QMİ sədri Türkiyədə mətbuat konfransı keçirib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadənin Türkiyə Cümhuriyyətinə səfəri davam edir.

QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Allahşükür Paşazadə İstanbul Böyükşəhər Müftiliyinin binasında yerli və xarici jurnalistlər üçün mətbuat konfransı keçirib.

Böyük alim İbn Haldunun adını daşıyan Universitet Kompleksinin açılış törənində iştirak etdiyini və bu elm məbədinə xeyir-dua verdiyini xatırladan QMİ sədri İslam dünyasının elm, irfan mərkəzinin millətlərimiz, dövlətlərimiz üçün xeyirlərə vəsilə olacağına inandığını dilə gətirib.

Şeyxülislam Allahşükür Paşazadə Türkiyə Cümhuriyyətinin Diyanət İşləri Başkanı Ali Erbaşın dəvəti ilə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin dini liderlərinin Məşvərət Toplantısında iştirak etdiyini, bu nüfuzlu qurumun müsəlman dünyası üçün mühüm işlər gördüyünü qeyd edib.

Son günlər Azərbaycan Ordusunun Qarabağda keçirdiyi sülhə məcburetmə əməliyyatlarına toxunan Allahşükür Paşazadə deyib: “Ermənistan tərəfdən işğal edilmiş torpaqlarımızı, təcavüzə məruz qalmış ərazilərimizi, zəbt edilmiş məscidlərimizi Dövlət rəhbəri, Ali Baş Komandan İlham Əliyevin başçılığı, əsgər və zabitlərimizin rəşadəti ilə azad etmək əzmindəyik. 30 illik müsibətlərimiz tezliklə sona yetəcək, haqq və ədalət zəfər çalacaq inşallah”.

Azərbaycan üçün bu həssas dönəmdə qardaş Türkiyə Cümhuriyyətinin verdiyi siyasi və mənəvi dəstəyi yüksək qiymətləndirən QMİ sədri Türkiyə dövlətinə, prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla hər kəsə minnətdarlığını çatdırıb: “Türkiyə xalqının Azərbaycana göstərdiyi qardaş sevgisi, uzatdığı dost əli, camilərinizin minbərlərindən ucalan dualar, oxunan xütbələr Azərbaycanlı qardaşlarınız tərəfindən heç zaman unudulmayacaq”.

Allahşükür Paşazadə Zəngilan rayonunun da artıq Ermənistan işğalından azad olduğu xəbərini jurnalistlərə çatdırıb: “Sizinlə görüşə gəlməzdən bir az öncə Azərbaycandan daha bir xoş müjdə aldım. Dövlət rəhbərimiz, Ali Baş Komandan İlham Əliyev həzrətləri xalqa canlı müraciətində Zəngilan rayonunun da artıq qəsbkarlardan təmizləndiyini elan etdi. Allah Azərbaycanı, dövlət başçımızı, xalqımızı, rəşadətli ordumuzu qorusun! Dağlıq Qarabağın işğaldan azad olan hər bir guşəsində dövlət bayrağımız dalğalansın, məscidlərimizdən azan səsləri yüksəlsin, inşallah”.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Sultan Zahidov: “Ermənistan rəhbərliyi buna hazır deyil”

SONRAKI XƏBƏR

Rusiyalı milyarder Lavrovun ikiüzlü siyasətini İFŞA ETDİ