Ordumuz 28 il əvvəl Xocalıda yüzlərlə dinc azərbaycanlını qətl etmiş erməni canilərini Qarabağda cəzalarına çatdırdı - konkret adlar…

Ordumuz 28 il əvvəl Xocalıda yüzlərlə dinc azərbaycanlını qətl etmiş erməni canilərini Qarabağda cəzalarına çatdırdı - konkret adlar…

Akif Nağı: “Xocalı qətliamında yaxından iştirak edənlərin, əlləri xalqımızın qanına batanların bir qismi Azərbaycan Ordusu tərəfindən məhv edilib”

1992-ci ilin 26 fevralında Azərbaycanın Qarabağ regionunda yerləşən Xocalı şəhərində erməni terrorçularının azərbaycanlılara qarşı törətdikləri kütləvi qətliam, soyqırım dünyanın ən dəhşətli hərbi cinayətlərindən biri olsa da, təəssüf ki, 28 il bu cinayətləri törədənlər əli-qolu açıq şəkildə gəzdilər. Beynəlxalq birliyin cəzalandırmadığı erməni canilərini bu gün qalib Azərbaycan Ordusu cəzalandırır.

28 il əvvəl Xocalıda azərbaycanlılara qarşı soyqırım törədənləri Paşinyan hökuməti “qoca könüllülər” adı altında Qarabağ cəbhəsinə göndərdi. Azərbaycan Ordusu isə “qoca könüllülər”in xeyli hissəsini məhv edib və bununla da cinayəti cəzasız qoymayıb.

Bu gün Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda apardığı hərbi əməliyyatlar uğurla davam edir.

Məlumatlara görə, Milli Ordumuzun əks-hücumları zamanı Xocalı soyqırımının iştirakçısı olmuş və hərbi əməliyyatlar başlayandan sonra ön xəttə gələn bir qrup erməni hərbçisi məhv edilib.

Ermənistan tərəfdən öldüyü təsdiqlənən bu hərbçilərin Xocalı soyqırımının iştirakçısı olmaları üzə çıxıb. Belə ki, Torosyan Radik Papinoviç, Qriqoryan Xaçak Formikoviç, Mayılyan Rubik Hovannisoviç, Badoyan Nver Artaşeviç, Melkonyan Serob Məlikoviç, Matevosyan Lernik Martikoviç, Petrosyan Abet Vrejeviç, Poğosyan Arşavir Aşotoviç, Mnoyan Muşeq Lavrentoviç, Qriqoryan Qaqik Fridonoviç, Sirekanyan Qaqik Vaanoviç, Karapetyan Edo Armenoviç, Becanyan Samvel Borikoviç, Asatryan Simon Geqamoviç, Arakelyan Norayr Vladimiroviç, Aleksandr Harutyunyan, “körpə” ləqəbli Mher Harutyunyan, “qara panter” ləqəbli Rüstəm Qasparyan, Aleksandr Harutyunyan və başqaları 1992-ci ildə Azərbaycan xalqına qarşı qətliamlar həyata keçirilərkən işğalçı Ermənistan ordusunda müxtəlif postları tutublar. Ordumuz tərəfindən öldürülən cinayətkarlar arasında “Martik Kamo” ləqəbli Kamo Nayra da var.

Beləliklə, artıq Azərbaycan Ordusu Xocalının, Xocalıda soyqırıma məruz qalan insanlarımızın qisasını alıb və almaqda da davam edir. Hələ Zori Balayan, Robert Köçəryan, Serj Sarkisyan və başqaları törətdikləri cinayətlərə görə cəzalarına çatmayıblar. Bizim ziyalılar deyirlər ki, onları öldürmək lazım deyil, torpaqlarımızın tam olaraq terrorçu Ermənistanın işğalından azad edilməsindən sonra onların özlərinin ürəyi partlayıb öləcəklər. Bu cinayətkarlar diri gözlü ölməlidirlər...

Əlbəttə, atalarımızın “nahaq qan yerdə qalmaz” kimi özünü əsrlərin sınağından keçərək qoruyan zərb-məsəlinin nə qədər həqiqəti əks etdirdiyinin şahidi oluruq. Heç qisas da qiyamətə qalmır. Bunu da atalarımız deyib.

“...bütün şəhidlərimizin qisası cinayətkarlardan alınır”

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı “Bakı-Xəbər”ə bildirdi ki, dünyada İlahi əıdalət deyilən bir ifadə var, biz bu gün onun gücünü görürük: “Amma bir çox halda görürük ki, ədalətsizliyin, haqsızlığın hökm sürdüyü dünyada cinayətkarlar öz layiqli cəzalarını almırlar. Çünki onların arxasında beynəlxalq himayədarları, böyük dövlətlər dayanırsa, belələrinin cinayətlərinə beynəlxalq qurumlar göz yumurlarsa, dünyanın gözü qarşısında insanlığa, bəşəriyyət əleyhinə cinayət törədənlərin cəzalandırılması çox çətin olur. Xüsusən də Azərbaycan dövlətinə, xalqına qarşı ağır cinayətlər törətmiş xeyli sayda erməni terrorçusu var. Onların bir qismi uzun müddət Ermənistanda hakimiyyətdə olub, bir hissəsi hələ də hakimiyyətdədir. Biz bunu həmişə qəzəb hissi ilə deyirdik ki, Xocalı soyqırımında birbaşa iştirakı olanlar öz cəzalarını almalıdırlar. Təəssüf hissilə bildirirdik ki, necə ola bilər, bu cinayətkarlar cəzasız qalır? Azərbaycan xalqına qarşı soyqırım törədənlərin Ermənistanda, Rusiyada dövlət vəzifələrində olması, onların cəzalandırılmaması xalqımızı qəzəbləndirirdi. Bu cinayətkarların özləri açıq etiraf edirdilər ki, Xocalı soyqırımında iştirak ediblər. Amma görürsünüz ki, Xocalı qətliamında yaxından iştirak edənlərin, əlləri xalqımızın qanına batanların bir qismi Azərbaycan Ordusu tərəfindən məhv edilib, canilər cəzalarına çatdırılıb. Amma hələ də bir hissəsi cəzasız qalıb. Azərbaycan xalqı da, dövləti də terrorçu deyil. Düzdür, əvvəllər ictimaiyyət arasında bəzi insanlar deyirdilər ki, Xocalı soyqırımında iştirak edən adamların cinayətlərinə beynəlxalq aləm susursa, biz özümüz onları tapıb cəzalandırmalıyıq. Amma Azərbaycan xalqı terrora meylli deyil, bu bizə yaddır. Terror ermənilərə xas olan eybəcər bir xüsusiyyətdir

Bu gün artıq zaman gəlib yetişdi, İlahi ədalət bərpa olundu və cəbhədə döyüş şəraitində üz-üzə Xocalı soyqırımını törətmiş cinayətkarların bir hissəsi ordumuz tərəfindən cəzalarına çatdırıldı. Ordumuz tərəfindən Xocalı soyqırımının günahsız qurbanlarının, bütün şəhidlərimizin qisası cinayətkarlardan alınır.

Hesab edirəm ki, hələ də kənarda qalan cinayətkarlar da ordumuz tərəfindən hökmən məhv ediləcək”.

A.Nağının sözlərinə görə, işğalçı ordunu tam olaraq torpaqlarımızdan çıxardıqdan və qələbə qazandıqdan sonra Azərbaycan xalqına qarşı hərbi cinayətlər, soyqırım və qətliamlar törədən Serj Sarkisyan, Köçəryan, Ohanyan, Samvel Babayan və yüzlərlə digər hərbi caninin də cəzası Azərbaycan dövləti tərəfindən veriləcək.

İradə SARIYEVA

Mənbə: www.baki-xeber.com