Münaqişənin həlli regiona sülh gətirəcək...

Artıq 30 ilə yaxındır ki, Dağlıq Qarabağ münaqişəsi davam edir. 30 ildir xalqımız öz dədə-baba yurdlarından didərgin salınmış, vətən həsrəti çəkmişdir. Uzun illərdir gedən danışıqlar prosesi çox təəssüf ki, heç bir nəticə verməmişdir. Atəşkəs olmasına baxmayaraq, ermənilər zaman–zaman təxribatlara əl atmış, daim dinc əhalini hədəf seçmişdir.

Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yaradılmış ATƏT-in Minsk qrupu və onun üzvləri məsələnin həlli üçün lazımı səy göstərmədikləri üçün bu gün bu münaqişə davam edir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi hələ də kağız üzərində qalmışdır. Ermənistana təzyqilər edilib, bu qətnamələr praktiki olaraq həyata keçirilsəydi, məsələ sülh yolu ilə həll oluna bilərdi.

Sentyabrım 27-də baş verən erməni təxribatından sonra şanlı Ordumuz düşmənə qarşı əks-hücum əməliyyatı keçirmiş və bu gün də əməliyyatlar uğurla davam etdirilir. Ordumuzun gücünü görən məğlubiyyətə uğrayan düşmən atəşkəs üçün müraciətlər etməyə başladı. Minsk qrupunun həmsədri olan bu məslənin həllində fəal iştirak edən Rusiyanın vasitəçiliyi ilə oktyabrın 9-da Azərbaycan və Ermənistanın baş nazirləri arasında görüş oldu. Bu görüşün nəticəsi olaraq baza prinsipləri əsas götürülmüş və humanitar atəşkəs olunması haqqında tərəflər arasında razılıq əldə olunmuşdur. Lakin Ermənistan tərəfi atəşkəsi pozaraq yenidən mülki insanları və obyektləri hədəfə almışdır. Gecə vaxtlarıda, heç bir jərbi obyektin olmadığı və sülh bölgəsi olan Gəncədə balistik raketlərlə terror aktı törədilmiş və onlarla insan həlak olmuşdur.

Cənab Prezident İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə verdiyi müsahibəsində Ordumuzun qazandığı uğurlardan, eyni zamanda bu əks-hücum əməliyyatları zaman siyasi sahədə də qazandığımız nailiyətlərdən söz açmışdır. O bildirmişdir ki, “Uzun illərdir ermənilərin sabit qalması üçün çalışdıqları status-kvo artıq yoxdur. Təmas xətti anlayışı artıq tamamilə aradan qaldırılmışdır. Buna görə də Ermənistan rəhbərliyi daha məntiqli davranmalı və işğal altında olan torpaqlarımızı tərk etməlidir. Ordumuzun uğurlu əməliyyatları nəticəsində Zəngilan, Füzuli, Cəbrayıl rayonları, onlarla kənd işğaldan azad edilmişdir və bu davam edəcəkdir.”

Ordumuzun uğurlu əməliyyatlarından sonra böyük itkilər verən Ermənistan tərəfi saxta məlumatlar yayaraq region ölkələrini münaqişəyə cəlb etmək istəyir. Sosial şəbəkələrdə Azərbaycanın bir çox ölkələrdən döyüşmək üçün dəstələr gətirdiyini yayırlar. Lakin bu yalan məlumatdır. İlham Əliyev öz müsahibəsində bildirmişdir ki, döyüş meydanında zərərsizləşdirilənlər arasında Livan pasportu olan, Kanada pasportu olan insanlar var. Azərbaycanın kifayət qədər insani, nizami ordusu var və bizim muzdlulara ehtiyacımız yoxdur.

Bu gün Azərbaycan iqtisadi, siyasi və digər sahələrdə inkişaf edən qabaqcıl ölkələrdən biridir. Qarabağ məsələsinin həll olunmasından sonra bu ərazilərdə olan məhsuldar torpaqlar kənd təsərrüfatımızın daha da inkişaf etməsinə səbəb olacaqdır.

Prezident öz müsahibəsində Yaponiya ilə olan ələqalərdən də danışmışdır. Yaponiya ilə Azərbaycan arasında enerji sahəsində olan əlaqələr xüsusilə qeyd olunmalıdır. Eyni zamanda maşınqayırma, avadanlıq və kənd təsərrüfatı sahəsində də əməkdaşlığımız var.

Cənab Prezidentimiz İlham Əliyevin və birnci vitse-prezident Mehriban Əliyevanın ölkənin inkişafında göstərdiyi səylər və idarəçilik qabiliyyəti Azərbaycanın inkişaf etməsinə səbəb olmuşdur. Yüksək idarəçilik qabiliyyəti, uğurlu siyasət və möhkəm iradə nəticəsində bu gün Azərbaycan regionda sözünü deyən ölkələrdən biridir. Eyni zamanda Qarabağ uğrunda gedən bu döyüşlərdə xalqın birliyi, Prezidentin qətiyyətli addımları və güclü iradəsi ölkəmizin bu yolda qələbəsi ilə nəticələnəcəkdir. Hətta müharibənin başladığı andan müxalifət partiyaları da Prezidentin arxasında duraraq, onun ətrafında birləşmişlər.

Ən qısa zamanda ordumuz torpaqlarımızı geri alacaq və yenidən regionda sülh bərpa olacaqdır. Hər birimiz inanırıq ki, yaxın zamanda Qarabağda yenidən Azərbaycan bayrağı dalğalanacaq!

Rumiyə Vəliyeva

Mia.az

ƏVVƏLKİ XƏBƏR

Yapon “Nikkei”si və fransız “Fiqaro”su – -Həqiqətlərimizin yeni ünvanları

SONRAKI XƏBƏR

“Volfsburq” Bundesliqanın cari mövsümündə ilk qələbəsini qazanıb