Keçmiş XİN başçısı: “Danışıqlar sadəcə təzyiq metodudur” – MÜSAHİBƏ

Keçmiş XİN başçısı: “Danışıqlar sadəcə təzyiq metodudur” – MÜSAHİBƏ

Hüseynağa Sadıqov: “Birincisi, Azərbaycanın əks-hücum əməliyyatlarını dayandırmaq istəyirlər”

“İkincisi isə dünyanın böyük gücləri özlərini sülhpərvər kimi göstərməyə çalışırlar”

“Və, beləliklə, həm də Ermənistanın toparlanmasından ötrü ona vaxt qazandırırlar”

“Həmin böyük güclər işğalçılıq müharibəsi ilə azadlıq müharibəsini eyniləşdirir, bu iki məfhumun fərqlərini anlamırlar”

Artıq müharibəyə çevrilən Dağlıq Qarabağ münaqişəsi əslində hələ illər əvvəldən həllini tapmalı idi. Özü də qan, göz yaşı olmadan. Axı BMT Təhlükəsizlik Şurası məsələ barədə sənəd - 822, 853, 874 və 884 saylı qətnamələr qəbul edib. Həmin sənədlərin hər birində Azərbaycanın ərazi bütövlüyü təmin olunur. Elə isə niyə göstərilən tələblər kağız üzərində qalır?! Uzun illər keçdi, kağızlar köhnəldi, sənədləri toz basdı. Ona görə artıq özümüz həmin prinsipləri yerinə yetirməyə başladıq.


Ölkə prezidenti, Ali Baş Komandan İlham Əliyevin də dediyi kimi, biz BMT Təhlükəsizlik Şurasının tələblərini yerinə yetiririk. Yəni öz işimizi özümüz görürük. Bundan sonra danışıqlara, söhbətlərə nə ehtiyac var? Hələ dünya ictimaiyyəti, o cümlədən həmsədrlər bizə “sağ ol” desin ki, onların görməli olduğu işləri görürük. Deməli, bizə ən az otuz il borcludurlar.

Azərbaycan keçmiş xarici işlər naziri Hüseynağa Sadıqov baş verəın proseslərlə bağlı “Sherg.az”ın suallarını cavablandırıb:

- Biz sadəcə məlum dörd qətnaməmənin tələblərini yerinə yetiririksə, niyə haqlı mübarizəmizə münasibət birmənalı deyil?

- Bildiyiniz kimi, 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qətnamələri qəbul edilib. Onların hər birində açıq-aydın yazılıb ki, Ermənistan silahlı qüvvələri işğal edilmiş ərazilərdən çəkilməlidir. Lakin bu tələb sadəcə kağız üzərində qalıb. Onların tətbiqi üçün hansısa mexanizm hazırlanmayıb. Azərbaycan otuz il səbr etdi. İndi də məcbur qalıb özü öz gücünə qətnamə tələblərini icra edir. Müddəalar isə gün kimi aydındır. Heç kim bizə nəyisə irad tuta bilməz. Çünki öz ərazilərimizi işğaldan azad edirik. Heç kimin də torpağında gözümüz yoxdur. Ancaq qərəzli mövqe tutanlar bizim haqlı davamıza başqa cür yanaşa bilərlər.

- Son vaxtlar xarici işlər nazirləri ilə vasitəçilərin görüşü daha da intensivləşib. Sizcə, bu, nə ilə bağlıdır?

-Belə danışıqlar sadəcə təzyiq metodudur.

-Bəs məqsəd nədir?

Birincisi, Azərbaycanın əks-hücum əməliyyatlarını dayandırmaq. İkincisi isə dünyanın böyük gücləri özlərini sülhpərvər kimi göstərməyə çalışırlar. Və, beləliklə, həm də Ermənistanın toparlanmasından ötrü ona vaxt qazandırırlar. Həmin böyük güclər işğalçılıq müharibəsi ilə azadlıq müharibəsini eyniləşdirir, bu iki məfhumun fərqlərini anlamırlar.

-ABŞ-da humanitar atəşkəs haqqında üçüncü dəfə qərar qəbul edilsə də, işğalçı ölkə yenə buna əməl etmədi...

- Həmin fakt da danışıqların yalnız Ermənistana vaxt qazandırmağa hesablandığını göstərir. Bunu başqa cür izah etmək olmaz. Danışıqlar Ermənistanın mənafeyinə xidmət edir. Amma cənab Prezidentin də dediyi kimi, biz atəşkəsin humanitar xarakterli olduğunu nəzərə alaraq onun tətbiqinə razıyıq. Düşmən isə bu humanist mövqeyimizdən sui-istifad edir, mülki əhalini atəşə tutur.

Mənbə: sherg.az