gələcək.

- Əminəm ki, ətrafınızdakı əcnəbilərin Azərbaycan haqda fikirləri də müxtəlifdir.

- Müxtəlif millətlərdən olan dost-tanışım var. İngilislər, fransızlar, amerikalılar və s. Çoxu Azərbaycan haqda məlumatsızdır. Mənim ən böyük arzum Azərbaycan haqda film çəkib, bu zəngin ölkənin gözəl obrazını dünyaya tanıtmaqdır. Azərbaycanın səmasında yenidən sülh bərqərar olmalıdır. Nə Gəncədə, nə də digər şəhərlərdə bombalar uşaqların üzərinə yağmalı deyil. Bəli, bu planetin havası, suyu, ağacları, meşələri, dağları hamısı biz insanlarındır. Bəs onda niyə tolerant Azərbaycan xalqı 30 ilə yaxındır ki, doğulduğu böyüdüyü evdən zorla qovulub? Hansı ədalətdən danışırıq?

- Siz həmçinin azərbaycanlı məcburi köçkünlərin həyatından bəhs edən film çəkən ilk qərbli rejissorsunuz. Bütün qəlbimizlə inanaq ki, növbəti filmlərinizin ünvanı Azad Qarabağ torpağı olacaq.

- Qarabağ savaşı başlayandan bəri məcburi köçkünlərin ağır həyatına çox üzülürəm. Onların çətin güzəranından bəhs edən iki sənədli film çəkmişəm. Qarabağ haqda film hazırlayan ilk qərbli rejissor mən olmuşam. Şuşada bitən xarı bülbül çiçəyi mənim üçün məhəbbət rəmzidir. Tezliklə sevgimizə qovuşmaq ümidi ilə...

Leyla Sarabi

 

Mənbə: publika.az