Qubadlıdan bir qrup ziyalının Ali Baş Komandan İlham Əliyevə MÜRACİƏTİ...

Qubadlıdan bir qrup ziyalının Ali Baş Komandan İlham Əliyevə  MÜRACİƏTİ...

Hörmətli cənab Prezident, Ali Baş Komandan!

Komandanlığınızla 27 sentyabrdan başlanan Qurtuluş Savaşı hər gün yeni qələbələrlə xalqımızı sevindirir, vətəndaşlarımıza sonsuz ruh yüksəkliyi bəxş edir.

Bizim üçün Azərbaycanın hər qarış torpağı doğmadır, əzizdir. Ancaq etiraf edək ki, dünyaya göz açdığımız, 28 ildən bəri həsrət qaldığımız, əzizlərimizin cismi uyuyan Qubadlının yağı düşməndən azad edilməsi xəbərini sizin dilinizdən eşitmək, ekran-efirdə görüb izləmək bir özgə hissdir. Bizim həyatımızda, mənəvi dünyamızda Qubadlının başqa yeri var. Bu xoş xəbərin bəxş etdiyi duyğunu sözlə ifadə etmək çox çətindir. İnanırıq ki, tezliklə hər birimizin o torpaqları ziyarət etmək, o ellərə dönmək arzumuz gerçəkləşəcəkdir. Xalqımız Laçın, Kəlbəcər, Şuşa, Xankəndinin də yağı tapdağından qurtuluş xəbərini Sizdən eşitmək arzusu ilə yaşayır.

Hər birimiz yaxşı anlayırıq ki, bu zəfər, bu qalibiyyət yürüşü yalnız Sizin siyasi iradəniz, qətiyyətinizin, güclü təzyiqlərə sinə gərib dəf edən zəkanızın bəhrəsidir, bu qələbələr yalnız Sizin hərbi sərkərdəlik bacarığınız, Milli Ordumuza ilham, güc-qüvvət verən komandanlıq məharətiniz sayəsində gerçəkləşib. Sizinlə fəxr edirik, ən böyük minnətdarlığımız sizədir. Xalqımızın milli qürur hisslərinin özünə qaytarılması, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi sizin adınıza yazılan əbədi şöhrət, şərəf-şandır. Uşaqdan böyüyə hər bir azərbaycanlının qəlbində bu gün bir İlham Əliyev sevgisi boy atıb, ucalıb. İşğaldan azad edilən hər bölgəmizin ən uca zirvəsində sizin adınız, surətiniz əbədi heykəlləşəcəkdir, çünki bunu yalnız sizin kimi qüdrətli Prezident, Komandan reallaşdıra bilərdi. Azərbaycanı əsarətə baş əyməyən xalqı, hərb meydanında savaşmağı, döyüşməyi bacaran ordusu ilə, bütün gücü ilə dünyaya tanıdan, qəbul etdirən siz oldunuz. Hər zaman sizinləyik, ölkəmizi işıqlı günlərə aparan siyasətinizi dəstəkləyənlərin ön sırasındayıq. Bizlərə bu sevincli və qürurverici günləri yaşatdığınız üçün sizə sonsuz təşəkkürümüzü bildiririk.

Var olun, 100 yaşayın! Allah sizi, ailənizi qorusun, qalib Prezident, müzəffər Ali Baş Komandanımız! Qarabağ Azərbaycandır, yaşasın bütöv Azərbaycan!

Sonsuz sevgi və ehtiramla,

Professorlar; Abbas Abbasov, Edil Eyvazov, Məhəmməd Quliyev, Yaqub Şərifov, Rafiq Yusifoğlu, İlham Şahmuradov, Möhsün Alışov, elmlər doktorları; Fətəli Abdullayev, Aytən Bayramova, Rövşən Hümbətəliyev, fəlsəfə doktorları, dosentlər; Mahirə Abdulla, Xankişi Məmmədov, Cabir Quliyev, Mübariz Xəlilov, Şakir Alıyev, Hacı Nərimanoğlu və başqaları

 

 

Mənbə: moderator.az