Başdan-ayağa antirusiyaçı Paşinyana Rusiya rəsmilərindən dəstək – Prezidentin əsaslı təəccübünə Rusiyadan reaksiyalar gözlənilir...

Başdan-ayağa antirusiyaçı Paşinyana Rusiya rəsmilərindən dəstək – Prezidentin əsaslı təəccübünə Rusiyadan reaksiyalar gözlənilir...

Elşad Musayev: “Hər halda, Rusiyanın dərin dövləti də anlayır ki, Azərbaycanı və Türkiyəni Ermənistanın haqsız mövqeyinə görə itirmək onlar üçün sərfəli deyil”

Prezident İlham Əliyev TASS informasiya agentliyinə müsahibəsində bildirib ki, bu gün Ermənistan hakimiyyətində təmsil olunan insanlar vaxtilə Rusiya səfirliyinə yumurta atır, “Rusiyalı işğalçılar, rədd olun” şüarları ilə çıxır edirdilər:

“Buna görə də mən, düzünü desəm, Rusiyanın siyasi isteblişmentinin müəyyən hissəsinin bu cinayətkar terrorçu rejimi dəstəkləməsinə təəccüblənirəm. Onların gecə vaxtı Gəncə şəhərinə ballistik raketlərdən zərbə endirməsi, özü də mümkün qədər daha çox insanı məhv etmək üçün yaşayış massivlərinə bilərəkdən zərbə endirməsi qanlı cinayətdir. Onlar bu cinayətə görə hazırda döyüş meydanında cavab verirlər. Əgər ağıllarını başlarına yığmasalar, onların sonu çox acınacaqlı olacaq. Biz baza prinsiplərinə tərəfdarıq, hesab edirəm ki, nizamlama mümkündür. Lakin bunun üçün erməni tərəfi elə indi, nə qədər ki, gec deyil, nə qədər ki, qarşımızda diz çöküb bu prinsipləri qəbul etmək və münaqişəni qaynar fazadan siyasi nizamlama mərhələsinə keçirmək üçün onun hələ vaxtı var”.

Göründüyü kimi, İlham Əliyev Rusiyanın siyasi sistemində Ermənistana dəstək verən şəxslərin olduğunu bildirir. Prezidentin əsaslı təəccübünə Rusiyadan hansı reaksiyanı gözləmək olar?

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Prezidentin bu təəccübü tam əsaslıdır: “Əslində Rusiya kimi ölkə belə detallara ciddi fikir verməlidir. Ermənistanda Paşinyan hakimiyyətə gələndən sonra, tamamilə anti-Rusiya ovqatı hökm sürdü. Dəfələrlə Rusiya bazalarının ölkədən çıxarılması məsələsi ortaya atıldı. Sonra Rusiya telekanalları efirdən yığışdırıldı. Bütün bunları edən ölkəyə Rusiya yiyəlik edirdi. Paşinyan Qarabağ məsələsi ilə bağlı nizamlanma prosesində də Rusiyanın da həmsədri olduğu danışıqlar prosesini pozmağa başladı. Özündən yeni formatlar təklif etdi. Ən sonda isə bizə qarşı yeni ərazi iddiaları irəli sürdü. Hazırda Ermənistan çox çətin günlərini yaşayır. Fikir verirsinizsə, yenə Rusiyanın ətəyindən yapışıb yalvarır. Müxtəlif cildlərə girərək, atəşkəsə nail olmaq istəyir. Çox təəssüflə qeyd etməliyik ki, Rusiya hakimiyyətinin bəzi dairələri hələ də Ermənistanı açıq dəstəkləməklə məşğuldur. Rusiyadan Ermənistana belə məqamda silahların göndərilməsi də bu əlaqələrdən qaynaqlanır. Rusiya hakimiyyəti fərqinə varmalıdır ki, Paşinyan mahiyyət etibarı ilə antirusiyaçıdır. İstəyi də budur ki, bu münaqişənin ekalasiyasını böyüdüb, Rusiyanı prosesə cəlb etsin. Hər halda, Rusiyanın dərin dövləti də anlayır ki, Azərbaycanı və Türkiyəni Ermənistanın haqsız mövqeyinə görə itirmək onlar üçün sərfəli deyil. Hesab edirəm ki, Rusiyanın ali siyasi dairələri belə həssas məqamda Ermənistanla bağlı ifadə olunan bütün mövqelərə diqqətlə nəzər yetirməlidir. Çünki Paşinyan kimi diletantdan onlara heç vaxt fayda gələ bilməz. Azərbaycanla Rusiya arasındakı münasibətlərin dərin kökləri var və bizim xalqlarımız arasında möhkəm dostluq əlaqələri mövcuddur. Rusiya təsir imkanlarından istifadə edib, Ermənistanı haqqa dəvət etməlidir. Bildirməlidir ki, onların dinc yolla işğaldan əl çəkməkdən başqa çarələri qalmayıb. Ermənistana hər hansı formada verilən dəstək faydasızdır və əksinə, belə amillər Rusiyanın başqa ölkələrlə münasibətlərini korlaya bilər”.

Antirusiya ovqatlı Paşinyanın hazırda Moskvaya yalvarışçı düşməsi onun şəxsiyyətindəki deqradasiyadan xəbər verir.

Məhəmmədəli QƏRİBLİ

Mənbə: www.baki-xeber.com