Azərbaycan-Ermənistan münaqişəsində Rusiyanın tarixi mövqeyi...

Azərbaycan-Ermənistan münaqişəsində Rusiyanın tarixi mövqeyi...

Ermənistan-Azərbaycan arasındakı münaqişənin tarixi 1988-ci ildən deyil, XX əsrin əvvəllərindən başlayıb. Təbii ki, həmin dövrdə bu münaqişənin adı erməni-müsəlman davası kimi qiymətləndirilirdi. Ermənilər ilk növbədə “erməni milli məsələsi”ni Avropaya daşımaq, ikincisi silahlanaraq, üsyan və qətliamlarla Avropanın marağını çəkmək və “Böyük Ermənistan” planını həyata keçirmək istəyirdilər. Məmməd Səid Ordubadinin “Qanlı illər” kitabında da erməni-müsəlman qarşıdurmasının əsas səbəbi kimi Rusiya və Avropalıların dəstəyi ilə “Böyük Ermənistan” qurulması planının vurğulandığını görə bilərik. Kitabda: “Erməni-müsəlman davasının əsas səbəbi, Bakı və Gəncə quberniyasının Aran bölgəsini azərbaycanlılara verib, İrəvan ve Gəncə quberniyası və Qarabağ torpaqlarını ermənilərə verərək, buraları da ‘Dağlıq Qarabağ’ ilə birləşdirib ‘Erməni Səltənəti’ yaratmaq istənilməsi qeyd edilib. Bütün bu planları həyata keçirmək üçün onlara dəstək verən, silahlandıran, Azərbaycan torpaqlarına göz dikmələrinə açıq-aşkar şərait yaradan, öz məqsədləri naminə ermənilərdən istifadə edən ruslar olub. Hələ o vaxtı Üzeyir Hacıbəyovun "Bir tədbir lazımdır ya yox" başlıqlı yazısında: "Biz müsəlmanlar dəxi rus məmurlarının provokatorluqlarını iqrar və etiraf edirik" deməsi ilə bu faktı sübut etmiş oluruq.

 

Bundan əlavə, XX əsrin əvvəllərində neft şəhəri olan Bakıda 167 kiçik neft müəssisəsinin 49-da azərbaycanlılar, 55 orta və böyük müəssisələrdə isə varlı erməni ailələri olan Mirzoevlər, Mailovlar, Liazonovlar, Aramyanlar, Tavetosyanlar və Mantaşyanlar səlahiyyət sahibi idilər. Həmin dövrdə ermənilərin hər gün artan qəzət nəşrlərinə rəğmən Azərbaycanın maarifpərvər ziyalıları heç cür vəchlə ana dilli qəzetlərimizin nəşrinə icazə ala bilmirdilər. Bütün sadalanan faktlar onu deməyə əsas verir ki, birtərəf görünməyə çalışan ruslar ermənilərə hər bir dairədə üstünlüyü ələ keçirmək üçün şərait yaratmışdılar.

Təəssüflə qeyd etmək istəyirəm ki, XX əsrin əvvəllərində mollaların moizələri ilə oturub duran müsəlmanları ermənilər zəif damarından basaraq din silahından istifadə ediblər. Beləliklə, onlar islam dinini təhqir edib azərbaycanlıların özlərindən çıxmasına nail olublar. Tədqiqatlar zamanı erməni dilində yazılı bir kitab tapılıb, bu kitabda İslam dini lağa qoyulub və kitabın üz qabığında Məhəmməd Peyğəmbər (s.ə.s) erməni keşişi paltarı ilə təsvir edilib. Ermənilərin burada əsas məqsədi müsəlmanların dini dəyərlərini ələ salmaq olub. Burada yenə də rusların əli var idi desək əsla yanılmarıq. Üzeyir bəy “bu qırğının dayanmasının əlacı qital və qırğının müsəbbiblərini tapıb yox etməkdir. Bu müsəbbiblərini də müxasimədə bulunan bu iki tayfanın hansı birində olduğu indi,

hamıya məlumdur. Və bunu da bilməlidir ki, sadəlövh müsəlmanlar, heç bir vaxtda və heç bir halda qonşuları ermənilərlə dava etmək fikrində deyildilər. Çünki belə bir naküvarə işü içrasına müsəlmanları vadar edəcək bir məqsəd yoxdur. Və bir də müsəlmanlar sözün açığı elə bir mənəvi nəşvü-nüma və tərəqqi dərəcəsinə çatmayıblar ki, bir məqsəd və yaxud bir fikir ilə ağıllıları məşğul ola", - deyə “Erməni müsəlman məsələsi” adlı yazısında qeyd edib. Lakin baş verən hadisələrdə ermənilər özlərini süddən çıxmış ağ qaşıq misalı ilə tən tutublar. Əhməd bəy Ağaoğlu 1905-ci ildə müsəlman qırğınındakı haqsızlıqlar qarşısında susa bilməyib "Bakı hadisələri haqqında həqiqət" adlı yazısında "təəssüf ki, bu məsələdən danışarkən erməniləri günahsız quzu, müsəlmanları isə onların qanını içməkdən həzz alan vəhşi yırtıcı şəklində qələmə verməyə çalışırdılar. Bunun da səbəbi aydındır: ermənilərin hər yerdə adamı var. Törətdikləri qırğınlardan sonra qəzetlərdə təbliğat təşkil edən ermənilər bütün dünyaya hadisələrlə bağlı heyrətamiz dərəcədə şişirdilmiş araqızışdırıcı teleqramlar yaymağa başladılar. Onlar öldürülmüş 10-15 min nəfərdən danışır, müsəlmanları qaniçən vəhşi kimi təsvir edirdilər. Bütün Rusiya və Avropa ayağa qalxmışdı", - deyərək öz etirazını bildirib. Daha bir fakt ermənilərin ruslar tərəfindən silahlandırılmasını ortaya çıxarır. Stepan Şaumyanın Stalinə göndərdiyi məktubda rusların ermənilərə dəstəyinin nə dərəcədə qüvvətli olduğu göstərir: “Gəncə quberniyası bəyləri bizə qarşı yeni hücum planlayırlar. Hacıqabulda dəstələrimizlə quberniya arasında qarşıdurma olub. Dərhal əsgər və silah göndərilməlidir”.

Bugünkü Vətən müharibəsində də yuxarıda qeyd etdiyim kimi, Rusiya guya birtərəfli mövqe sərgiləyir. 22 oktyabr 2020-ci il tarixli Valday Beynəlxalq Diskussiya Klubunun iclasında “Rusiyanın Azərbaycan ilə xüsusi münasibətləri var. Azərbaycan və Ermənistan Rusiya üçün bərabər tərəfdaşlardır", - deyən Rusiya Prezidenti Vladimir Putin bu müharibədə Türkiyə ilə mövqelərinin üst-üstə düşmədiyini, Sumqayıt və Dağlıq Qarabağda ermənilərə qarşı etnik cinayətlər törədildiyini xüsusi vurğulayıb. Təsssüf ki, bunları deyən zaman Putin nədənsə Andranikin etirafını yada sala bilməyib: “Mən qadın, kişi demədən Basargeçərdə 17 Tatar (azərbaycanlı) xalqını qətl etdim. Bəzən gülləni qurtarmamaq üçün, onları quyulara dolduraraq üstlərini daşlarla bağladım”. Cənab birtərəf Putin nəinki XX əsrin əvvəllərini, heç 1992-ci ilin fevralında baş verən Xocalı soyqırımını, eləcə də bir həftə keçməsinə baxmayaraq Gəncə qətliamını xatırlaya bilməyib.

Elə bu yaxınlarda Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev xarici mətbuat nümayəndələrinə müsahibəsi zamanı Rusiya məsələsi ilə bağlı bir fakta toxunur: “Ermənistan isə bir çox hallarda silahları pulsuz alır. Yəni,

hədiyyə kimi, ya da ki, kredit şəklində alır. Amma o kredit kağız üzərində qalır, qaytarılmır. Təbii ki, bu bahalı silahlar Ermənistana pulsuz verilməsəydi, Ermənistanın buna sahib olması müzakirə mövzusu ola bilməzdi və bu münaqişə çoxdan həllini tapardı. Çünki Ermənistanın silahlanması və pulsuz silahlanması onlarda bir əminlik yaratdı ki, bu torpaqları işğal altında əbədi saxlaya bilərlər”.

Üzeyir bəyin də rus provakatorlarına dediyi kimi: “Fitnə yatıbdır, allah lənət eləsin onu yaradana. Nə gözəl söz və nə gözəl qarğış. Bu gün, aramızda fitnəyə - provakasiya və fitnəçiyə də pravakator deyirlər. Çox heyiflər olsun ki, bizim içimiz belə fitnəçi və pravakatorlardan təmiz deyildir və biz indiyə qədər, ara qarışdıran və bu kələklə “bulanlıq suda balıq tutmaq” istəyən adamlara səbr eləyirik”.

 

Həsənova Nuranə,

BDU-nun Jurnalistika fakültəsinin doktorantı

 

 

Mənbə: moderator.az