“Gecə saat 3-ə qədər telefonum susmadı” - Qubadlıdan olan komitə sədri

“Gecə saat 3-ə qədər telefonum susmadı” - Qubadlıdan olan komitə sədri

Sentyabrın 27-də erməni təxribatına cavab olaraq Odumuzun əks-hücum əməliyyatı nəticəsində azad olunan torpaqlarımız hər birimizə sevinc, qürur bəxş edib. Azad edilən ərazilərimizdə Azərbaycan bayrağının dalğalanması hər bir vətəndaşımızı qürurlandırır. Uzun illər bu günləri gözləmişik. İşğaldan qurtarılan hər bir kəndin, şəhərin adı Ali Baş Komandan tərəfindən xalqımıza elan olunduqca insanlarda böyük ruh hissi yaranır. Qələbə qədər dünyada şirin və fərəh yaradacaq başqa bir hiss yoxdur.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.

Komitə sədrinin sözlərinə görə, hər bir insan daim doğulduğu yerin xatirələri ilə yaşayır: “Mən Qubadlı rayonun Həmzəli kəndində anadan olmuşam. 1990-cı ildə Bakı səhəri 1 saylı fizika-riyaziyyat təmayüllü litseyi bitirmişəm. Amma uşaqlığımın keçdiyi o regionda, kənddə hər daş, hər ağac mənim üçün qiymətlidir, əzizdir. Orada hər bir ağacın, daşın, yerin xatirəsi var. Ona görə də, biz hər birimiz səbirsizliklə bu günü gözləyirdik.

Allaha çox şükür ki, bu günləri bizə qismət elədi. Allah Ali Baş Komandanımızı, Ordumuzu qorusun. İnanıram ki, son qalibiyyət günü daha yaxındır. Bayrağımız tezliklə Xankəndində, Şuşada dalğalanaraq bu böyük qalibiyyəti bütün xalqımız qeyd edəcək”.

Millət vəkili bildirib ki, Qubadlının azad edilməsi xəbəri onların ailəsində də böyük sevincə səbəb olub: “Sevinc göz yaşları ilə bu xəbəri qarşıladıq. Dünən gecə saat 3-ə qədər telefonlarımız susmadı. Hər kəs bir-birini təbrik edirdi. Qubadlıların böyük bir hissəsi Sumqayıt şəhəhərində məskunlaşıb. Dünən bu xəbər eşitdikdən sonra şəhərdə böyük bir coşqu vardı. İnsanların bu hisslərini anlamaq çox vacibdir. Bu, elə bir hissdir ki, yüz illərlə xatirəsi yaşanacaq”.

Tahir Mirkişili qeyd edib ki, son 200 il ərzində Azərbaycanda heç vaxt gerçəkləşməmiş bir qələbənin, rəşadətli bir yürüşün şahidiyik: “Bu hissləri yaşamaq indiki nəsil üçün də böyük bir xoşbəxlikdir. Qubadlı eyni zamanda strateji bir rayondur. Qubadlının azad edilməsi ilə Ermənistan-Azərbaycan sərhədinin böyük bir hissəsinə artıq bizim əsgər nəzarət edəcək. Bu, eyni zamanda Laçın koridoruna daha çox yaxınlaşmaq, müharibənin gələcək taleyinin tezliklə həll edilməsi imkanlarına sahib olmaq deməkdir”.

 

Mənbə: teleqraf.com