"Putin deyir ki, ermənilər Sumqayıtda və Qarabağda qırğına məruz qalıblar. Yalandır" - CAVAB

Bir az əvvəl Rusiya Prezidenti V.V.Putinin Qarabağ problemi ilə bağlı çox yanlış və qərəzli sözlərini dinlədim. Sabah ona rus dilində daha ətraflı cavab hazırlayacam. Hələlik isə izləyicilərdən xahiş edirəm ki, müxtəlif dillərdə indi səsləndirdiyim fikirləri bütün səhifələrdə, xüsusilə bu qərəzli fikirləri tirajlayan ermənipərəst Rusiya mətbuatının səhifələrində yaysınlar.

Birincisi, V.V.Putinin dediyi kimi bu, milli zəmində yaranmış etnik mübahisə deyil və uzun illər edilən cəhdlərin nəticəsində ermənilərin Azərbaycan torpaqlarını, o cümlədən Dağlıq Qarabağı öz ərazilərinə qatmaq məqsədi güdən ərazi münaqişəsidir.

İkincisi, Putin çıxışından deyir ki, ermənilər Sumqayıtda və Dağlıq Qarabağda qırğına məruz qalıblar. Bu da yalandır. Bunu elə o dövrlər SSRİ Baş Prokurorunun müavini, SSRİ-nin Baş Hərbi Prokuroru Aleksandr Filippoviç Katusev öz çıxışlarında dəfələrlə, o cümlədən hadisələrdən dərhal sonra demişdir. Dağlıq Qarabağda ilk insanların – Bəxtiyar Quliyev və Əli Hacıyevin ölümünün 22 fevralda 1988-ci ildə Əsgəran rayonunda baş verdiyini ilk dəfə A.F.Katusev Sumqayıt hadisələrindən bir gün əvvəl, 27 fevral 1988-ci ildə SSRİ TV-nin ekranından səsləndirmişdir.

Üçüncüsü, ilk dəfə azərbaycanlılar hələ 1987-ci ildə Ermənistandan qovulmağa başlamışdı və 1988-ci ilin yanvar, fevral aylarında bu kütləvi hal aldı.

Dördüncü, Sumqayıt hadisələrinin istintaqını SSRİ Baş Prokurorluğu aparıb, istinaq qrupunun da rəhbəri SSRİ Baş Prokurorluğunun mühüm işlər müstəntiqi Vladimir Qalkin olub. Bu istintaq qrupunda ruslar, ukraynalılar, belaruslar, ermənilər olsa da, bir nəfər belə azərbaycanlı iştirak etməyib. Həmin istintaq qrupunun gəldiyi nəticəyə əsasən Sumqayıt əhalisi Ermənistandan qovulub Sumqayıta gələn azərbaycanlılara qarşı olan haqsızlıqlara hiddətlənib həmin hadisələri törədiblər.

Beşincisi, həmin cinayət işinin bir epizoduna 1989-u ildə Azərbaycan SSR Ali Məhkəməsində baxılıb və mən həmin işdə prokuror olmuşam və hadisələrin SSRİ rəhbərliyi, SSRİ DTK-sı, Ermənistan rəhbərliyi, ABŞ və digər qərb dövlətlərində yerləşən erməni diasporası tərəfindən təşkil olunduğunu tam sübuta yetirmişəm. Bu barədə “Sumqayıt SSRİ-nin süqutunun başlanğıcı” kitabında ətraflı yazmışam. Kitab azərbaycan, rus, türk, ingilis və alman dillərində çap olunub və bütün dünyaya yayılıb. Bundan başqa ətraflı materiallarla tanışlıq üçün müxtəlif dillərdə kitabın və cinayət işinin əslinin elektron versiyasını www.sumgayit1988.com saytından əldə edə bilərsiz.

Aslan İsmayılov

Hüquqşünas

konkret.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanda qızıl-gümüş ucuzlaşıb- Qiymət

SONRAKI XƏBƏR

“Türk əsgər mümkün olmayanı etdi” – Akardan kritik açıqlama