“Şayiə yayırdılar ki, bizi də Xocalıdakı kimi qıracaqlar...“ - Zəngilanlı jurnalistlər DANIŞDI

Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev bu gün xalqa müraciətində Füzulinin 6, Cəbrayılın 7, Xocavəndin 5 kəndinin, həmçinin Zəngilan şəhərinin və Zəngilan rayonunun 6 kəndinin Ermənistan işğalından azad edildiyini bildirib. Bu xoş xəbər Azərbaycan cəmiyyətində, o cümlədən vaxtilə işğal altında saxlanılan həmin kəndlərdən olan vətəndaşlarımız tərəfindən böyük sevinc və coşqu ilə qarşılanıb.

Yenisabah.az kəndləri işğaldan azad olunan media mənsublarının təəssüratını öyrənib.

Jurnalist Ekspert Mərkəzinin sədri, əslən Zəngilandan olan Ceyhun Musaoğlu Zəngilanın və digər işğal altında olan torpaqlarımızın azad edilməsi münasibətilə ilk əvvəl bütün Azərbaycan xalqını təbrik edib:

“Ali Baş Komandan başda olmaqla əsgərlərimizə minnətdarlıq edirəm. Söhbət mənim zəngilanlı olmağımdan yox, birinci növbədə azərbaycanlı olmağımdan gedir. Düz 30 ildir ki, bizim qürurumuza toxunublar. Biz 30 ildir istəmirdik ki, qan-qada olsun. Nəhayət ki, onlara yerlərini göstərdik və mənim doğulduğum şəhər-Zəngilan işğaldan azad olundu! Mən orada doğulsam da, 4-5 yaşım olanda Bakı şəhərinə köçmüşük, atam zəngilanlı, anam bakılı olub. Bakıda böyüyüb, məktəbə gedib, işləsəm də, hər yay tətilində Zəngilana getmişəm. Mənə torpağımın işğalda olması çox təsir edirdi. Bizi sındırmağa, qürurumuza toxunmağa cəhd edirdilər, lakin bunu bacarmadılar. Cənab Prezident Zəngilanın işğaldan azad olunduğunu açıqlayanda hisslərimi cilovlaya bilmədim, bunu bacarmadım, mənim üçün çox çətin oldu, çünki mənim doğulduğum şəhər işğaldan azad olunub. O bayrağın qaldırıldığı binanı tanıyıram, çox dəhşətli mənzərədir, insanı çox xoşbəxt edən xəbər idi. Mənim bir yazım vardı, “Mən necə zəngilanlıyam ki, Zəngilansızam?”, çox sevinirəm ki, artıq o ifadəni işlətməyəcəyəm. Ona görə zəngilanlıyam ki, elə zəngilanlıyam! Azərbaycan dünyaya sübut etdi ki, azərbaycanlı olmaq fəxarətdir. Heç kim də bu sübutun qarşısında əlavə fikir səsləndirə bilmir. Artıq biz qələbədən qələbəyə doğru gedirik. Zəngilanlıların sağ əli qubadlıların, şuşalıların və digərlərinin başına! Yaxşı mənada azərbaycanlıların əli bir-birinin çiynində, başında olsun. Biz bir-birimizi sidq ürəklə qucaqlayaq. Bu vətənə, torpağa qulluq edək. Biz həmişə qorxurduq ki, bu problem bizim övladlarımıza, nəvələrimizə qala, amma qalmadı. Bundan böyük xoşbəxtlik ola bilməz. Azərbaycan ordusunu, Ali Baş Komandanımızı, bütün azərbaycanlıları, zəngilanlıları təbrik edirəm, bağrıma basıram!”

Avtosfer.az saytının rəhbəri, daha bir zəngilanlı jurnalist Elməddin Muradlı isə Yenisabah.az-a açıqlamasında hazırkı hislərini ifadə etməkdə çətinlik çəkdiyini bildirib:

“Mən ilk növbədə Ali Baş Komandanımıza, əməliyyatda iştirak edən hər bir əsgər və zabitimizə təşəkkürümü bildirirəm. Torpaqlarımızın azadlığı uğrunda şəhid olanlara rəhmət, yaralılara isə şəfa diləyirəm. Mən 12 yaşımda Zəngilan rayonundan məcburi köçkün düşmüşəm. Düz 27 il bundan əvvəl elə bugünkü gün Zəngilan mühasirəyə düşdü. Biz mühasirədə qalmışdıq. Şayiələr yayırdılar ki, bizi də Xocalıdakı kimi edəcəklər, qıracaqlar... Amma insanlar qorxmurdular. Düzdür, kənddə qadınlar az idi, daha çox kişilər qalmışdı. Biz təxminən bir həftə sonra Araz çayından keçdik, İran ərazisindən gələrək İmişlidən Azərbaycan ərazisinə qayıtdıq. Məcburi köçkün kimi ağır, keşməkeşli ömrümüz başladı. Çox şükür ki, biz bu gün Zəngilan şəhərinin azad olunduğunu eşitdik. Mənim doğulub boya-başa çatdığım kənd də azad olunub. Bu, bütün zəngilanlıları, ümumiyyətlə, azərbaycanlıları sevindirir. Ailə üzvlərimə, ata-anama zəng vurub şad xəbəri çatdırmışam, hamısı sevinc gözyaşları axıdır. 27 illik həsrətə axır ki, son qoyuldu. Çox inanıram ki, biz yaxın günlərdə torpaqlarımızı gedib görə biləcəyik. Çox yaxın zamanda orada da həyat öz axarına düşəcək. Böyük ümidim var, mən də istəyirəm ki, məcburi köçkün statusunda olan digər dostlarımı torpaqlarının azad olunması münasibətilə təbrik edim. Ümid edirəm ki, Azərbaycan Ordusu bu sevinci hamıya yaşadacaq”.

Sayad HƏSƏNLİ

Yenisabah.az

ƏVVƏLKİ XƏBƏR

İyirmi yeddi ildən sonra gələn azadlığın adı - Zəngilan

SONRAKI XƏBƏR

Ermənistanın məğlubiyyətinə Paşinyanın qızı üsyan etdi: "Xəyallarım məhv oldu"