“Cenevrədə Ermənistan Azərbaycanın tələbləri qarşısında...” - Musabəyovdan proqnoz

Cenevrədə keçiriləcək danışıqlarda Azərbaycanın Ermənistandan dəqiq tələbləri olacaq. Ermənistan torpaqların azad edilməsinə dair konkret öhdəlik götürməlidir. Danışıqların birinci predmeti Ermənistan ordusunun işğal olunan ərazilərimizdən çıxmasıdır. Söhbət konkret olaraq Ağdam, Kəlbəcər və Laçından gedir.

Bu fikirləri Teleqraf.com-a sabiq dövlət müşaviri, politoloq Rasim Musabəyov oktyabrın 29-da həmsədrlərin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Cenevrədə keçirilməsi planlaşdırılan görüşü şərh edərkən deyib.

Musabəyov qeyd edib ki, oktyabrın 29-da keçirilən görüşdə ya erməni tərəfi haqqa gəlməlidir, ya da Azərbaycan Ordusu onları ağıllandırmalı olacaq: “Bunun ayrı yolu yoxdur. Yeri gəlmişkən, Azərbaycanın atəşkəslə bağlı tələblərindən biri də ondan ibarətdir ki, atəşkəs dövründə ermənilər sui-istifadə edib Laçın vasitəsilə əraziyə hərbi texnika, silah-sursat gətirməsin. Buna əməl olunmayacağı təqdirdə Azərbaycan bu atəşkəslə hesablaşmayacaq, danışıqların gedib-getməməsindən asılı olmayaraq onları məhv edəcək”.

Deputat ehtimal edir ki, erməni tərəfinin Cenevrədə Azərbaycanın tələblərini qəbul etməsi real görünmür: “Ermənilərin başı üzərindən Rusiya ilə Türkiyə razılaşma əldə edə bilsə və Moskva ermənilərə sərt şəkildə xəbərdarlıq etməsə, ermənilər ümumiyyətlə, yola gəlməyəcək”.

Teleqraf.com

ƏVVƏLKİ XƏBƏR

Pakistan Baş Naziri Makronu “terrorçu” adlandırdı...

SONRAKI XƏBƏR

Peşə məktəblərində müəllim işləmək istəyənlərin NƏZƏRİNƏ