Sultan Zahidov: “Ermənistan rəhbərliyi buna hazır deyil”

Sultan Zahidov: “Ermənistan rəhbərliyi buna hazır deyil”

“Beynəlxalq münasibətlərdə güc kifayət qədər effektiv mexanizmdir. Xüsusilə də o dövlət əgər danışıqlara konstruktiv yanaşmırsa, terrorçuluq əməllərini davam etdirirsə, elə olan halda, beynəlxalq hüquq və beynəlxalq institutlar effektiv şəkildə bu məsələni həll edə bilmirsə, o zaman digər dövlət məcbur şəkildə gücə əl atmalıdır. Biz bunu Əfqanıstana və digər dövlətlərə müdaxilələr timsalında gördük”.

Bu fikirləri Publika.az-a Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi Sultan Zahidov prezident İlham Əliyevin TASS informasiya agentliyinə verdiyi müsahibəsini şərh edərkən bildirib.

S.Zahidovun sözlərinə görə, bu gün Azərbaycanın atdığı addım da məhz bu baxımdan sırf sülhə məcbuetmə əməliyyatıdır: “Bu baxımdan, Azərbaycan öz ərazilərində terrora qarşı mübarizə aparır və öz ərazilərini düşmən üzvlərdən təmizləyir. Mən düşünürəm ki, güc bu cür beynəlxalq hüquqa riayət etməyən dövlətləri əhliləşdirməyə qadirdir. Azərbaycan dövləti, ordusu da öz gücünü göstərir. Bu səbəbdəndir ki, bu gün Ermənistanda panika və xaos hökm sürməkdədir. Eyni zamanda dövlətin daxilində artıq siyasi qüvvələr arasında çaxnaşma yaranmaqdadır”.

Dünən Paşinyanın digər siyasi partiyaların nümayəndələri ilə görüşdüyünü diqqətə çatdıran S.Zahidov qeyd edib ki, onların arasında xeyli narazılıqlar yaranıb: “Məsələn, radikal “Daşnaksütun” partiyasının nümayəndəsi deyib ki, heç bir halda Qarabağı əldən vermək olmaz. Bu, Azərbaycanın effektiv şəkildə güc tətbiq etməsinin bəhrəsidir ki, Ermənistanı, xüsusilə də müəyyən kəsimləri vadar edir ki, konstruktiv danışıqlara başlamaq lazımdır. Sözsüz ki, hərbi-siyasi rəhbərlik buna konstruktiv baxmır. Mən müəyyən kəsimlər deyəndə daha çox Ermənistandakı o anaları nəzərdə tuturam ki, onlar özləri də artıq öz övladlarını döyüşlərə göndərmək istərmirlər. Ermənistan hərbi-siyasi rəhbərliyinin bu cür qeyri-konstruktiv addım atması, əslində, yeni bir şey deyil. Tarixən həmişə onlar beynəlxalq hüquqa və konvernsiyalara, razılaşmalara əməl etməyiblər. Onlar bir növ vaxt uzadaraq, digər dövlətlərin onlara kömək etməsini istəyirlər. Amma bu da uğur gətirən deyil, artıq beynəlxalq ictimaiyyət, hətta Fransa belə, mövqeyini dəyişdi, Emmanuel Makron Ali Baş Komandanla danışığında neytrallığını ortaya qoyacağını bildirdi. Bu, o deməkdir ki, beynəlxalq ictimaiyyət də Ermənistanın mövqeyini qeyri-konstruktiv olduğunu görməkdədir. Azərbaycanın haqlı mübarizəsini anlamaqdadır”.

S.Zahidov vurğulayıb ki, Paşinyanın hazırkı çıxışlarında yalançı, ikiüzlü olduğu aydın görünür: “Az öncə, Prezident özü də Tass agentliynə verdiyi müsahibəsində vurğuladı ki, Paşinyanın hazırkı bəyanatları Ermənistan rəhbərinin ikiüzlü olduğunu bir daha nümayiş etdirir. Yəni humanitar atəşkəs imzalanır, amma ondan sonra qeyri-konstruktiv çıxışlar davam edir. Paşinyan bu cür bəyanatlar verir ki, Dağlıq Qarabağın müstəqilliyi tanınsın. Digər dövlətlərə yalvarır, onlara müraciət edir ki, Dağlıq Qarabağın müstəqillyini tanısınlar. Yəni bu kimi qeyri-konstruktiv yanaşmalarla heç bir halda münaqişənin siyasi yolla həlli mümkün deyil. Prezident açıq şəkildə bəyan etdi ki, Ermənistan rəhbərliyi rəsmi şəkildə bəyan etməlidir ki, Qarabağ Azərbaycandır!”, “Ermənistan qoşunları qısa zamanda işğal olunmuş rayonları tərk etməlidir, yalnız bundan sonra masada siyasi danışıqlardan söhbət gedə bilər. Hələ ki, Ermənistan rəhbərinin qeyri-konstruktiv mövqeyi, sərsəm ritorikası, çıxışları deməyə əsas verir ki, Ermənistan rəhbərliyi danışıqlara, münaqişənin siyasi yolla həlinə hazır deyil”,- politoloq əlavə edib.

Şamo Emin

Mənbə: publika.az