Ali Baş Komandandan dünyaya mesaj-Qələbə günü yaxındadır-RAKURS

Mənfur qonşularımızın 27 sentyabar 2020-ci il tarixində törətdiyi növbəti təxribatdan sonra Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarına başlaması hər bir azərbaycanlıda böyük ruh yüksəkliyi yaratdı.

Biz indi hər an, hər saat, hər gün yeni zəfər müjdələri gözləyirik. Cənab Prezidentin qətiyyətli çıxışları, müsahibələri hər birimizi qürurlandırır. İstər diplomatiya, istərsə də hərb meydanında böyük zəfər qazanan Ali Baş Komandan növbəti dəfə oktyabrın 23-də Yaponiyanın “Nikkei” qəzetinə verdiyi müsahibə ilə bir daha Azərbaycan xalqının iradəsini bütün dünyaya bəyan etdi.

Bu münaqişənin ilk günlərindən Ermənistan tərəfi üçüncü ölkəni cəlb etmək məqsədilə Türkiyə dövlətinin Azərbaycan tərəfdə müharibə apardığı məsələsini gündəmə gətirməklə həmişəki kimi şər, böhtan xarakterli xislətindən əl çəkmədi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bir daha bu məsələyə aydınlıq gətirərək bildirdi ki, biz Türkiyənin regional məsələlərdə fəal iştirakına hər zaman güclü dəstək veririk. Faktiki olaraq bu iştirak açıq-aşkardır. Türkiyə indi təkcə bizim regionumuzda deyil, Qafqada deyil, daha geniş coğrafiyada və dünyada mühüm rol oynayır. Bu reallıqdır və bu bizim üçün çox yaxşı reallıqdır. Çünki Türkiyə bizim üçün qardaş ölkədir, ən yaxın müttəfiqimiz və dostumuzdur.

Jurnalistin Türkiyə ilə bağlı suallarını təmkinlə cavablandıraraq prezidentimiz qeyd etdi ki, Türkiyə Qafqazın üç ölkəsi ilə sərhəddi olan yeganə ölkədir. Başqa heç bir ölkənin onların hər üçü ilə sərhəddi yoxdur. Əlbəttə ki, Türkiyə fəal şəkildə cəlb olunmalıdır, Türkiyə cəlb olunub və biz bunu möhkəm dəstəkləyirik.

Dağlıq Qarabağa müstəqillik məsələsinə gəldikdə isə, cənab Prezident birmənalı şəkildə vurğuladı ki, heç vaxt Dağlıq Qarabağda referendum keçirilməyəcək.
Ali Baş Komandanımız hamımızı qürurlandıraraq bir daha bəyan etdi ki, ordumuz XXI-ci əsrin ordusudur, ən müasir silahlarla təmin olunub və hərbi əməliyyatlar müasir hərb elminə uyğun aparılır.
Ordumuz rəşadətlə vuruşur, düşmənə sarsıdıcı zərbələr vurur. Hər iki tərəfdən itkilər var. Düşmənin itkiləri isə dəfələrlə çoxdur. Cənab Ali Baş Komandan bu müsahibəsində də bildirdi ki, bütün bunların məsuliyyəti Ermənistanın təcavüzkar hakimiyyətinin üzərinə düşür. Bizim işimiz haqq işidir, ordumuz Vətən müharibəsi aparır.

Cənab Prezidentimiz bir daha vurğuladı ki, müharibədə itkilərin olacağını nəzərə alaraq son ana qədər Azərbaycan tərəfi həmişə məsələnin sülh yolu ilə həllinə çalışıb. Lakin həmişəki kimi Ermənistan tərəfinin təcavüzkarlığının sonu olmadığından törətdikləri təxribatlara adekvat olaraq ordumuz əks- hücuma keçərək işğal olunmuş torpaqlarımızın azad olunmasına başladı.

Mən isə qürurla deyirəm ki, Ali Baş Komandanımız əsl sərkərdə kimi bütün bu işlərə uğurla rəhbərlik edərək ordumuzu qələbədən- qələbəyə aparır və hər gün bizə yeni, müjdəli xəbərlər çatdırır. Hər gün yeni şəhərlərimiz, qəsəbələrimiz, kəndlərimiz işğaldan azad olunur. Çox sevindirici haldır ki, bu gün bütün xalqımız bir yumruq kimi birləşərək dövlətimizin, Prezidentimizin və ordumuzun arxasındadır.

Hamı vuruşmaq, vətən müharibəsinə öz töhfəsini vermək istəyir. Xalqımz Ali Baş Komandana güvənir. Hər birimiz əminik ki, qələbəmiz çox da uzaqda deyil. Axı biz öz torpağımızı azad etmək uğrunda vuruşuruq. Yolumuz vətən yolu, ölməz şəhidlərin yoludur. Övladları şəhid olan valideynlər “Vətən sağ olsun!” deyirlər. Belə milləti isə heç bir mənfur düşmən məğlub edə bilməz!

 

Bu gün Azərbaycan Ordusu Cənubi Qafqazda ən güclü ordudur və dünyanın 50 ən güclü ordularından biridir. Onun İlham Əliyev kimi məğrur sərkərdəsi var. Arxasında Azərbaycan xalqı mətinliklə, vüqarla, iftixarla dayanıb. Ulu öndərin yolunu uğurla davam etdirir. Prezidentimizin özünün də qeyd etdiyi kimi, Azərbaycan özü döyüşür, heç bir xarici döyüşçüyə ehtiyacımız yoxdur.
Həmişəki kimi bu dəfə də hər birimizin ürəyinədən keçənləri dedyinizə görə Sizə minnətdarıq, cənab Ali Baş Komandan!

Bu zəfər yürüşümüzün yaxın bir zamanda qələbə ilə başa çatacağı gün uzaqda deyil! Qələbə bizimlədir!

Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Çingiz Dadaşov,
Nəsimi rayon sakini, ehtiyatda olan zabit

Cebhe.info

ƏVVƏLKİ XƏBƏR

Cüdoçumuz qızıl medal qazanıb əsgər salamı verdi

SONRAKI XƏBƏR

Ermənistanın işğalçılıq siyasəti bu dəfə CNN televiziyasında ifşa edildi