“Ermənistan torpaqları boşaldacağına dair öhdəlik götürməlidir” - Yusif Bağırzadə

“Ermənistan torpaqları boşaldacağına dair öhdəlik götürməlidir” - Yusif Bağırzadə

“Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq torpaqları boşaldacağına dair öhdəlik götürməlidir”

Bu fikirləri Axeber.az-a açıqlamasında politoloq Yusif Bağırzadə prezident İlham Əliyevin ABŞ-ın “Fox News” televiziya kanalına müsahibəsində səsləndirdiyi fikirləri şərh edərkən deyib. O bildirib ki, Prezident İlham Əliyev informasiya müharibəsinin önündə gedir.

“Son 4 həftəyə yaxın müddət ərzində Azərbaycan Prezidenti sayı yüz milyonlarla ölçülən rus, ingilis və ərəb dilli auditoriyalara ünvanladığı geniş telemüsahibələrlə informasiya müharibəsinin önündə gedir və bu müharibədə də qalib gəlir desək səhv etmərik. Bu baxımdan ABŞ-ın “Fox News” televiziya kanalına müsahibəsi də özünün xüsusi əhəmiyyəti ilə seçilir. Faktdır ki, müharibə bəşlayandan dünya KİV-nin İlham Əliyevdən müsahibə götürməyə göstərdiyi marağın heç onda biri qədər Ermənistan rəhbərliyinə maraq göstərilmir. Bu təsadüfi deyil. Cənab prezidentin dünya KİV-lərinə müsahibələri hər dəfə yeni məzmun, fakt və təhlillərə söykəndiyi üçün maraqla və orijinal qarşılanır.

“Fox News” televiziya kanalına Prezidentin müsahibəsi ilk növbədə çoxmilyonlu ABŞ auditoriyasına ən müfəssəl məlumatların təqdim edilməsi baxımından olduqca əhəmiyyətli idi. Prezident Əliyevin böyük inam və əsaslı şəkildə çatdırdığı mətləblər Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından əhəmiyyətli rol oynayacaq və Azərbaycanın xeyrinə daha nəzərəçarpan effektlərə səbəb olacaq", - deyə o bildirib.

Politoloq Prezident İlham Əliyevin müsahibəsində bir sıra vacib məqamlara diqqət çəkib:

"Cənab Prezidentin müsahibə vasitəsilə ABŞ auditoriyasına, eləcə də dünya ictimaiyyətinə çatdırdığı əsas məqamlardan biri hərbi əməliyyatlara Ermənistanın başladığı və məqsədin danışıqlar prosesini pozmaq olması ilə bağlı idi. Məlumdur ki, Ermənistan avqustda hərbi Azərbaycanın mövqelərinə nüfuz etmək, mülki şəxslərə və hərbi qulluqçulara hücum etmək üçün diversiya qrupu göndərmişdi və Sentyabrın 27-də ağır silahlardan istifadə edərək artilleriya bombardmanına başladı. Nəticədə hücumun ilk saatlarında mülki şəxslər və hərbi qulluqçular arasında qurbanlar oldu ki, Azərbaycan da özünü müdafiə məqsədilə əks-hücum əməliyyatlarına başladı. Bu, olduqca vacib məqam idi və bütün dünyaya münaqişəni kimin başladığını çatdırmaq baxımından olduqca vacib idi.

​İkinci vacib məsələlərdən biri Azərbaycanın mövqeyinin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanması ilə bağlı idi ki, prezident də öz müsahibəsində bu faktı xüsusilə qabarıq şəkildə dilə gətirdi. Belə ki, 1993-cü ildə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələrdə Ermənistandan açıq şəkildə tələb olunurdu ki, qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən tam, qeyd-şərtsiz və dərhal çıxarsın. Bu baxımdan da Azərbaycanın erməni hücumuna qarşı verdiyi cavab Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinə tamamilə uyğundur.

​Digər vacib bir məqam ermənilərin uzun illərdir apardığı təbliğat və sülh planında guya ki, 7 rayonun qaytarılmasından sonra Dağlıq Qarabağa müstəqillik veriləcəyi ilə bağlı məsələlərin əks olunması ilə bağlı idi ki, cənab Prezident tərəfindən belə bir anlaşmanın olmaması tamamilə təkzib olundu. Prezidentin də qeyd etdiyi kimi vasitəçilər tərəfindən - Amerika Birləşmiş Ştatları, Rusiya və Fransadan Dağlıq Qarabağa müstəqillik verilməsi ilə bağlı heç bir plan təqdim olunmayıb.

Daha bir vacib məsələ isə heç şübhəsiz ki, Azərbaycan tərəfində muzdluların döyüşməsi ilə bağlı dezinformasiyaların təkzib olunması ilə bağlı idi ki, bu da olduqca əhəmiyyətli idi. Prezidentin də qeyd etdiyi kimi Fransa və Eusiya tərəfindən səsləndirililən bu iddilarla bağlı bu günə qədər bircə dənə də olsun sübut ortaya qoyulmayıb. Azərbaycanın muzdlulara ehtiyacı yoxdur. Nizami orduda 100 min əsgərimiz var və ümumi səfərbərlik elan olunacağı halda ordumuzun sayı 400 min nəfəri keçə də bilər. Bu gün Azərbaycanın istifadə etdiyi müasir texnikalar, dronlar və s. isə hər hansı bir muzdlunun istifadə edə biləcəyi silah növü deyil bu baxımdan da ordumuzda muzdlulardan istifadə edilməsi ilə bağlı səslənən iddialar dezinformasiyadan başqa bir şey deyil. Azərbaycanın iqtisadi göstəriciləri dünyada ən yaxşılardan biridir. On ay ərzində Azərbaycanda iqtisadi geriləmə 4 faizdən azdır. Azərbaycanda işsizlik səviyyəsi 7 faizdir. Azərbaycanda yoxsulluq səviyyəsi 5 faizdir. Ciddi sosial problem yoxdur. COVID-19-la bağlı Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən nümunə kimi göstərilir. Buna görə də Azərbaycanın bəzi daxili problemləri ört-basdır etmək üçün müharibəyə başlaması haqqında səslənən iddilar da cəfəngiyyatdan başqa bir şey deyil.

Prezident həmçinin döyüş meydanında ordumuzun tam qələbə ərəfəsində olduğunu və hətta bu şəraitdə də sülh danışıqları masasına qayıtmağa hazır və iradəli olduğunu aydın təqdim etdi. Bununla Prezident bir daha nümayiş etdirdi ki, Azərbaycan qalibiyyətli müharibə və uğurlu sülh danışıqlarının hər ikisini eyni vaxtda aparmaq gücündə olan ölkədir. Artıq dünya əmindir ki, orduların indi döyüş meydanından danışıqlar masasına qayıtması yalnız Ermənistanın məlum bəzi şərtləri qəbul etməsindən asılıdır və əks-təqdirdə proseslər Ermənistan üçün daha ağır nəticələr verməklə, bütün hallarda Azərbaycan ərazilərinin azad edilməsi ilə nəticələnəcək”.

Mənbə: axeber.az