Yaponiyanın baş naziri ABŞ-ın Hindistan-Sakit Okean Komandanlığının rəhbəri ilə görüşüb

Yaponiya baş naziri Yoşihide Suqa cümə axşamı Tokioda ABŞ-ın Hindistan-Sakit Okean Komandanlığının rəhbəri ilə görüşüb.

Danışıqlara başlamazdan əvvəl Suqa Fil Davidsonla birlikdə jurnalistlərlə görüş keçirib. Onlar regionda sülhün və təhlükəsizliyin qorunub saxlanılması yolunda tərəfdaşlıq və əməkdaşlığa görə bir-birinə minnətdarlıqlarını bildirib.

ABŞ-ın Hindistan-Sakit Okean Komandanlığı coğrafiya baxımından dünyanın altı hərbi komandanlığından ən böyüyüdür. Komandanlıq təhlükəsizliyin müdafiəsində ABŞ ordusunun bütün qollarını birləşdirir və müttəfiqlərlə koordinasiya edərkən ABŞ-ın bölgədəki maraqlarını qoruyur.

Görüş Yaponiyanın yeni baş nazirinin bu həftənin əvvəlində Vyetnam və İndoneziyadakı həmkarları ilə apardığı ikitərəfli danışıqlardan sonra baş tutub. Bu görüşlər zamanı müzakirələrin diqqət mərkəzində Çinin bölgədəki ambisiyalarına qarşı regional müdafiə sahəsindəki əməkdaşlıq mövzusu olub.

Suqa hər iki ölkə ilə müdafiə texnologiyası və avadanlıqlarının ixracına dair müqavilələr bağlayıb.

Bu, keçən ay baş nazir olandan bəri Suqanın xaricə ilk diplomatik səfər idi. Suqa vəzifəyə keçmiş baş nazir Şinzo Abenin səhhətinə görə istefa verməsindən sonra gəlib.

Amerikaninsesi.org

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanın haqlı mübarizəsi - VİDEO

SONRAKI XƏBƏR

Minsk Qrupu formatı bir az dəyişdirilə bilər - Rusiya prezidenti