Putinin “Azərbaycan torpaqları əbədi işğalda qala bilməz” bəyanatı Ermənistana böyük zərbə sayılır

Putinin “Azərbaycan torpaqları əbədi işğalda qala bilməz” bəyanatı Ermənistana böyük zərbə sayılır

Rəşad Bayramov: “Azərbaycanın hərbi uğurları artdıqca, həmsədrlər açıq məzmunlu bəyanatlar verməyə başlayıb”

Rusiya prezidenti Vladimir Putin “Valday” klubunun iclasında bildirib ki, Azərbaycan ərazisinin əhəmiyyətli bir hissəsinin itirildiyi vəziyyət əbədi davam edə bilməz:

“Biz bir çox illər ərzində vəziyyəti uzun tarixi perspektiv üçün sabitləşdirmək məqsədilə bu böhranın həlli yönündə müxtəlif variantlar təklif etmişik. İnanın, bu gərgin iş idi. Hansısa məqamlarda elə gəlirdi ki, daha bir az, daha bir addım və biz həll yolunu tapacağıq. Təəssüf ki, bu baş vermədi və bu gün biz ən pis formada olan bir qarşıdurma ilə üz-üzəyik. Faciə də ondan ibarətdir ki, insanlar həlak olur”.

Putin bildirib ki, hər iki ölkənin xarici işlər nazirləri növbəti dəfə Moskvaya gəlmişdilər. Ayın 23-də onlar Vaşinqtonda görüşürlər: “Mən çox ümid edirəm ki, amerikalı tərəfdaşlarımız bizimlə birgə fəaliyyət göstərəcək, nizamlanmaya kömək edəcəklər. Ən yaxşısına ümid edək”.

Dövlət başçısının sözlərinə görə, Rusiya Qarabağdakı vəziyyət üçün xüsusi məsuliyyət hiss edir, münaqişənin hər iki tərəfi üçün məqbul kompromislər tapmaq lazımdır.

Putinin açıq mətnlə Azərbaycan ərazisinin əhəmiyyətli hissəsinin işğal edildiyinə və bunun uzun müddət davam etməsinin mümkünsüzlüyünə dair verdiyi açıqlama əslində Ermənistanın mövqeyinə vurulan ciddi zərbə sayılır. Çünki Ermənistan bu proseslərdə Rusiyaya tam xilaskar gözü ilə baxırdı.

Politoloq Rəşad Bayramov “Bakı-Xəbər”ə bildirdi ki, Putin son çıxışı ilə bəzi məsələlərə nöqtə qoymuş oldu: “Ermənistan Putindən tamamilə başqa mövqe gözləyirdi. Ancaq Putin həm Ermənistan, həm də Azərbaycanın onlar üçün önəmli olduğunu bildirdi. Bundan əlavə, Ermənistan təbliğatı müharibə boyunca güya Türkiyə ilə Azərbaycanın birləşərək hərb meydanında onları təklədiyini təbliğ edirdi. Bunu ona görə edirdi ki, özünə Rusiyanı havadar olaraq seçə bilsin. Ancaq sonuncu çıxışında Putin Türkiyə ilə münasibətlərə önəm verdiyini və xüsusilə də Ərdoğanla bağlı müsbət epitetlər işlətdi. Ermənistanın bu hiyləsi də baş tutmadı. Ermənistanın şərləmə təbliğatının başqa bir istiqaməti isə dini faktoru qabartma üzərində qurulub. Onlar iddia edirlər ki, güya müharibədə İslam dini amilinə görə Azərbaycana müsəlman ölkələri kömək edir. Putin bu məsələyə də aydınlıq gətirərək dedi ki, ermənilərin xristian olduğunu bilir, ancaq Rusiyanın da əhalisinin əhəmiyyətli hissəsinin müsəlmanlardan ibarət olduğunu qeyd etdi. Bununla da Ermənistanın münaqişəyə dini rəng vermək cəhdləri də puça çıxdı. Digər vacib məqam isə Putinin Azərbaycanın ərazi bütövlüyünun pozulduğu və bunun daimi davam etməsinin mümkünsüzlüyü ilə bağlı səsləndirdiyi fikirdi. Əvvəl ölkələr bu detalı çılpaqlığı ilə vurğulamırdılar. Sadəcə deyirdilər ki, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər. Azərbaycanın hərbi uğurları artdıqca həmsədrlər açıq məzmunlu bəyanatlar verməyə başlayıb. Şübhə etmirəm ki, bir qədər də irəliləsək, həmin ölkələr Ermənistanın dərhal işğal altındakı ərazilərdən çıxmasını tələb edəcəklər. Ermənistanın bundan artıq şansı da qalmayıb. Putin Ermənistanı növbəti dəfə məyus etdi. Görünən budur ki, Putin haqsız Ermənistanı dəstəkləməklə əsas iqtisadi partnyoru olan Türkiyəni və Cənubi Qafqazdakı tərəfdaşı Azərbaycanı itirmək istəmir. Ermənistan bundan sonra daha rasional fikirləşməlidir. Artıq onun işğalda torpaq saxlamağa nə gücü, nə də siyasi dəstəyi var”.

Rusiya bu məsələdə neytral mövqe tutub soyuqqanlı davranmaqla öz nüvuzunu da qorumuş oldu. Ermənistana sübut olundu ki, bu qədər torpağı işğalda saxlamaq üçün güc lazımdır, o da onlarda yoxdur.

Məhəmmədəli QƏRİBLİ

Mənbə: www.baki-xeber.com