Qondarma “Artsax”ın rəhbəri Putinə məktubda özündən əvvəlkilərin uğursuz Kürəkçay müqaviləsi oyununu təkrar etdi...

Qondarma “Artsax”ın rəhbəri Putinə məktubda özündən əvvəlkilərin uğursuz Kürəkçay müqaviləsi oyununu təkrar etdi...

Qabil Əliyev: “Arutyunyanın iddiası tamamilə əsassızdır və Kürəkçay müqaviləsində ermənilərə aid heç nə yoxdur”

Ermənistanın işğal edilmiş Azərbaycan ərazilərində yaratdığı qondarma “Artsax”ın “prezident”i Araik Arutyunyan Rusiya Prezidenti Vladimir Putinə müraciət edib və ondan kömək istəyib.

Hər şeydən əli üzülən A.Arutyunyan Putinə yazdığı məktubda böyük tarixi saxtakarlığa əl atıb. O, məktubda, həmçinin, ermənilərlə heç bir əlaqəsi olmayan Kürəkçay müqaviləsindən bəhs edib. Halbuki, Kürəkçay müqaviləsində ermənilərdən söhbət getmir, müqavilənin hazırlanmasında və bağlanmasında onların iştirakı olmayıb, heç müqavilədə onların adları belə çəkilməyib.

Bilirik ki, 1805-ci ildə Rusiya ilə Kürəkçay traktatını məhz Qarabağ xanı, azərbaycanlı İbrahimxəlil xan imzalayıb. Amma A.Arutunyanın məktubunda tarixi, siyasi və hüquqi faktlar ciddi şəkildə təhrif olunub, o, burada Qarabağ məliklikləri haqda əsassız və saxta iddialar irəli sürüb. Guya Kürəkçayda Qarabağ məlikləri haqqında da yazılıb. Birincisi, müqavilədə Qarabağ məlikləri haqqında heç nə yazılmayıb, yazılsaydı belə, onun ermənilərə heç bir aidiyyəti yoxdur. Qarabağ məlikləri xristian türklər olub və onlar erməni deyil.

Qeyd edək ki, Arutyunyandan əvvəl Ermənistanın Prezidenti A.Sarkisyan və Baş naziri N.Paşinyan da tez-tez Kürəkçay müqaviləsi ilə bağlı sayıqlamalar edib, amma bu sayıqlamanı ciddiyə alan olmayıb. İndi də Arutyunyan onların uğursuzluqlarını təkrar edir.

Ekspertlər qeyd edirlər ki, Paşinyan da, Sarkisyan da, Arutyunyan da bu əsassız iddianı Rusiyanı münaqişəyə cəlb etmək üçün atırlar, bununla, bir növ, Rusiyanı qıcıqlandırırlar ki, 1805-ci ildə Qarabağ Rusiyanın tərkibinə daxil olub, guya bu gün də bu amil “əsas verir” ki, Rusiya Dağlıq Qarabağa müdaxilə etsin. Qarabağdakı separatçı rejimin başçısı hələ də ümid edir ki, Rusiyanı bu işə cəlb edə bilər.

“...ermənilərin özlərini aldatması deməkdir”

Tanınmış tarixçi-alim, professor Qabil Əliyev baki-xeber.com-a bildirdi ki, Arutyunyanın Kürəkçay müqaviləsindən bəhs etməsi onun həm tarixi, həm siyasi, həm də hüquqi savadsızlığından irəli gəlir. “Arutyunyanın, ondan əvvəl isə Ermənistan rəhbərliyinin tez-tez Kürəkçay müqaviləsindən danışması, bundan öz xeyirlərinə istifadə etməsi cəhdləri olub. Lakin bu cəhdlər çox uğursuz alınıb, çünki həqiqəti əks etdirmir. Kürəkçay müqaviləsində nə ermənilərdən, nə Qarabağ məliklərindən, nə də başqa qruplardan danışılır, burada söhbət Qarabağ xanlığının Rusiyanın tabeliyinə keçməsindən bəhs olunur ki, bu da sözügedən müqavilə ilə gerçəkləşdirilib. Burada Qarabağın əhalisinin etnik, dini tərkibi barədə heç bir məlumat yoxdur. Kürəkçay müqaviləsində ermənilərdən heç bir söhbət getmir və gedə bilməz də.

Qarabağ məlikləri də erməni deyillər, bunu da dünya bilməlidir. Qarabağ, Şirvan, Şəki, Dərbənd və digər yerlərimiz Albaniyanın tarixi vilayətləridir. Qarabağ bölgəsi Qafqazda ilk xristianlığı qəbul edən bölgədir. Orada xristian missionerlərinin təbliğatı nəticəsində xristianlıq qəbul edilib, ilk xristian məbədləri inşa edilməyə başlayıb. Beləcə, xristianlıq yayılıb. Həmin dövrdə də Qarabağın yerli əhalisi qıpçaq türklərinin ayrı-ayrı tayfaları olan qarqarlar, albanlar və başqaları olub. Həmin qıpçaq xristian türkləri xristianlığı qəbul edənə qədər də bu ərazidə yaşayırdılar, sonradan burada yaşamalarına davam ediblər. 7-ci əsrdə ərəblərin yürüşü zamanı ərəblər əsasən dini yaymaq üçün düzənlik bölgələrə, şəhər mərkəzlərinə üstünlük verirdilər və orada islamı ciddi-cəhdlə yayırdılar. Dağlıq bölgələrə isə əhəmiyyət vermirdilər, onları nə vaxt olsa tutacaqlarını düşünürdülər, dini əsasən qaynar həyat olan iri şəhərlərdə yayırdılar. Bu səbəbdən də Qarabağın da, Şirvanın da, Şəkinin də, Qazaxın da başqa yerlərində xristianlar öz dinlərində qaldılar” - deyə Q.Əliyev vurğuladı.

Arutyunyanın niyyətinin heç zaman baş tutmayacağını deyən Q.Əliyev hesab edir ki, Dağlıq Qarabağ məliklərinin ermənilərlə heç cür qohum olmadıqları məlumdur. Alimin sözlərinə görə, sonrakı dövrlərdə ermənilər alban məbədlərinə sahib çıxıblar, alban mədəniyyətini mənimsəyiblər. “Arutyunyanın iddiası tamamilə əsassızdır və Kürəkçay müqaviləsində ermənilərə aid heç nə yoxdur. Fikrimcə, Putinə yazdığı məktubda separatçı qurumun qondarma rəhbərinin ortaya atdığı iddia da Paşinyanın və Sarkisyanın iddiasının davamıdır, bu da ermənilərin özlərini aldatması deməkdir. Artıq müzəffər Azərbaycan Ordusunun gücü separatçı rejimin rəhbərini çıxılmaz vəziyyətə salıb. Ona görə də Rusiyaya müraciət edib ki, bizə yardım edin” - deyə Q.Əliyev vurğuladı.

İradə SARIYEVA

Mənbə: www.baki-xeber.com