Ermənilər məqsədli şəkildə Qarabağa yerləşdirildi - İlham Əliyev

“Mən deyəndə ki, biz tarixi ədaləti bərpa edirik – tam haqlıyam. Mən Münxen Təhlükəsizlik Konfransında bütün dünyaya və bu canlı formatda aparılmış diskussiya əsaasında sübut edə bilmişəm ki, bu, bizim tarixi torpağımızdır”.

Publika.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində deyib.

“19-cu əsrin əvvəllərində imzalanmış Kürəkçay sülh anlaşması haqqında məlumat vermişdim. Dünyada bu anlaşma haqqında, ümumiyyətlə, geniş ictimai fikirdə heç bir məlumat yox idi. Əfsuslar olsun ki, hətta Azərbaycanda bu müqavilə haqqında geniş məlumat yox idi. Kürəkçay sülh müqaviləsini Qarabağ və Şuşa xanı İbrahimxəlil xan imzalamışdı, digər tərəfdən çar Rusiyası generalı imzalamışdı. Bu müqavilə internetdə var, hər kəs baxa bilər. Əminəm ki, mənim bu sözlərimdən sonra indiki döyüş meydanında vəziyyəti maraqla izləyən geniş beynəlxalq auditoriya gedib bu saytlara girəcək, baxacaq görəcək ki, o müqavilədə erməni xalqı haqqında bir kəlmə də yoxdur. Çünki erməni xalqı o vaxt orada yox idi. Erməni xalqı Kürəkçay, Gülüstan, Türkmənçay sülh müqavilələrindən sonra bizim dədə-baba torpaqlarımıza gətirildi. Məqsədyönlü şəkildə gətirildi və ölkəmizin ən dilbər guşələrindən olan Qarabağda yerləşdirildi. Onlara şərait yaradıldı. Məqsəd də aydın idi: imperiyanın yeni torpaqlarında dini tərkibi dəyişdirmək, müsəlmanları öz dədə-baba torpaqlarından qovmaq, didərgin salmaq və yeni reallıq yaratmaq idi. Bu idi məqsəd və bu məqsədə, əfsuslar olsun ki, çatdılar”, - dövlət başçısı qeyd edib.

Publika.az

ƏVVƏLKİ XƏBƏR

AYİB Azərbaycanın qida istehsalçısına 7 milyon manat kredit ayırıb

SONRAKI XƏBƏR

İlham Əliyev: “Ermənistan döyüş meydanında diz çöküb”