Ərəb ölkələrində erməni təbliğatı niyə güclüdür?

Sentyabrın 27-dən başlayan Vətən müharibəsi Azərbaycan üçün həm də dost və düşmənlərin bir daha tanınması üçün fürsət oldu.
Əlbəttə, dost və düşmən siyahısında elə də ciddi dəyişiklik olmadı. Azərbaycana dost olan Türkiyə, Pakistan, Əfqanıstan, Ukrayna, Moldova, Malayziya, Macarıstan kimi dövlətlər ölkəmizin haqlı mövqeyini ilk günlərdən dəstəklədilər.
Əlbəttə, Azərbaycanın mövqeyi haqlıdır və qüvvədə olan BMT qətnamələri, beynəlxalq təşkilatların, o cümlədən müsəlman dünyasını birləşdirən İslam Əməkdaşlıq Təşkilatının qəbul etdiyi qətnamə və qərarlara əsaslanaraq ədalət naminə daha çox ölkənin Azərbaycanı dəstəkləməsi lazımdır.
Çünki konkret olaraq indiki halda Azərbaycana dəstək həm də beynəlxalq hüquq və sənədlərə hörmətdir.
Təbii ki, ilk günlərdən Azərbaycan vətəndaşları ölkəmizi daha çox hansı dövlətlərin dəstəklədiyi, xüsusən də müsəlman ölkələrinin reaksiyası ilə maraqlanıb.
Qeyd edək ki, ötən 25 gün ərzində bir çox müsəlman ölkələrindən müxtəlif səviyyələrdə həmrəylik və dəstək mesajları gəlib. O cümlədən, İran, İraq, Səudiyyə Ərəbistanı, Qətər dövlətləri müxtəlif səviyyələrdə Azərbaycanı dəstəkləyən bəyanatlar verib.
Amma əlbəttə, bu, hamısı deyil. Bəzi ölkələr hələ də mövqe bildirməyə tələsmir. Bəzi ölkələrdə isə təəssüf ki, neqativ tonlu açıqlamalar olub. Məsələn, Suriya prezidenti və daha sonra onun siyasi məsələlər üzrə müşaviri Buseyna Şaban hazırda davam edən Ermənistan-Azərbaycan münaqişəsini Türkiyənin Azərbaycana silahlı muzdluları göndərməsi kontekstindən şərh etmişdi.
Qeyd etmək lazımdır ki, Azərbaycan müstəqilliyin ilk illərindən etibarən müsəlman dünyası ilə yaxından əməkdaşlıq edib. Rəsmi Bakı həm İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində, həm də ayrı-ayrılıqda müsəlman ölkələri ilə isti münasibətlər qurub. Fələstin mövzusunda aktiv çıxış edib, Bakıda Fələstinə dəstək konfransı keçirilib, maddi yardımlar edilib.
Eyni zamanda İƏT çərçivəsində fəal iş görülüb, İƏT Gənclər Forumu yaradılıb və müsəlman ölkələri gənclər təşkilatları ilə iş qurulub.
Lakin bununla belə hətta İƏT çərçivəsində belə Azərbaycanla bağlı sənədlərdə bəzi hallarda qeydlər və ehtiyatlı münasibət olub. Eyni vəziyyət təəssüf ki, indiki müharibə zamanı da oldu. Bunun isə iki əsas səbəbi var. Birinci amil erməni diasporudur. Bütün dünyada olduğu kimi, müsəlman şərqində də erməni icmaları xeyli dərəcədə aktivdir. Livan, Suriya, hətta İraqda ciddi sayda erməni icması və onların siyasi hakimiyyətə təsir imkanları mövcuddur.
Bu səbəbdən də ermənilər hər yerdə olduğu kimi, ərəb ölkələrində də hər fürsətdə Azərbaycana qarşı əks-təbliğat aparıb. Ölkəmizi gözdən salmaq üçün məqsədyönlü iş aparıblar.
İkinci mühüm amil Türkiyədir. Azərbaycanın Türkiyə ilə yaxınlığı, hazırda davam edən müharibədə Türkiyənin Azərbaycanı dəstəkləməsi Ankaranın regional rəqiblərini narahat edir.
Türkiyənin mövqelərinin güclənməsi, Türkiyədə istehsal olunan müasir silahların döyüşdə özünü göstərməsi heç şübhəsiz ki, bəzi paytaxtlarda narahatlıqla qarşılanır. Xüsusən də son illərdə Türkiyə ilə münasibətlərində ciddi soyuqluq olan ölkələrdə. Bu səbəbdən də bəzi ölkələrdə açıq şəkildə olmasa da, yarı müstəqil mediada Türkiyə faktoru tənqid olunur.
O da məlumdur ki. hər nə qədər dini və tarixi bağlarımız yaxın olsa da, Azərbaycanın bir çox müsəlman ölkələrində təşkilatlanmış diasporu yoxdur. Bu səbəbdən də erməni diasporu ölkəmizə qarşı yalan məlumatları müxtəlif vasitələrlə tirajlayır. Xüsusən də ərəb-müsəlman aləmində həssaslıqla qarşılanan Suriyadan islamçı muzdluların Türkiyə vasitəsilə Azərbaycana göndərilməsi yalanı təəssüf ki, geniş yayıldı.
Təbii ki, indi Azərbaycan beynəlxalq siyasi arenada, xüsusən də müsəlman aləmində ciddi nüfuza malikdir, üstəlik uzun illərdir münaqişələrdən və beynəlxalq birliyin ədalətsiz rəftarından şikayət edən ərəb-müsəlman ölkələrinin Azərbaycanın haqlı mövqeyini açıq şəkildə danması mümkün deyil. Lakin ədalətsizlik qarşısında susmaq özü də tərəfdir. Bu mənada yəqin ki, rəsmi Bakı Prezident İlham Əliyevin də işarə etdiyi kimi, bu gün ölkələri davranışlarını izləyir.
Bugünkü vəziyyət gələcəkdə Azərbaycanın xarici siyasətində öz təsirini qoyacaq.
Ancaq baş verənlər göstərdi ki, din və ya etnik amil (Orta Asiya türk respublikaları nümunəsində - K.R.) bizi arxayın etməməli, Şərq ölkələrinə yaxın olmaq, bizə mənəvi baxımdan daha yaxın olan bu ölkələrdə Azərbaycan həqiqətlərini çatdırmaq, hiyləgər düşmənin mənfi təbliğatını ifşa etmək üçün ciddi işlər görülməlidir.

Cia.az

ƏVVƏLKİ XƏBƏR

AKP-çi başqandan Azərbaycanla bağlı möhtəşəm addım

SONRAKI XƏBƏR

ABŞ Tehrana xəbərdarlıq etdi