Emmanuel Grynszpan: "Erməni tərəfinin itkiləri dəhşətlidir"

Emmanuel Grynszpan: "Erməni tərəfinin itkiləri dəhşətlidir"

Azərbaycan Ordusu şimal və cənub istiqamətlərindən separatçı bölgəyə doğru irəliləyir. “Alov yağışın”dan əvvəlki son dayanacaq olan Tərtərdən reportaj.

Dağlıq Qarabağ ətrafındakı qövsvari geniş düzənliyə solğun Günəş şüaları düşür. Tarlaların arasından keçən yol Azərbaycanın dağların ətəyində yerləşən Tərtər rayonuna aparır. Yol üzərində çoxsaylı polis, hərbi postlar var. Rayona giriş məhdudlaşdırılıb. Oraya daxil olmaq üçün icazə kağızınızı göstərməlisiniz.

Və uzaqdan partlayış səsləri eşidilir. Tərtərin mərkəzində heç kim yoxdur. Partlayış nəticəsində ön vitrinləri sınmış mağazalardan başqa, hər yer bağlıdır. Binalar yerindədir. Lakin ətrafda dağların arxasından atılan mərmilər nəticəsində dam örtüyü deşilmiş binaları görmək mümkündür. Şəhər tam dağılmasa da, əməlli-başlı ziyan görüb.

Nəhayət, yerli hökumət binasının kölgəsində bir neçə nəfər görünür. Skamyada əyləşmiş bir neçə kişi söhbət edir. Bir neçə addım kənarda isə zirzəmiyə enən nərdivanla həyat üçün zəruri mallar daşınır.

“Biz yerimizdən tərpənməyəcəyik”

Arxada bələdiyyə başçısını da görürük. Hamının tanıdığı, “bığının altından” gülümsəyən bəstəboy kişi. Amma adını demir.

Əlbəttə ki, hərbçilər də var. Tərtər strateji yerdir – o, Dağlıq Qarabağa hücumun məntiqi başlanğıc nöqtəsidir. Burada fasiləsiz artilleriya səsi eşidilir. Bir hərbçi rəqəmləri sadalayır: “14 mülki şəxsimiz həlak olub, 52 nəfər yaralanıb. 13 min 127 mərmi atılıb. Əhali 114 min nəfərdir. Rayonda 116 ev tamamilə dağıdılıb”.

O, burada hərbi hədəflərin olmadığını deyir. Buna baxmayaraq, vəziyyət 1991-1994-cü illərdə olduğu kimidir: “O zaman da bizi qorxutmaq, buradan qaçırmaq üçün bomba yağışına tuturdular”.

Bununla yanaşı, yerli insanlardan biri “Le Temps”ə etiraf edir ki, bu ərazidə Azərbaycan artilleriyası çox fəaldır. Amma bu, şəhər sakinlərinin bombalanmasına əsas vermir.

Rayonun rəhbərisə deyir: “Biz heç yerə getməyəcəyik. Rayondan yalnız qadın və uşaqları çıxarırıq”.

Tərtər bunkerlərlə doludur. Burada bombardmandan qorunmaq üçün 44 min kvadrat metrlik sığınacaq var.

Düşmən sıxışdırılır

Tanınmış hərbi ekspert Heydər Mirzə deyir ki, ən statik cəbhə məhz buradır. O, artıq neçə gündür ki, Tərtərdədir. Bildirir ki, buradan separatçıların müdafiə cəbhəsini yarmaq xüsusilə çətindir. İndi strategiya rəqibə cənubdan (düzənlikdən) və şimaldan hücum etməkdir. Əməliyyat meydanı yüksəkliklərə sahib olan, çox möhkəm istehkamlar qurmuş düşmən üçün daha əlverişlidir.

H.Mirzə xüsusilə ermənilərin tikdiyi məşhur “Ohanyan xətti”nə diqqət çəkir. “Bu üstünlük artıq yoxdur. Cəbhə xətti bir neçə istiqamətdən yarılıb. Erməni silahlı qüvvələri döyüşlərin başlandığı ilk anlarda sahib olduqları üstünlükləri itiriblər”, – deyə ekspert bildirir. O, vəziyyəti neytral şərh etməyə çalışır və arqumentləri münaqişənin gedişinə əsaslanır.

Tərtər münaqişədə həlledici rol oynamasa da, mərkəzdə yerləşməsi onu yaxşı müşahidə məntəqəsinə çevirir: “Mən buradan bizim helikopterlərin, təyyarələrin keçdiyini açıq-aşkar görürəm. Bu, o deməkdir ki, düşmənin müharibə başlayan anda hava məkanını nəzarətdə saxlayan mərkəzləşdirilmiş hava hücumundan müdafiə sistemi darmadağın edilib. Türkiyə və İsrail dronları öz missiyalarını uğurla həyata keçirib. İndi söz artilleriyanın, təchizatın və əsgərlərindir”.

Böyük statistik üstünlük

İtkilər dəhşətlidir: döyüşlərin getdiyi 24 gün ərzində Ermənistan 772 hərbçisini itirdiyini bildirir. Azərbaycan tərəfinin hesablamalarına görə isə düşmənin itkisi 6 mindən çoxdur. Buraya zərərsizləşdirilmiş əsgərlər də daxildir.

“Dağlıq Qarabağın əhalisinin sayı 80 min nəfərdir (ermənilər 145 min nəfər deyir). Ermənilər insan resurslarından məhrum olacaqlar”, – deyə Heydər Mirzə bildirir: “Onlar birinci müharibənin veteranlarını – yaşı 45-dən 60-dək olan insanları belə, cəbhəyə çağırıblar. Lakin onların çoxu elə yoldaca avtobusların vurulması ilə darmadağın edilir”.

Ən önəmlisi, Ermənistan tərəfi hava hücumundan müdafiəni təmin edən ən əhəmiyyətli zabitlərini, mühəndis-istehkam bölmələrini itirib.

Ekspert Azərbaycanın itkiləri haqda danışmır. Lakin bunun ermənilərlə müqayisədə dəfələrlə az olduğunu deyir.

Rəsmi Bakı yalnız mülki insanlar arasındakı təlafatla bağlı açıqlama verir – 71 nəfər.

Azərbaycan düçmən üzərində əhali baxımından ciddi üstünlüyə malikdir (10 milyon nəfər). Onun hərbi büdcəsisə rəqibinkindən 3 dəfə böyükdür.

Diqqətçəkən məqam

Azərbaycan Prezidenti İlham Əliyev hər gün ordusu tərəfindən azad edilmiş kəndlərin adını televiziya vasitəsilə elan edir. Təkcə cümə axşamı 24 kənd işğaldan azad olunub. Buna xüsusi diqqətə almaq lazımdır. Doğrudur, bunun yoxlanılması üçün zamana ehtiyac var. Lakin hər halda, Ermənistanla sərhəddə yerləşən Zəngilan şəhərinin işğaldan azad edildiyi şəhərin mərkəzində dayanmış əsgərlərin videogörüntüsü ilə təsdiqini tapıb.

“Zəngilan Dağlıq Qarabağı Ermənistana bağlayan sonuncu həyati əhəmiyyətli yolun bağlanması üçün iki istiqamət açır. Onun azad edilməsilə hücumda olanlar Ermənistandan gələn zirehli texnikanı da görür. Bunu onların identifikasiya nömrəsi də təsdiq edir”, – deyə ekspert bildirir: “Mövcud silah arsenalı müdafiə üçün kifayətdir”.

Müəllif: Emmanuel Grynszpan (Tərtərə ezam olunmuş müxbir)

LE TEMPS, İsveçrə

Mənbə: konkret.az