BAMF erməni lobbisinin Fransanın TF1 kanalının müxbirinə qarşı təzyiqlərini şiddətlə qınayır

BAMF erməni lobbisinin Fransanın TF1 kanalının müxbirinə qarşı təzyiqlərini şiddətlə qınayır

Fransanın TF1 kanalının müxbiri Liseron Budul Qarabağda cəbhə bölgəsində hazırladığı reportaja görə təzyiqlərə məruz qalıb. Erməni lobbisinin üzvləri Budulu ölümlə təhdid edib.

Söz azadlığı, ifadə azadlığı və insan hüquqlarına zidd olan bu addımlar Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) tərəfindən şiddətlə qınanıb. Bu hadisə ilə bağlı BAMF bəyanat səsləndirərək beynəlxalq qurumları hərəkətə keçməyə və mətbuat azadlığına zidd olan bu addımları qınamağa çağırıb.

Eurasia Diary bəyanatı təqdim edir:

Ermənistan 30 ilə yaxındır ki, Azərbaycanın 20% torpaqlarını işğal altında saxlayır. Bununla əlaqədar BMT Təhlükəsizlik Şurası 1993-cü ildə 822, 853, 874 və 884 saylı 4 qətnamə qəbul edərək işğalçı qüvvələrin geri çəkilməsini tələb edib. Daha sonra isə Avropa İttifaqının və ATƏT-in Minsk Qrupunun qəbul etdiyi müvafiq sənədlərində işğalın sonlandırılması qeyd olunub. Bu illər ərzində Ermənistan danışıqlar adı altında vaxt uzadaraq sülhün bərqərar olunmasını deyil, hətta digər Azərbaycan torpaqlarının da işğal edilməsini bəyan edib.

Azərbaycan danışıqlar yolunu əsas tutaraq böyük səbrlə münaqişənin sülh yolu ilə həll edilməsinə çalışıb. 30 il müddətində hədə ilə deyil, sülh ilə danışan Azərbaycan danışıqlar masasında Ermənistanın dekonstruktiv mövqeyi ilə üzləşib. Əfsuslar olsun ki, Azərbaycan tərəfinin sülh çağırışlarına Ermənistan dinc əhalini qətl etməklə və “Qarabağ Ermənistandır” kimi təhlükəli ifadələr səsələndirməklə cavab verib. Ermənistanın Müdafiə naziri Davit Tonoyan Azərbaycanı yeni işğalla hədələyib. Daha sonra isə Tovuz istiqamətində təxribata əl ataraq bir sıra Azərbaycan Ordusunun yüksək vəzifəli hərbi qulluqçularını qətlə yetirib.

Bütün bunlardan sonra Azərbaycan Ordusu Ermənistanın artan aqressiyasının qarşısını almaq üçün torpaqları öz gücünə azad etməyə başlayıb. Azərbaycanın uğurlu əməliyyatlarının qarşısında tab gətirə bilməyən düşmən isə bu dəfə mülki əhalini hədəfə alıb. İşğalçı Ermənistan rəhbərliyi Azərbaycanın mülki əhalisinin yaşadığı Gəncə, Mingəçevir, Füzuli, Goranboy, Tərtər, Xızı və hətta Abşeron yarımadasına zərbələr endirib. Bu hücumların nəticəsində azyaşlı uşaqlar da daxil olmaqla çoxsaylı mülki əhali həlak olub.

Ermənistanın atdığı addımlar və sərgilədiyi davranışlar beynəlxalq humanitar hüququn kobudcasına pozulması və beynəlxalq təhlükəsizliyin ciddi şəkildə hədə altına alınmasıdır.

Döyüşlərdə qanunları pozan Ermənistan informasiya müharibəsində də özünə xas olan addımlardan geri qalmır. Belə ki, Fransanın TF1 kanalının müxbiri olan Liseron Budul (Liseron Boudoul) hazırladığı reportaja görə Fransada fəaliyyət göstərən erməni lobbisinin üzvləri tərəfindən ciddi təzyiqlərlə üzləşib. Qeyd etmək lazımdır ki, bu reportaj sadəcə 3-4 dəqiqəlik zamanı əhatə edir və Ermənistan hətta kiçik reportaja da dözümlülük göstərmək istəmir. Azərbaycanın düşmən tərəfindən zərbələr altında qalan mülki yaşayış məntəqələrindən çəkiliş edən jurnalist Ermənistan tərəfinin mülki əhaliyə qarşı amansız hücumlarını dünya ictimaiyyətinə çatdırmağa çalışıb.

Fransalı jurnalist müharibə zamanı Azərbaycanın dinc əhalisinin yaşadığı bölgələrdə həyatın necə davam etdiyini lentə alıb. Kadrları izlədikdə Ermənistanın mülki obyektlərə hücumlarını və Gəncədə törətdiyi faciənin miqyasının şahidi ola bilərik. İşğalçı Ermənistan rejiminin Azərbaycana qarşı qanunsuz addımlarının aşkar sübutu olan bu kadrlar isə Ermənsitan tərəfindən ciddi narahatlıq yaradıb. Öz bədnam əməllərinin ifşa olunduğunu görən Ermənistan dövlətinin işğalçı siyasətini dəstəkləyən erməni lobbisi və ermənipərəst qüvvələr Fransanın TF1 kanalının əməkdaşı Liseron Budula təzyiqlər göstərməyə başlayıb. Bunun nəticəsində isə onlar adıçəkilən reportajın silinməsinə nail olublar.

Hərhansı bir jurnalistin bu cür təzyiqlərə məruz qalması söz azadlığı və mətbuat azadlığına qarşı ciddi pozuntudur. Digər önəmli bir məqam isə bu hadisənin təəssüf ki, Avropanın ən inkişaf etmiş ölkələrindən biri və ATƏT-in Minsk Qrupunun üzvü olan Fransada yaşanması da diqqət çəkir.

Qeyd edək ki, Liseron Budul erməni lobbisi tərəfindən təhqirlər və ölüm hədəsi ilə də üzləşib. Tam obyektiv və jurnalistika qaydalarına uyğun olaraq reportaj hazırlayan müxbirin bu şəkildə hədələrlə üzləşməsinin arxasında açıq şəkildə Ermənistanın təcavüzkar siyasətini dəstəkləyən dairələriin dayanması heç bir şübhə doğurmur.

BAMF söz və ifadə azadlığını, insan hüquqlarını dəstəkləyən beynəlxalq qurumlara müraciət edərək Fransanın TF1 kanalının müxbiri Liseron Budula qarşı edilən təzyiqləri şiddətlə qınamağa çağırıb.

Mənbə: ednews.net