Trampın Qarabağ danışıqlarında şəxsən iştirakı - seçki taktikası, ya reallığa uyğun mövqe...

Trampın Qarabağ danışıqlarında şəxsən iştirakı - seçki taktikası, ya reallığa uyğun mövqe...

Elşad Musayev: “...öz varlığını nümayiş etdirib və “gedin probleminizi özünüz həll edin” - deyərək, gərgin prezident seçkiləri prosesinə qayıdıb”

ABŞ Prezidenti Donald Tramp hazırda Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması üçün aparılan beynəlxalq danışıqlarda yaxşı irəliləyiş əldə olunduğunu güman edir. Bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlər qarşısında çıxışı zamanı danışıb: “Görək, nə baş verəcək. Hesab edirəm ki, həqiqətən yaxşı irəliləyiş var”. Eyni zamanda, Donald Tramp ABŞ-ın Dağlıq Qarabağdakı vəziyyətlə bağlı hazırkı danışıqların iştirakçılarından biri olduğunu xatırladıb.

Kreml ABŞ Prezidenti Donald Trampın Qarabağ münaqişəsində hansı irəliləyişi nəzərdə tutduğunu hələ ki, bilmir. Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Trampın bu açıqlamasını ABŞ-da keçiriləcək prezident seçkiləri ilə bağlı taktiki gediş, yoxsa reallığa uyğun mövqe saymaq olar?

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistan rəsmilərinin son açıqlamaları belə bir irəliləyişin olması qənaətini hasil etmir:

“Ermənistan Prezidenti Sarkisyan ermənilərlə azərbaycanlıların birgə yaşamalarını mümkünsüz hesab edir, səbəbini də azərbaycanlılara etibar etmədikləri ilə əsaslandırır.

ABŞ-ın Dövlət katibi Pompeo Azərbaycan və Ermənistanın Xarici İşlər nazirləri ilə görüşüb. Tramp da “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda çox yaxşı irəliləyiş var” bəyanatını verib. Bununla da ABŞ, bir növ, seçkiöncəsi öz varlığını nümayiş etdirib və “gedin probleminizi özünüz həll edin” - deyərək, gərgin prezident seçkiləri prosesinə qayıdıb.

Ermənistanın müdafiə nazirinin Azərbaycan ərazisinə keçərək Laçın istiqamətində müdafiəni təşkil edəcəyi söylənir. Az qaldı. Son və həlledici döyüşlərə gedirik. Allah əsgərlərimizi qorusun! Qələbə bizimdir!

Ermənistanın ABŞ-da olan XİN başçısı Mnatsakanyan CNN-ə qəzəb, kin, şüvən dolu müsahibə verib. Ermənistanı, Paşinyanı sülhsevər, kompromis tərəfdarı, Azərbaycanı, İlham Əliyevi isə işğalçı kimi təqdim edib. Həyasızcasına bütün dünyanı ittiham edib ki, heç kim erməni xalqının haqq səsini eşitmir, ermənilərə kömək etmir.

Aparıcı təəccüblənərək deyib ki, CNN kimi beynəlxalq səviyyəli kanalda çıxış edirsiniz, sizə bu şərait yaradılıb, dünyaya sözünüzü deyirsiniz, bu, kömək deyilmi və siz Dağlıq Qarabağda yaşayan ermənilərə nə istəyirsiniz?

Mnatsakanyan açıq-aşkar bəyan edib ki, Dağlıq Qarabağda yaşayan ermənilər öz müqəddəratını təyinetmə hüququnu reallaşdırmaq istəyirlər, dünya isə susur. Ermənistan da ermənilərin bu tələblərinə dəstək verir. Duydunuzmu? Bunlar məğlubiyyətin bir addımlığındadırlar, yenə həyasız iddialarından bircə addım belə çəkilməyiblər. Bu qədər məkrli, həyasız millət olmaz. Bunlara heç bir milli muxtariyyət, heç bir birgəyaşayış şansı tanımaq olmaz. Sona qədər döyüşüb bütün torpaqları azad etməli və Ermənistanı təslimçi sülhə məcbur etməliyik”.

Belə nəticəyə gəlmək olar ki, ABŞ-dakı görüşü təşkil etməklə Tramp öz varlığını auditoriyaya göstərmək istəyib.

Məhəmmədəli QƏRİBLİ

Mənbə: www.baki-xeber.com