​ABŞ-da əldə edilən atəşkəs razılaşması qalıcı ola bilməz – ŞƏRH

​ABŞ-da əldə edilən atəşkəs razılaşması qalıcı ola bilməz – ŞƏRH

“ABŞ-da əldə edilən atəşkəs razılaşması qalıcı ola bilməz. Bu razılaşmanın qalıcı olması regionda ən azı iki dövləti narazı salır. Bunlardan biri Rusiya, digəri isə İrandır”. Bunu Metbuat.az-a özəl açıqlamasında AMEA Qafqazşünaslıq İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə deyib.

 

O qeyd edib ki, Rusiyada əldə olunan razılaşmadan sonra atəşkəsin Ermənistan tərəfdən pozulması, paralel olaraq həmin dövrdə ABŞ-dan humanitar yardım adı altında müxtəlif təyyarələrin Yeravana uçması bir çox sualları ortaya çıxardı.

Rusiyada əldə edilən atəşkəsi pozmaq üçün Ermənistana cəsarət verən nə olmuşdu?

“ Əslində Paşinyan hökuməti Rusiyada atəşkəsə getməklə, sonra isə bilərəkdən bu atəşkəsi pozmaqla Rusiyanın nüfuzuna zərbə vurmaq kimi məkrli bir məqsəd güdürdü. Bu nüfuz zədələndikdən sonra Ermənistanın məhz ABŞ-a üz tutması təsadüfi sayıla bilməz. İndi Rusiyada yaxşı başa düşürlər ki, ABŞ vasitəçiliyi ilə əldə olunan istənilən atəşkəs Rusiyanın regiondakı nüfuzunu zədələyir. Bu baxımdan hesab edirəm ki, Ermənistan ordusu daxilindəki müəyyən qüvvələr bu atəşkəsin pozulması üçün addımlar ata bilərlər.

Digər tərəfdən cənub qonşumuz olan İran da atəşkəsin məhz ABŞ-ın vasitəçiliyi ilə əldə olunmasını arzulaya bilməz. Çünki, XX əsrin 90-cı illərində İranın vasitəçiliyi ilə əldə olunan bütün razılaşmalar məhz digər dövlətlərin onu dəstəkləməməsi səbəbindən pozulub.

Bu baxımdan hesab etmirəm ki, bu atəşkəs qalıcı olacaq” – deyə politoloq qeyd edib.

 

 

 

Mənbə: metbuat.az