Zəngilanlı professor Qulu Məhərrəmli: “Doğulduğum, boya-başa çatdığım rayonla bağlı qələbə xəbəri gələndə...”

“Son günlər bu qənaətə gəlmişəm ki, dünyanın ən gözəl xəbəri qələbə xəbəridir”.
Bu sözləri əslən Zəngilandan olan professor, tanınmış media eksperti Qulu Məhərrəmli Zəngilan şəhərinin işğaldan azad olunması ilə bağlı Musavat.com-a danışarkən bildirib.
Onun sözlərinə görə, qələbə çox zaman bir insan üçün deyil, bütün xalq, dövlət və cəmiyyət üçün olur:
“O baxımdan Zəngilanın, daha öncə isə Cəbrayılın və Füzulinin, Xocavəndin kəndlərinin işğaldan azad olunmasına belə xəbər kimi yanaşıram. Əlbəttə, doğulduğum, boya-başa çatdığım rayonla bağlı qələbə xəbəri gələndə bu sevincə bir qədər də artıq hisslər əlavə olunur. Çünki sən o yerlərə birbaşa bağlısan, uşaqlığın, gəncliyin orada keçib. Bunlar qələbə sevincindən də əlavə, başqa duyğular yaradır. Bizim orada evimiz var, valideynlərimizin məzarları oradadır. Orada bizim uşaqlığımız keçib. O çay, o təpələr, o yollar, o torpaqlar gözümüzdə canlanır. Mən bizə bu sevinci yaşatdığına görə, Azərbaycan ordusuna, onun əsgərlərinə, zabitlərinə, generallarına, Ali Baş Komandana, bu qələbədə iynə ucu boyda əziyyəti, köməyi olan hər kəsə minnətdarlığımı bildirirəm. Arzulayıram ki, tezliklə Şuşa da, Laçın da, Xankəndi də, Ağdam da, Kəlbəcər və işğal altında olan digər torpaqlarımız da tezliklə azad olunsun ki, Azərbaycan xalqının sevinci bütöv bir dairədə tamamlansın. Biz işğalçı düşməni Azərbaycan torpaqlarından çıxaraq və nəhayət ki, normal dövlət quruculuğu, cəmiyyət quruculuğu ilə məşğul olaq”.
Q.Məhərrəmlinin sözlərinə görə, bu günlərdə önəmli olan həm də odur ki, xalqın birliyi, savaş əzmi, bir yumruq kimi birləşməsi müşahidə olunur: “Bunu xüsusi qeyd edirəm ki, ordunun arxasında böyük bir dövlət, yumruq kimi birləşmiş bir cəmiyyət, yüksək döyüş ruhunda olan arxa cəbhə dayanır. Bunlarsız əlbəttə ki, qələbə mümkünsüzdür. Bu qələbədə hər kəsin ayrıca rolu var”.
Professor qələbəyə və torpaqlarımızın tam olaraq işğaldan azad olunacağına inamını da ifadə edib və fikirlərini ciddi arqumentlərlə əsaslandırıb:
“Çünki indiki döyüşlərin məntiqi və gedən proseslər buna əsas verir. Ermənistan indiyə qədər 6 min əsgərini, çoxlu sayda zirehli texnikasını itirib, yüzlərlə tankı əldən gedib, piyada döyüş maşınları, topu, zirehli texnikası, artilleriyası sıradan çıxarılıb. Bundan sonra Laçın koridoru atəş altında qalanda inanmıram ki, oradan texnika və ya canlı qüvvə keçirə bilsiblər. Ona görə də, müharibənin gedişatı Azərbaycanı qalibiyyətə doğru aparır. O da göz qabağındadır ki, Azərbaycan ordusu çox yaxşı təmin olunub, texniki baxımdan təminat çox yüksəkdir. Bizim yaxşı döyüş aparan xüsusi təyinatlı əsgərlərimiz var. Digər tərəfdən də haqq işi uğrunda döyüşürük. Azərbaycan öz torpağında, öz torpaqlarını azad etmək uğrunda döyüşür. Bu, böyük bir mənəvi gücdür və Azərbaycan ordusu da buna istinad edir. Cəmiyyətdəki böyük birlik ruhu da bu mənada xüsusi rol oynayır. Kəlbəcər, Laçın , Şuşa dağlıq ərazilərdir və coğrafi relyefi elədir ki, döyüş aparmaq bir qədər çətindir. Ancaq aparılan döyüşlərin texnologiyası ona imkan verir ki, Azərbaycan ordusu hazırkı üstünlüyünü real qələbəyə çevirsin. Başqa variant yoxdur və ola da bilməz”.

Cia.az

ƏVVƏLKİ XƏBƏR

Ermənistan vergi güzəştlərini ləğv edir - Büdcə tükənir

SONRAKI XƏBƏR

Atəşkəsə nəzarət mexanizmi - Lavrovun indiki planı nədir?