Xalqımız bir daha əmin oldu ki, Prezident İlham Əliyev hansı məqamda nəyi necə etməyi bilir - Deputat

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün Azərbaycanın həm döyüş, həm də diplomatiya meydanında qələbələr qazanması, 30 ildir erməni işğalı altında olan torpaqlarımızın ard-arda erməni işğalından azad edilməsi bir-iki günün yox, illərdir aparılan düzgün və uzaqgörən, düşünülmüş siyasətin nəticəsidir.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyev illərdir ki, Azərbaycan həqiqətlərinin, dövlətimizin qəti mövqeyinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində yorulmadan iş aparır, Azərbaycanın beynəlxalq hüquqa uyğun olaraq öz torpaqlarını işğaldan azad etmək hüququnu özündə saxladığını onların diqqətinə çatdırırdı:

“Bizim indi döyüş meydanında qələbələr qazanmağımız və bu günlər ərzində bütün ölkələrlə siyasi danışıqlarda haqlı mövqeyimizi çatdıra bilməyimiz Prezident İlham Əliyevin siyasi xadim kimi müdrik fəaliyyəti, ötən dövr ərzində Azərbaycanı dünya arenasında layiqincə təmsil etməsi, xalqın ona inamının nəticəsidir”.

Deputat qeyd edib ki, Azərbaycan xalqı daim Prezident İlham Əliyevin apardığı düzgün siyasəti dəstəkləyib, Ali Baş Komandanın ətrafında sıx birləşib:

“Azərbaycan Xalqı hər zaman olduğu kimi, sentaybrın 27-dən başlayan əks-hücum əməliyyatları dövründə də Prezidentin hər sözünün arxasında oldu, ona inanaraq həmişəki kimi onun arxasında durdu. Xalqımız bir yumruq kimi Ali Baş Komandanın ətrafında sıx birləşdi, eyni zamanda ordumuza böyük dəstək nümayiş etdirdi. Azərbaycan xalqı tarixi günlərini yaşayır, hər gün sevincli xəbərlər eşidir, Qələbə Gününün çox yaxında olduğuna inanr. Cənab Prezident hər gün xalqımıza xoş qələbə xəbərləri çatdırır.

Bu gün də möhtərəm Prezidentimiz xalqı çox sevindirdi, Zəngilan şəhərinin və 24 kəndin işğaldan azad edilməsi ilə bağlı müjdəni xalqımıza çatdırdı.

Xalqımız bir daha əmin oldu ki, Prezident İlham Əliyev hansı məqamda nəyi necə etməyi bilir və bütün addımlarını ən xırda detalınadək hesablayır. Həm danışıqlar masasında, həm də hərb meydanında!”.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Ermənistanın qaniçən ordusu son 23 gündə 62 dinc azərbaycanlını qətlə yetirib

SONRAKI XƏBƏR

Gəncə sakini darmadağın olan evində piano çaldı - VİDEO