Paşinyanın İlham Əliyevlə Moskvada görüşmək istəyinin mümkün nəticələri…

Paşinyanın İlham Əliyevlə Moskvada görüşmək istəyinin mümkün nəticələri…

Əhəd Məmmədli: “O sadəcə Rusiyadan yapışıb, nəyin bahasına olursa-olsun bu məsələni dayandırmağa çalışır”

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ məsələsinə görə görüşə bilərlər. Bu barədə TASS agentliyi məlumat yayıb.

Nikol Paşinyan deyib ki, bunun Rusiyanın vasitəsilə olmasını istəyir: "Dağlıq Qarabağ problemi yalnız sülh yolu ilə həll olunmalıdır, bu bizim mövqeyimizdir. Təəssüf ki, Azərbaycan bu nöqteyi-nəzərlə razı deyil. Mən belə bir nəticəyə gəlmək üçün lazımi səyləri göstərməyə, o cümlədən getməyə, görüşüb danışmağa hazıram". O həmçinin qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli güzəştə dayanmalıdır, tərəflərdən birinin kapitulyasiyasına yox.

İlham Əliyev də Bakının Moskvada erməni tərəfi ilə danışıqlara hazır olduğunu bildirib: "Biz qarşıdurmaya son qoymaq, həll yollarını tapmaq üçün Moskvada, istənilən başqa yerdə görüşməyə həmişə hazırıq". Prezident qeyd edib ki, Bakı istənilən kontaktlara hazırdır: "Bu halda mən belə bir dəvət almamışam, ona görə də sual mənə ünvanlanmayıb. Bir neçə dəfə şəxsən Rusiya prezidenti Vladimir Putin, ondan əvvəl Dmitri Medvedev Ermənistan və Azərbaycan rəhbərləri ilə üçtərəfli görüş keçiriblər. Ancaq Ermənistanda hakimiyyət şərti "Soros"un əlinə keçdikdən sonra bu cür kontaktlar dayandı".

Onun sözlərinə görə, Rusiya həmişə münaqişənin həllində önəmli rol oynayıb: "Bunun üçün obyektiv səbəblər var - həm tarixi, həm coğrafi. Həmçinin belə bir səbəb də var ki, Rusiya uzun illərdir bizim regionda aktiv fəaliyyətdədir və yüksək qarşılıqlı əlaqələr mövcuddur. Ona görə biz istənilən kontakta hazırıq".

İlham Əliyev xatırladıb ki, xarici işlər nazirlərinin görüşünün təşkili barədə təklifə Azərbaycan tərəfi dərhal razılaşıb: "Bu bizim mövqeyimizdən xəbər verir, çünki o zaman Azərbaycan Ordusu artıq bir sıra strateji yüksəklikləri azad etmişdi. Münaqişə artıq on gündən çox idi davam edirdi və demək olar ki, kimin nəyə qadir olduğu hər kəsə aydın idi. Hərbi əməliyyatların sonrakı inkişafını təxmin etmək də çətin deyildi. Amma buna baxmayaraq, biz vaxt uzatmadıq, nə də imtina etdik”.

Göründüyü kimi, İlham Əliyev istər Moskvada, istərsə də başqa bir yerdə danışıqlara hazır olduğunu bildirib və şərtlərinin dəyişməz qaldığını bəyan edib. Bu formada görüş istəyən Paşinyanın bizim şərtləri tam qəbul edəcəyi nə dərəcədə inandırıcıdır? Etməyəcəksə, bu görüşü niyə istəyir?

Politoloq Əhəd Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Prezidentin rəhbərliyi altında fəaliyyət göstərən Azərbaycan diplomatiyası bu məsələdə çox ağıllı addımlar atır: “Fikir verirsinizsə, biz heç bir görüşdən imtina etmirik. Görüşə getməyimiz isə dərhal hərbi əməliyyatların dayandırılmasını şərtləndirmir. Əldə olunan humanitar atəşkəs bir neçə dəfə məhz ermənilər tərəfindən pozulub. Paşinyanın bu istəyinə də biz müsbət cavab vermişik. Ancaq şərtlərimizin qüvvədə qaldığı şərtini də irəli sürməklə. Şərtlər çox doğrudur. Mən inanmıram ki, Paşinyan bizim şərtləri qəbul edəcək. O sadəcə Rusiyadan yapışıb, nəyin bahasına olursa-olsun bu məsələni dayandırmağa çalışır. İstəyi budur ki, qəbul etmədiyi formata yenidən qayıtsın. Artıq reallıqlar başqadır. Əvvəlki formata qayıtmaq qeyri-mümkündür. Üstünlük bizim tərəfdədir, uzun illərdən bəri mövcud olan status-kvo artıq dağılıb, yoxdur. 5+2 formatına ona görə qayıtmaq mümkün deyil ki, artıq işğal edilmiş iki rayonu biz əsgərlərimizin qanı bahasına geri almışıq. Hadrut və Xocavəndin kəndlərini də saysaq vəziyyətin tam başqa olduğunu görürük. Paşinyan növbəti erməni hiyləsini ortaya atır. Üzərinə bizim irəli sürdüyümüz şərtlərə əməl etməklə bağlı öhdəlik götürmədən atəşkəsə nail olmaq istəyir. Ancaq vaxt udub, özlərinə gəlməyi hədəfləyir. Biz buna gedən deyilik. Paşinyan müharibə istəmirsə, xoşluqla işğaldan əl çəksin və torpaqları boşaltsın. Bunu etmirsə, deməli, öz xeyrinə imitasiya ilə məşğuldur ki, çətin vəziyyətdən çıxa bilsin”.

Azərbaycanın mövqeyi qətidir. Biz bütün sülh danışıqlarından da imtina etmirik. Bunu etsək, Ermənistan bizi sırf müharibə tərəfdarı olan ölkə kimi qələmə verməyə çalışar. Ancaq danışıqlar prosesində də kiminsə bizi aldatmağına imkan vermək fikirimiz yoxdur.

Məhəmmədəli QƏRİBLİ

Mənbə: www.baki-xeber.com