General-leytenant Yevgeni Bujinski: "Ermənistan 7 rayonu Azərbaycana qaytarmalıdır"

General-leytenant Yevgeni Bujinski: "Ermənistan 7 rayonu Azərbaycana qaytarmalıdır"

Nikol Paşinyan Qarabağda sentyabrın 27-dən əvvəlki status-kvonu qorumaq istəyir. Ancaq bu, nəticə verməyəcək.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin keçmiş şöbə rəisi general-leytenant Yevgeni Bujinski Pravda.ru saytına danışıb.

Rusiyalı ekspertə görə, reallıq budur ki, Ermənistan Azərbaycanın yeddi rayonunu özündə saxlayır və bu rayonlar geri qaytarılmalıdır. “Əlbəttə, artıq yeddi deyil. Azərbaycanlılar bir çox ərazilərə nəzarəti ələ keçiriblər”, – deyən generalın fikrincə, Qarabağın müstəqilliyi əlçatmazdır, çünki Azərbaycanın əlində BMT Təhlükəsizlik Şurasının bütün qətnamələri var: “Bir kompromis tapmaq lazımdır: tanınmış formullarda göstərildiyi kimi Azərbaycanın rayonlarından imtina etmək və sonra Dağlıq Qarabağın statusunu müəyyənləşdirmək. Paşinyan sentyabrın 27-dən əvvəlki status-kvonu davam etdirmək istəyir. Ancaq bu, nəticə verməyəcək”.

Rusiya hərbçisi xüsusi olaraq vurğulayıb ki, ABŞ münaqişənin həlli üçün heç nə edə bilməz: “Amerikalılar praktik baxımdan nə edə bilər? Yalnız pul verə bilər. Azərbaycana heç bir şəkildə təzyiq göstərə bilməzlər. Paşinyana da həmçinin. Xüsusilə seçkilərdən əvvəl bu, mümkün deyil”.

Mənbə: konkret.az