Belçika COVID-19 məhdudiyətlərini gücləndirib

Belçika COVID-19 məhdudiyətlərini gücləndirib

Cümə günü Belçika rəsmiləri yeni COVID-19 məhdudiyyətləri elan etsə də, hazırda gündəlik yoluxmaların sayının 10 mindən çox olmasına baxmayaraq, bunun qarşısını almaq üçün karantin elan etməyib.

Brüsseldə keçirilən mətbuat konfransında məhdudiyyətlər barədə danışan baş nazir Aleksandr De Kroo azarkeşlərin artıq idman matçlarına getmələrinə qadağa qoyulacağını, heyvanxanalar və bəzi parkların bağlanacağını, mədəni tədbirlərdəların insan sayına məhdudiyyətlər qoyulacağını, mümkün qədər işlərin uzaqdan idarə ediləcəyini bildirib.

Belçika bundan əvvəl da kafe, bar və restoranları bağlamış, komendant saatı tətbiq etmişdi. Hazırda bu ölkə Avropada adambaşına yoluxma sayına görə Çex Respublikasından sonra ikinci yerdədir. Cümə axşamı yoluxanların sayı 10 min 500 nəfər olub.

De Kroo "həkimlərimizin və xəstəxanalarımızın işlərini davam etmələri, uşaqların məktəblərə getmələrini davam etmələri və müəssisələrin mümkün qədər işlərini davam etdirmələrini təmin etmək üçün" Belçikanın fasilə düyməsini basdığını deyib.

Bütün bu tədbirlərlə yanaşı qocalar evlərinə ziyarətlər də məhdudlaşdırılıb. Lakin səhiyyə üzrə mütəxəsslər yeni məhdudiyyətlərin yoluxma zəncirini qırmaq üçün yetərli olmayacağını düşünür.

Pandemiya başlanandan bəri virus 11,5 milyon əhalisi olan bu kiçik ölkədə 10 min 588 nəfərin ölümünə səbəb olub.

Belçikanın 10 vilayətinin 9-da vəziyyət o qədər dramatikdir ki, rəsmilər yeni koronavirusa yoluxma halları bu sürətdə davam edərsə, noyabr ayının ortalarına qədər intensiv terapiya bölmələrinin tam gücü ilə işləyəcəyi barədə xəbərdarlıq edib.

"Heç bir qayda, heç bir qanun bu virusu məğlub edə bilməz. Onu yalnız biz və bizim kollektiv davranışımız məğlub edə bilər" - deyə, De Kroo bildirib.

Ölkənin səhiyyə naziri Frank Vandenbruke səhiyyə sisteminin çökməməsi üçün xəstəxanalarda yataqların sayının 2300-ə qaldırılacağını, təcili olmayan əməliyyatların isə önümüzdəki dörd həftə ərzində təxirə salınacağını deyib.

Mənbə: www.amerikaninsesi.org