Azərbaycanın da sahib olduğu “S-300”-lərin göstəriciləri - Fotolar

Azərbaycanın da sahib olduğu “S-300”-lərin göstəriciləri -  Fotolar

Prezident İlham Əliyev oktyabrın 20-də xalqa növbəti müraciətində düşmənin məhv edilmiş və hərbi qənimət kimi götürülmüş texnikaları barədə məlumatı açıqlayıb. Məlum olub ki, düşmənin 241 tankı, piyadaların 50 döyüş maşını, özüyeriyən 17 artilleriya qurğusu, 198 top, 58 minaatan, 53 tank əleyhinə vasitə, 70 “Qrad” qurğusu, 2 “Uraqan”, 2 YARS (Yaylım Atəş Raket Sistemi), 1 TOS, 3 TOR, 40 OSA, 5 KUB və KRUQ, 4 “S-300” zenit-raket kompleksi, 2 əməliyyat-taktiki raket kompleksi - “Elbrus”, 1 ballistik raket, 1 “Toçka-U” raketi, 8 radioelektron mübarizə vasitəsi, 198 yük avtomobili, 5 hərbi təyyarəsi məhv edilib. Eyni zamanda 39 tank, piyadaların 24 döyüş maşını, 12 minaatan, 25 qumbaraatan, 102 yük avtomaşını, çox sayda digər silah-sursat hərbi qənimət götürülüb. Beləliklə, sentyabrın 27-dən indiyə qədər davam edən döyüşlərdə Ermənistan silahlı qüvvələrinə 5 milyard dollara yaxın ziyan vurulub.

Məhv edilən düşmən hərbi texnikası arasında yüksək məhvetmə gücünə malik “S-300” zenit-raket kompleksi xüsusilə diqqət çəkir. Yenisabah.az hərbi mənbələrə istinadla xəbər verir ki, "S-300" (ABŞ və NATO təsnifatına görə: SA-10 Grumble, SA-12 Giant/Gladiator, SA-20 Gargoyle) - uzun radiuslu zenit raket sistemidir. Seriyalı istehsalına 1975-ci ildə başlanıb. 1978-ci ildə sistemin sınağı başa çatıb. "S-300" zenit raket sistemi (ZRS) radiolokatorlu axtarış sisteminə malik idarəetmə mərkəzindən, 6 zenit raket kompleksindən (ZRK) ibarətdir. 6 ZRK-dan hər biri adətən onun yerləşdiyi hərbi hissənin tabeliyində olur. İdarəetmə mərkəzi hədəflərin ZRK-lar arasında avtomatik bölüşdürülməsinə xidmət edir və öz raketləri olmur. İri sənaye, hərbi və inzibati obyektlərin hava-kosmik zərbələrindən müdafiəsi üçün tətbiq olunur. Ballistik və aerodinamik hədəfləri vurmaq imkanındaır. Əvvəlcədən koordinatları məlum olan yer üzərindəki obyektləri məhv etmək imkanına malikdir. İlk çoxkanallı ZRS kimi eyni zamanda 6 hədəfi izləyə və onun hər birinə 12 raket tuşlaya bilir. Bu raketlər modifikasiyasından asılı olaraq hədəfləri 47 km-dən 150 km-dək məsafədə vurma imkanına malikdir. Kompleksin hava obyektlərinin aşkar edilməsinin uzaqlığı 120-dən 300 kilometrədəkdir. Bu kompleksin birinin qiyməti 120 milyon dollara yaxındır.

Hazırda "S-300" kompleksləri Rusiyadan başqa 18 ölkənin, o cümlədən postsovet dövlətlərdən Qazaxıstan, Ukrayna, Belarus və Azərbaycanın hava hücumundan müdafiə qüvvələrinin silahlanmasında mövcuddur. Bir qədər əvvəl xatırlatdığımız kimi, cari il oktyabrın 20-ə qədər Ermənistanın silahlı qüvvələrində də bu kompleksdən olub. Amma Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatlarının gedişində Ermənistana məxsus 4 belə kompleks məhv edilib. Bununla da təkcə bu komplekslərə görə düşmən ordusuna yüz milyonlarla dollar ziyan vurulub.

Azərbaycan da 2010-cu ildə Rusiyadan 2 divizion "S-300 PMU2 Favorit" kompleksini - hava hücumundan müdafiə (HHM) sistemini alıb. Bu raketlər ilk dəfə 2011-ci il iyunun 26-da Bakıda keçirilən hərbi paradda nümayiş olunub. 2013-cü ilin oktyabr ayında isə Azərbaycan Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin N saylı hərbi hissəsində Milli Məclisin üzvlərinin və KİV nümayəndələrinin iştirakı ilə "S-300" zenit raket kompleksinə ictimai baxış keçirilib. Sözügedən "S-300 PMU2 Favorit" kompleksi həmin vaxt bu tip silahların ən son və yeniləşdirilmiş modeli sayılırdı. Hərbi ekspertlərin qənaətinə görə, bu sistem 27 km hündürlüyə qədər, 200 km uzaqlıqda yerləşən hədəfləri vurmağa qadirdir, eyni anda 36 hədəfə 3 saniyə ərzində atəş aça bilər. Sistem mobil imkanlara malik olduğundan operativ yerdəyişmə həyata keçirir və 5 dəqiqə ərzində döyüş vəziyyətinə gətirilir. Raketinin uzunluğu 7.5 metr, diametri 0.519 metr, çəkisi 1480-1500 kq arasında, kalibri 515 mm, döyüş başlığının çəkisi isə 180 kq olur. Qurğu 300 km radiusda eyni anda 300-ə qədər hədəfi aşkar edə, silah qurğularının yerləşdiyi divizionla komanda məntəqəsi arasında 90 km məsafəyədək əlaqə yaradaraq hədəfləri vura bilir. Sistem özü avtomatik olaraq hədəfləri müəyyən edir və atəş açır. Hədəflərin vurulma ehtimalı 100-də 99-dur.

Sözügedən kompleksin Azərbaycanda paradda və ictimai baxış zamanı nümayişini, həmçinin Silahlı Qüvvələrimizin Ermənistanda məhv etdiyi “S-300”-ün vəziyyətini əks etdirən fotoları təqdim edirik.

 

Mənbə: yenisabah.az