Aktyor Mel Qibson rəsmi İrəvanı dəstəklədi: “ABŞ-da çoxlu erməni dostum var”

Aktyor Mel Qibson rəsmi İrəvanı dəstəklədi: “ABŞ-da çoxlu erməni dostum var”

Məşhur amerikalı aktyor Mel Qibson video mesaj yazaraq Qarabağ müharibəsindən bəhs edib.

KONKRET.az xəbər verir ki, video RTVI kanalı tərəfindən yayımlanıb.

Mel Qibson Dağlıq Qarabağdakı müharibədən narahat olduğunu bildirib: “Münaqişənin sülh yolu ilə həllində erməni xalqına dua edirəm”.

“İşğal edilən Dağlıq Qarabağda qarşıdurmanın kəskinləşməsini dərin bir kədər hissi ilə öyrəndim. Burada ABŞ-da bir çox erməni dostum var və onlar əzablarından, yaxınlarını itirməkdən danışırlar. Bu çətin anlarda onlar üçün dua edirəm”. Qibson müraciətində belə deyib.

O, böyük çətinliklərlə üzləşən erməni xalqına böyük hörmət etdiyini əlavə edib.

“Ermənilər çox inadkar və səxavətli bir xalqdır. Bu insanların qabiliyyətləri, sizin və mənim bildiyim kimi, sonsuzdur. Dostlar, möhkəm olun, işinizi davam etdirin və Allah sizi qorusun” vurğulayıb.

Mel Qibson videomüraciətində böyük güclərin müdaxiləsi ilə Dağlıq Qarabağdakı müharibənin dayandırılacağına ümid etdiyini də bildirib.

Əvvəllər aktyor Şon Penn və model Xeyli Biber kimi qeyri-erməni məşhurlar Ermənistana və işğal edilən Qarabağa dəstək olduqlarını bildiriblər.

Qeyd edək ki, Qarabağ münaqişəsi zonasında 27 sentyabrdan bəri müharibə gedir. Azərbaycan Silahlı Qüvvələri işğalda olan torpaqlarının bir qismini azad edib.

Haşiyə: Dost və düşmən insanın çətin günündə tanınır. Guya bu ABŞ-lı “məşhurlar” ermənilərə dəstək verməklə nəyəsə nail olacaqlar. Məqsədləri yəqin Azərbaycan Xarici İşlər Nazirliyinin “qara siyahısı”na düşməkdir…

 

Mənbə: konkret.az