Azərbaycan rasional davranır, Gürcüstan qarşılıq verir, faydalı əməkdaşlıq qurulur

Azərbaycan rasional davranır, Gürcüstan qarşılıq verir, faydalı əməkdaşlıq qurulur

Prezidenti İlham Əliyev Yaponiyanın "Nikkei" qəzetinə müsahibəsində regional əməkdaşlığın inkişaf etdirilməsi prinsiplərinə də toxunub, bu kontekstdə Azərbaycanla Gürcüstan arasında əlaqələri nümunə göstərib. Qəzet əməkdaşı Ermənistanın qapalı, dənizə çıxışı olmayan bir ölkə olduğunu, regionda yaşamasının, iqtisadiyyatını inkişaf etdirməsinin çətin olduğunu bildirib, Azərbaycan Prezidentindən bu yöndə fikirlərini soruşub. Prezident isə Ermənistanın inkişafının sülhdən, mehriban qonşuluqdan, qarşılıqlı əməkdaşlıqdan asılı olduğunu bildirib. Amma Ermənistan rəhbərliyinin yanlış davrandığını, bütün qonşularla münasibətləri pozduğunu, müharibə, işğal, torpaq iddiaları yolunu tutduğunu qeyd edib. Sülhün, mehriban qonşuluğun, əməkdaşlığın gətirdiyi faydaları şərh etmək üçün Azərbaycanla Gürcüstan arasındakı münasibətləri nümunə göstərib. Münasibətlərin mövcud durumunu yüksək qiymətləndirən Prezident deyib ki, Azərbaycan və Gürcüstan strateji tərəfdaşdırlar, iki ölkə hökumətləri arasında mükəmməl əlaqələr mövcuddur, münasibətlər qarşılıqlı dəstək, dostluq və yaxın qonşuluq prinsiplərinə əsaslanır.

Azərbaycan Gürcüstanla birlikdə regionun və daha geniş coğrafiyanın inkişafını şərtləndirən mühüm enerji və nəqliyyat layihələrini reallaşdırıb. Bunların arasında Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP, Bakı-Tbilisi-Qars kimi xüsusi əhəmiyyətə malik layihələr var.

Prezident qeyd edib ki, Gürcüstanın hazırkı hakimiyyəti strateji tərəfdaşlıq, qonşuluq və dostluq münasibətlərinə sadiqlik nümayiş etdirir, münasibətlərin inkişafına əməli töhfələr verir.

Məlumat üçün bildirək ki, Azərbaycanın Gürcüstanla münasibətləri təkcə regional layihələrin icrası üzərində qurulmayıb. Azərbaycan Gürcüstan iqtisadiyyatına investisiya yatıran iki ən böyük investordan, vergi ödəyicisindən biri və ya birincisidir. Bu, qısa müddətli, proqram xarakterli hal deyil, uzun illərin sistemli şəkildə davam etdirilən prosesidir. 2006-cı ildə, 2010-cu ildə... 2016-cı ildə belə olub, yenə də belədir. 2017-ci ildə Azərbaycan Gürcüstanın ən iri, rəqabətsiz investoru olub. Gürcüstanın Milli Statistika İdarəsi məlumat verib ki, 2017-ci ilin 9 ayı ərzində Azərbaycan Gürcüstana 594,5 milyon dollar investisiya yatırmaqla investorlar arasında birinciliyi qoruyub. Bu, ötən illərlə müqayisədə 17,6% artım deməkdir. Artım tempi qorunub saxlanılıb, indi də davam etdirilir.

Azərbaycan Gürcüstana gedən turistlərin sayına görə də birincilər sırasındadır. 2019-cu ildə Azərbaycandan Gürcüstana gedən turistlərin sayı 4,3% artaraq 329 815 nəfərə çatıb. Gürcüstanın Milli Turizm Agentliyi bunu ən yaxşı göstərici adlandırıb. Turist axını göstəriciləri üzrə Azərbaycan Gürcüstan üçün Rusiya Federasiyası ilə yanaşı durur.

Paralel olaraq, Azərbaycan Gürcüstanda bir çox humanitar və sosial layihələr reallaşdırır. Ölkə daxilində yol, nəqliyyat, mədəniyyət infrastrukturlarının qurulması, enerji çatışmazlığının aradan qaldırılması üçün güzəştli investisiyalar yatırır, yardımlar göstərir.

Amma cəmi bir il öncəyə qədər, hətta yaşadığımız ilin bu günlərinə qədər iki ölkə arasında münasibətləri pozmaq, qarşılıqlı əməkdaşlıq və anlaşmanı aradan qaldırmaq üçün cəhdlər də olub maxinasiyalar qurulub. Uzun illər fasilələrlə davam etdirilən bu oyunlar 2019-cu ildə pik həddə çatdırıldı: iki ölkə sərhəddində - "Keşikçidağ məbədi"ndə insident yaradıldı, iki ölkənin ali qurumlarının bəyanatlar səsləndirməsinə qədər inkişaf etdirildi. Bütün təhdidedici və təhrikedici addımlara rəğmən, Azərbaycan tərəfi təmkinli davrandı, yaranmış insidentdə xaricdən müdaxilənin, təxribatın izlərinin olduğunu göstərdi. Xarici İşlər Nazirliyi bu hadisəni "iki ölkə arasında qarşıdurmaya yönəlmiş təxribat" kimi qiymətləndirdi. Gürcüstanın Xarici İşlər Nazirliyi də uyğun davrandı, baş vermiş hadisəni "təəssüf doğuran insident" kimi şərh etdi, "bu cür hadisələr ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinə uyğun deyil" məzmununda bəyanat verdi.

Gürcüstan üzərindən Ermənistana silah çatdırılması məsələsi ilə bağlı anlaşmazlığa da iki ölkə qurumlarının reaksiyası operativ, uyğun oldu. Yaşadığımız günlərdə - 2020-ci ilin iyul ayında, Tovuz istiqamətində Ermənistan silahlı qüvvələrinin təxribat törətməsi fonunda qabaran bu mövzu Gürcüstanın təkcə dövlət qurumlarında deyil, siyasi elitasında, ictimaiyyətində də kəskin reaksiya doğurdu. Müxalif "Vahid Milli Hərəkat" partiyasının lideri Salome Samadaşvilinin Gürcüstan Xarici İşlər Nazirliyindən ölkə ərazisi ilə Ermənistana silah daşınması məsələsinə aydınlıq gətirilməsini tələb etməsi Gürcüstan cəmiyyətinin Azərbaycan mövzusuna həssas münasibətinin göstəricisidir. Nəticə bu oldu ki, Gürcüstan Ermənistana silah daşıyan təyyarəni özünün hava sərhədlərindən buraxmadı. Rusiya Müdafiə Nazirliyinin "An-124-100" nəqliyyat təyyarəsi Gürcüstan ərazisinə yaxınlaşan zaman onun Ermənistana uçuş istəyinə "yox" cavabı verildi.

Əməkdaşlığın, qarşılıqlı əlaqələrin inkişafı problemlərin mövcudluğunu inkar etmir. Amma problemlərin həll edilməsi ona yanaşmadan asılıdır. Azərbaycan təmkinli, rasional davranır, Gürcüstan da bu davranışa uyğun qarşılıq verir, nəticədə faydalı, hər iki dövlətin maraqlarına cavab verən əməkdaşlıq qurulur.

Müşfiq Ələsgərli
Milli.Az

Mənbə: news.milli.az