Həkim siyasilər nəylə məşğuldur? - Cəbhəylə bağlı öz planları var - SORĞU

Həkim siyasilər nəylə məşğuldur? - Cəbhəylə bağlı öz planları var - SORĞU

Artıq 24 gündür ki, Azərbaycan ordusu Ermənistanın təxribatlarına cavab olaraq əks-həmlə əməliyyatlarını davam etdirir.

Hər gün zəfər xəbərləri ilə xalqımızı sevindirən ordumuz üstünlüyü ilə tarix yazmaqdadır.

Qeyd edək ki, Ermənistanın atəşə tutduğu bölgələrdəki xəstəxanalar da fəaliyyətini davam etdirir. Cəbhə bölgəsində yaralı əsgərlərimizin həyatını xilas etmək üçün orada çalışmağa can atan çoxsaylı həkim və tibb personalı var.

Bakıdan həmin xəstəxanalara həkim briqadaları ezam olunsa da, könüllü gedənlərin də sayı çoxdur. Bu gün ixtisasca həkim olan, amma arxa cəbhədə siyasi fəaliyyətlə məşğul olan tanınmışlar da cəbhə bölgəsində xidmət göstərmək arzusundadır.

İxtisasca həkim və tibb mütəxəssisi olan siyasilər Cebhe.info-nun sorğusunda iştirak edib:

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev:

“Lazım olsa, gedərik. Amma bu gün gördüyüm işin əhəmiyyəti və miqyası bir tibb işçisinin gördüyü işdən qat-qat üstündür. Ona görə, mən daha vacib işlə məşğulam. Əgər o işi görmək qıtlığı yaransa, təbii ki, edərik”.

“Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli:

“Əlbəttə, gedərəm. Hətta bununla bağlı proqramımız var. Müharibə bitəndən sonra həmçinin həkim kimi yerlərdə təmənnasız fəaliyyət göstərmək istəyirəm. Bakıdan məsləhət olan bir bölgəyə təmənnasız olaraq fəaliyyət göstərməyə gedərəm. İndinin özündə də gedərik. Baxmayaraq ki, yaşlıyıq deyirlər, amma içimizdə eşq var. Vətən qan istəyirsə, qanımızı verəcəyik, düşmən qan istəyirsə, qanını tökəcəyik”.

Tibb elmləri doktoru, “Azərbaycan Demokratiya və Rifah” (ADR) Hərəkatının üzvü Adil Qeybulla:

“Cəbhə bölgəsində çalışmaq üçün təşəbbüs və müraciət də etmişik. Sadəcə olaraq, yaşla bağlı bizə icazə vermədilər. Amma hazırda arxa cəbhədə, yəni Hərbi Hospitalda və yeni xəstəxanada yaralı əsgərlərin müalicəsi ilə məşğuluq”.

Tanınmış uroloq-cərrah, tibb elmləri üzrə fəlsəfə doktoru, “Azərbaycan Demokratiya və Rifah” (ADR) Hərəkatının üzvü Vasif İsmayıl:

“Əlbəttə. Hətta şimalda cəbhə bölgəsinə getmşdim. Amma mənə yer qalmamışdı. Artıq bütün nöqtələr dolu idi”.

Alçina Amilqızı
Cebhe.info

 

Mənbə: cebhe.info