Azərbaycançılıq ideologiyasının diasporumuza toparlayıcı təsiri ağır Vətən müharibəsi günlərində özünü bir daha göstərdi - I yazı

Azərbaycançılıq ideologiyasının diasporumuza toparlayıcı təsiri ağır Vətən müharibəsi günlərində özünü bir daha göstərdi  - I yazı

Azərbaycan dünyanın müxtəlif yerlərində yaşayan hər bir azərbaycanlının, bu torpaqda doğulan digər bütün xalqların Vətənidir. Milliyyətindən, dini mənsubiyyətindən asılı olmayaraq, hər bir Azərbaycan əsilli insan yaşadığı ölkədə Azərbaycanın haqlı mövqeyini dəstəkləyir, dövlətimizin, ordumuzun yanında olduğunu, erməni terroru ilə barışmadığını, hər an terrorçu ölkəyə qarşı vuruşmağa hazır olduğunu bəyan edir.

Kökü bu torpaqlara bağlı olan xaricdəki soydaşlarımız, birmənalı olaraq, azərbaycançılıq ideologiyası ətrafında birləşiblər. Bu gün xaricdəki diasporumuz, onların nümayəndələri Vətən müharibəsi günlərində azərbaycançılıq ideologiyası ətrafında daha sıx şəkildə toparlanıblar. Onları milli təəssüb, Vətən sevgisi bir araya gətirib. Bir sıra ərazilərimizin, kənd və şəhərlərimizin düşmən tapdağından azad edilməsi xaricdəki diaspor qurumlarımızı azərbaycançılıq ideologiyasına daha da sıx bağlayır. Azərbaycançılığın gücü birlik və həmrəylik yaratmağı bacarmasındadır.

Vətən müharibəsi soydaşlarımızı azərbaycançılıq ideologiyası ətrafında bir daha birləşdirdi

Sentyabrın 27-dən indiyə qədər Qarabağ cəbhəsində gedən Vətən müharibəsində, xalqımızın haqq-ədalət uğrunda savaşında azərbaycanlılarla çiyin-çiyinə bütün xalqların, etnik qrupların təmsilçiləri könüllü şəkildə yaxından iştirak edir, düşmənə öldürücü, ağır zərbələr vururlar. Vətən müharibəsi davam edir, işğalçı Ermənistan ordusunun son əsgəri torpaqlarımızdan çıxana qədər bizim savaşımız davam edəcək. Xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarımız, eləcə də bu təşkilatlara bağlılığı olmayan soydaşlarımız müxtəlif ölkələrdə Azərbaycan Ordusuna, Azərbaycan dövlətinə dəstək aksiyaları keçirirlər. Soydaşlarımızın əsas hissəsinin “Qarabağ Azərbaycandır!” şüarı altında keçirdiyi bu aksiyalarda terrorçu Ermənistan dövlətinin işğalçı ordusunun son nəfərinə qədər Azərbaycan torpaqlarını tərk etməsi və Ermənistanın Gəncədə dinc əhaliyə, mülki obyektlərə qarşı həyata keçirdiyi raket hücumlarına, çoxsaylı insan tələfatına səbəb olan təxribatlarına beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət verilməsi tələb edilir.

Dünyanı bürüyən “Qarabağ Azərbaycandır!” aksiyaları...

12 iyul Tovuz cəbhəsində Ermənistanın törətdiyi terror təxribatları zamanı soydaşlarımız necə ayağa qalxmışdılarsa, bu gün də o cür ayaqdadırlar. Gəncədə baş verən terror hadisəsi isə soydaşlarımızı daha da qəzəbləndirib. Bu gün xaricdə yaşayan azərbaycanlılar da, yəhudilər də, ləzgilər də, tatlar da, talışlar da, digər etnik qrupların təmsilçiləri də Ermənistanın həyata keçirdiyi terrora qarşı birləşiblər. Türkiyədə, İsraildə, ABŞ-da, Türkiyədə, Rusiyada, Almaniyada, İsveçdə, İsveçrədə, Finlandiyada, Hollandiyada və digər ölkələrdə soydaşlarımız Ermənistanın terrorçu, işğalçı davranışlarını ifşa etmək, işğalçı ölkənin faşist siyasətini beynəlxalq aləmə çatdırmaq üçün davamlı aksiyalar keçirirlər. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin yürütdüyü siyasətə, müzəffər ordumuza dəstək, ölkəmizlə həmrəylik ifadə edən aksiyalarında həmin dövlətlərin yerli xalqlarının da iştirak etməsi diqqətəlayiqdir. Bu ondan iraəli gəlir ki, soydaşlarımız Azərbaycanı yerli xalqlara da sevdirməyi, ölkəmizin haqq-ədalət uğrunda apardığı müharibənin mahiyyətini onlara lazımi şəkildə çatdırmağı bacarıblar.

Xarici ölkələrdə Azərbaycanın ədalətli mövqeyinin dəstəkləndiyi tədbirlər...

Bu günlərdə Finlandiyanın paytaxtı Helsinki şəhərinin mərkəzi “Odi” kitabxanasında keçirilən Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasının 29-cu ildönümünə həsr olunan “Qarabağ Azərbaycandır!” adlı tədbirdə soydaşlarımızla yanaşı, digər icmaların da nümayəndələri iştirak ediblər. Tədbirdə işğalçı Ermənistan ordusunun Azərbaycanın ikinci şəhəri olan Gəncədə əhalini raket atəşinə tutması nəticəsində günahsız dinc sakinlərin həlak olduğu qeyd edilib, əcnəbilərə Dağlıq Qarabağ münaqişəsinin tarixi, Ermənistanın ölkəmizə qarşı işğalçı və təcavüzkar siyasəti barədə ətraflı məlumat verilib. Burada, həmçinin, işğalçı Ermənistan ordusunun humanitar atəşkəs rejimini kobudcasına pozaraq, cəbhə bölgəsindən uzaqda yerləşən Gəncə şəhərini raket atəşinə tutması nəticəsində aralarında qadınlar və azyaşlı uşaqlar da olan çoxsaylı mülki şəxsin həlak olması, 90 nəfərin yaralanması, bunun isə faşizmin və vandalizmin təzahürü olduğu vurğulanıb. Həmçinin, qeyd edilib ki, beynəlxalq birlik bu hərbi cinayətə səssiz qalmamalıdır.

Çikaqoda qaldırılan Azərbaycan bayrağı - həmrəyliyin ifadəsi...

Oktyabrın 18-də Azərbaycanın Müstəqillik Günü münasibətilə ABŞ-da İllinoys ştatının Çikaqo şəhərinin meriyası qarşısında dövlət himnimizin sədaları altında üçrəngli bayrağımız havaya qaldırılıb.

Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzi tərəfindən təşkil olunan tədbirdə təxminən 50 nəfərə yaxın soydaşımız iştirak edib. Bununla da dünya azərbaycanlılarının həmrəyliyi əks etdirilib, Amerika ictimaiyyətinin diqqəti işğalçı Ermənistan ordusunun Gəncə şəhərində törətdiyi terror aktlarına, mülki şəxslərin, xüsusilə azyaşlıların öldürülməsinə cəlb edilib.

Kaliforniyada isə Şimali və Cənubi Amerika Mədəniyyət Mərkəzinin təşkilatçılığı işğalçı Ermənistan ordusunun Gəncə terroruna etiraz olaraq avtoyürüş keçirilib. 150-dən çox avtomobilin iştirakı ilə keçirilən avtoyürüş Los Gatos yaxınlığından start götürüb və mərkəzi küçələrlə dairəvi hərəkət edərək həmin ünvanda da başa çatıb. Üzərində üçrəngli Azərbaycan bayraqları olan və “Qarabağ Azərbaycandır!” şüarı ilə bəzənən avtomobillərdə hərəkət edən yürüş iştirakçıları yerli ictimaiyyətin diqqətini cəbhə xəttindən uzaqda yerləşən şəhər və rayonların, xüsusilə Gəncənin mülki əhalisinin Ermənistan tərəfindən ağır artilleriya atəşinə tutulmasına yönəldiblər.

Haaqa işğalçı Ermənistanın Gəncə terroruna etiraz edir

Məlumatlara görə, Niderlanddakı Azərbaycan diasporu Haaqada Niderland Parlamentinin yaxınlığında icazəli aksiya keçirib. Aksiya iştirakçıları Gəncə şəhərində və ölkəmizin digər yaşayış məntəqələrində Ermənistan silahlı qüvvələrinin vandalizm aktları törətməsini, mülki şəxslərin, o cümlədən, azyaşlı uşaqların və qadınların həlak olmasını, mülki obyektlərin dağıdılmasını kəskin şəkildə pisləyiblər.

Niderlandda azərbaycanlı icmasının təşəbbüsü ilə keçirilən aksiyada diaspor təşkilatlarının üzvləri və üzv olmayan soydaşlarımız iştirak ediblər.

Bildirilib ki, Azərbaycanın Gəncə və Mingəçevir şəhərlərinin, Tərtər, Goranboy, Bərdə, Yevlax, Ağdam və digər rayonların ağır artilleriya atəşinə tutulması Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar siyasətin davamıdır. Aksiya iştirakçıları beynəlxalq ictimaiyyəti Azərbaycanın haqq səsini eşitməyə və vandalizm aktlarına biganə qalmamağa səsləyiblər.

Aksiyada Azərbaycan Respublikasının dövlət himni oxunub, müxtəlif dillərdə “Qarabağ Azərbaycandır!”, “Gəncə üçün dua et!”, “Erməni terrorçuluğuna son qoyun!”, “Uşaq ölümünə son qoyun!”, “Biz terrora yox deyirik”, “İşğalçı dövləti dəstəkləməyin!”, “Ermənistan - BMT qətnamələrinə əməl et!” kimi şüarlar səsləndirilib.

Gürcüstan azərbaycanlıları da Ermənistan terroruna qarşı etiraz aksiyası keçiriblər

Gürcüstanın azərbaycanlı, osetin, Ukrayna icmalarının və mühacirətdə olan Abxaziya hökuməti nümayəndələrinin təşkilatçılığı ilə işğalçı Ermənistan ordusunun ölkəmizə qarşı təcavüzünə, Azərbaycan ərazisindəki növbəti hərbi təxribatlarına etiraz olaraq Tiflisdə parlament binasının qarşısında aksiya keçirilib. Aksiya iştirakçıları Gəncə şəhərinin və digər yaşayış məntəqələrinin Ermənistan silahlı qüvvələri tərəfindən yenidən raket atəşinə tutulması nəticəsində mülki vətəndaşların, o cümlədən, azyaşlı uşaqların və qadınların həlak olmasını, mülki obyektlərin dağıdılmasını kəskin şəkildə pisləyiblər.

Aksiyada çıxış edənlər Azərbaycanın işğal altında olan torpaqlarının geri qaytarılması uğrunda apardığı haqlı müharibəni dəstəklədiklərini bildiriblər. Aksiya iştirakçıları “Qarabağ Azərbaycandır!”, “Ermənistan terrorçu dövlətdir!”, “Azərbaycan ədalət tələb edir!”, “Mülki insanlar toxunulmazdır!”, “Erməni terroruna son!”, “Uşaq ölümünə son qoyun!” kimi şüarlar səsləndiriblər.

Onlar Gəncə və Mingəçevir şəhərlərinin atəşə tutulmasını, Gəncədə həlak olan mülki şəxslər arasında qadınların və azyaşlı uşaqların olmasını xüsusi vurğlayıb və dünya ictimaiyyətini erməni terroruna göz yummamağa çağırıblar.

Qardaş Türkiyə həmişə bizimlə həmrəydir

Bilirik ki, sentyabrın 27-də Ermənistanın növbəti təxribatının qarşısının alınması və Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi üçün Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatları Türkiyə dövləti, bu ölkənin vətəndaşları və burada yaşayan soydaşlarımız böyük ruh yüksəkliyi ilə qarşılayırlar. Qardaş ölkənin müxtəlif şəhərlərində Azərbaycan dövlətinə, ordusuna dəstək aksiyaları keçirilir və bu aksiyalarda erməni vandalizmi kəskin pislənir, dünya birliyi Ermənistan terroruna qarşı birgə mübarizəyə çağırılır.

Türkiyənin qaziləri və şəhid ailələri “Hamımız Azərbaycanıq!” deyirlər...

Türkiyənin müxtəlif şəhərlərində yaşayan qazi və şəhid ailələri dərnəklərinin rəhbərləri və üzvləri Azərbaycana dəstəklərini bildiriblər.

Dərnək üzvlərinin qəbul etdikləri bəyanatda bildirilib ki, son hadisələr Azərbaycan dövlətinin işğalda olan torpaqları azad etmək əzmini və gücünü göstərməkdədir: "Azərbaycan Prezidentinə və hökumətinə, Azərbaycan Ordusuna, Azərbaycan xalqına güvənirik və dəstəkləyirik. Prezident İlham Əliyevin rəhbərliyilə Azərbaycan Silahlı Qüvvələrinin işğalçı Ermənistana qarşı qazandığı hər zəfər türk milləti və biz qazilər tərəfindən böyük sevinc və coşqu ilə qarşılanmaqdadır”.

Bəyanat "Qəlbimiz səninlədir, Azərbaycan!", "Hamımız Azərbaycanıq!", "Hamımız Qarabağıq!" şüarları ilə yekunlaşıb.

Qeyd edək ki, məlumatlar Azərbaycan Diaspor Komitəsinin rəsmi saytından götürülüb.

Bu gün dünyanın hər yerində soydaşlarımızın Azərbaycan dövləti, ordusu ilə bağlı keçirdikləri həmrəylik aksiyaları bir daha azərbaycançılıq ideologiyasının milli həmrəylik məsələsində oynadığı təsirli rolun gücünü göstərir.

İradə SARIYEVA

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.

Mənbə: www.baki-xeber.com