Fikrət Məmmədov - Füzulidə düşmənin müqavimətini yaran şəhidimizi tanıyaq

Fikrət Məmmədov - Füzulidə düşmənin müqavimətini yaran şəhidimizi tanıyaq

Azərbaycan Ordusu işğal edilmiş torpaqlarımızın azadlığı uğrunda müqəddəs savaşını uğurla davam etdirir. Şanlı ordumuzun hərbçi və zabit heyəti Ağdərə, Kəlbəcər, Füzuli, Cəbrayıl, Xocavənd və Zəngilan rayonlarımızın uğrunda gedən qanlı döyüşlərdə böyük hünər və rəşadət göstərmişdir. Bu döyüşlərdə ərazilərimizin bütövlüyü naminə canlarını fəda edən və azad olunan torpaqların sevincini bizə yaşadan şəhidlərimiz var. Xalqımızın 30 illik həsrətinə son qoyan, ləyaqət savaşında igidlik göstərən şəhidlərimizin adları Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.

Bu qəhrəmanlardan biri də müddətdən artıq xidmət edən həqiqi hərbi qulluqçu Məmmədov Fikrət Sulduz oğludur. O, 20 yanvar 1982-ci ildə Füzuli rayonunun Kürdmahmudlu kəndində anadan olub. M. Fikrət tankçı idi. Qeyd edək ki, Fikrət 2016-cı ildə Lələtəpə uğrunda döyüşlərin də iştirakçısı olub. Bu il 27 sentyabrdan Qarabağın azadlığı uğrunda başlayan döyüşlərə qatılan Fikrət, Füzuli və Cəbrayıl istiqamətindəki hərbi əməliyyatlarda tankı ilə öndə gedərək erməni ordusunun müqavimətini yarıb. Cənub istiqamətində gedən döyüşlərdə onun tankı düşmən tərəfindən vurulub. Fikrət şəhidlik zirvəsinə ucalaraq müharibənin ilk şəhidləri sırasına daxil olub.

Fikrətin döyüş yolu ilə bağlı Eurasia Diary şəhidin bacısından müsahibə alıb.

Onun sözlərinə görə, Fikrət sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatlarında ön cəbhədə düşmənlə üz-üzə qorxmadan vuruşub.

“Onunla döyüş bölgəsində çiyin-çiyinə vuruşan Paşa və Muradla birgə düşmənin müqavimətini birinci olaraq yarıb. 30 ildən sonra torpağa ilk dəfə onlar addım atıb. Onlar üç qardaş kimi fərqləniblər və ermənilərin mövqelərini darmadağın ediblər. 1982-ci il təvəllüdlü Murad bacarıqlı tankçı idi. Onlar üçü birgə savaşaraq şəhid olublar”.

Bacısı deyir ki, hələ o vaxt Lələtəpə döyüşlərində ermənilərə sitəm etmişdi: “Ermənilər onun başına pul qoymuşdu. Döyüşlər barədə evdə danışmazdı. Amma bir dəfə çox sual verəndə Lələtəpədəki döyüş haqda dedi ki, Xocalının qisasını alıb”.

Onun sözlərinə görə, qardaşının hərbidəki fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib: “Döyüşlərdə göstərdiyi şücaətə görə səkkiz medal alıb, fəxri təltifləri, fərmanları var. Müdafiə nazirinin yanında tankla sınaqdan keçib, yüksək nəticə göstərib”.

"Oğullarına həmişə deyirdi ki, qocalanda oğullarımın çiynində gedəcəm o dünyaya. İndi isə oğlu deyir, “Ata gücüm şəkili götürməyə çatdı, çox tez getdin ata”, Fikrətin bacısı danışır.

Qeyd edək ki, Fikrət Məmmədovun ölümündən sonra iki oğlu yadigar qaldı. Məmmədli Yusif Fikrət oğlu 22 mart 2012-ci ildə anadan olub. 3-cü sinif şagirdidir. Məmmədli İbrahim Fikrət oğlu 26 yanvar 2014-cü ildə anadan olub. 1-ci sinifdə oxuyur.

Bir övlad üçün ata itkisi həddindən artıq ağırdır, ancaq Fikrət bundan sonra hər bir azərbaycanlının doğmasına çevriləcək. Vətən uğrunda şəhid olanların taleyinə millətin ən böyük sevgisini qazanmaq yazılıb. Başını dik tut şəhid övladı, necə ki, atan Fikrət başımızı dik tuta bilməyimiz üçün vuruşdu. Torpaq, uğrunda ölən varsa, Vətəndir! Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Gülnar Səlimova

Mənbə: ednews.net