Prezident İlham Əliyevin qəti mövqeyi: Bizim iradəmizə heç kim təsir edə bilməz

Prezident İlham Əliyevin qəti mövqeyi: Bizim iradəmizə heç kim təsir edə bilməz

Bayrağımızın hər gün respublikamızın 27 ildir işğal altında qalmış yeni bir yaşayış məntəqəsində ucaldılmasına artıq vərdiş edirik. Hər gün qulağımız səsdə, nəzər-diqqətimiz televiziya kanallarındadır. İndicə Prezident, Müzəffər Ali Baş Komandan efirdə görünəcək və düşməndən azad edilmiş yeni kəndlərimizin adlarını elan edəcək. Bu gün Müzəffər Ali Baş Komandanımız daha 17 yaşayış məntəqəsinin düşməndən azad olunması xəbərini verdi.


Bu fikirləri AZƏRTAC-a Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.


Ç.Qənizadə qeyd edib ki, sentyabrın 27- dən indiyədək Azərbaycanın 4 rayonu, 3 qəsəbəsi və 165 yaşayış məntəqəsi, o cümlədən Kəlbəcər və Qubadlı rayonlarının bir hissəsi, Murovdağ yüksəkliyi, Suqovuşan, Xudafərin körpüsü və strateji əhəmiyyətli yüksəkliklər Ermənistan silahlı qüvvələrinin işğalından azad edilib. İndi həmin ərazilərdə Azərbaycan bayrağı dalğalanır. Bu qələbələr Prezident İlham Əliyevin müdrik siyasi xadim, qətiyyətli, Müzəffər Ali Baş Komandan kimi müdrik fəaliyyətinin bariz nümunəsidir. Eyni zamanda, Azərbaycan dövlətinin, Azərbaycan xalqının gücünün göstəricisidir. Ordumuz işğal altında olan torpaqlarımızı öz gücü ilə azad etmək qüdrətində olduğunu bütün dünyaya nümayiş etdirir.


Əgər Ermənistanın havadarları tərəfindən ölkəmizə təzyiqlər olmasaydı, indi işğal altında bir qarış da torpağımız qalmazdı. 27 ildir ki, beynəlxalq təşkilatların qərəzli hesabatları, işğalçını adı ilə çağırmaması, törətdiyi terror aktlarına biganəlik, dünyada mövcud olan ikili standartlar Ermənistanı daha da quduzlaşdırdı. Bu vaxta qədər Ermənistanın beynəlxalq hüquq normalarını kobud şəkildə pozmasına qarşı hər hansı bir sanksiyanın tətbiq edilməməsi işğalçı ölkəni getdikcə həyasızlaşdırdı.


İşğal edilmiş torpaqlarını sentyabrın 27-dən başlayaraq bir-bir azad edən Azərbaycana xaricdən çoxsaylı təzyiqlər edilir. Məqsəd ordumuzun güclü zərbələrindən sonra acınacaqlı vəziyyətə düşən Ermənistanı xilas etməkdir. Artıq beynəlxalq təşkilatlar, o cümlədən Ermənistanın havadarları da görürlər ki, Azərbaycan Ordusu təcavüzkarları darmadağın edir. Təəssüf ki, beynəlxalq təşkilatlar Ermənistanı işğal siyasətindən əl çəkməyə çağırmaq əvəzinə, yenə də təcavüzkarın yanındadırlar. Artıq ictimaiyyət nümayəndələrinin belə qurumlara inamı heçə enib. Bu günlərdə BMT Təhlükəsizlik Şurasının daimi üzlərinin və ATƏT-in Minsk qrupunun birlikdə hazırladıqları bəyanat layihəsinin geri qaytarılması da bunu təsdiqləyir.


Beynəlxalq təşkilatlara da bəllidir ki, bu vaxta qədər Azərbaycan və Ermənistan arasında bu ilin 10 və 17 oktyabrında olmaqla 2 humanitar atəşkəs barədə razılıq əldə edilmişdi. Lakin hər iki humanitar atəşkəs Ermənistan tərəfindən pozuldu. Yenə də beynəlxalq təşkilatlar susdu. Əvəzində, yenə də Azərbaycana təzyiqləri davam etdirirlər. Qeyd etdiyim kimi, bu təzyiqlərin birini bu günlərdə BMT Təhlükəsizlik Şurasında məsləhətləşmələr zamanı gördük. Təhlükəsizlik Şurasının daimi üzvləri, həm də ATƏT-in Minsk qrupunun həmsədr ölkələri hazırladıqları bəyanat layihəsinə 1993-cü ildə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələrə istinadı daxil etməmişdilər. Üstəlik, onlar bir sıra ölkələrin həmin qətnamələrə istinadın mətnə salınması ilə bağlı təkidli mövqeyini də qəbul etmədilər.


Azərbaycan tərəfi qəti mövqe nümayiş etdirərək açıqlamanın birtərəfli olmasının, yəni, onun ancaq humanitar atəşkəs ilə məhdudlaşdırılmasının qarşısını almağa nail oldu. Əslində, bəyanatlarda, əsasən, söhbətin atəşkəsdən deyil, humanitar atəşkəsdən getdiyi vurğulanmalı idi. Yenə də ikili standartlar və ermənipərəst siyasət özünü açıq şəkildə büruzə verir. Təəssüf ki, həm ABŞ Dövlət Departamentinin, həm də və ATƏT-in Minsk qrupunun həmsədrlərinin 25 oktyabr tarixli bəyanatlarında yer almış məqamların geniş surətdə müzakirə olunmasına və razılaşdırılmasına ehtiyac var. Çünki bəyanatda yer alan atəşkəsin monitorinqi üzrə parametrlər məsələsi münaqişənin müfəssəl həlli prosesi ilə paralel getməlidir. Bu, o deməkdir ki, Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması ilə bağlı konkret vaxt cədvəli müəyyən edilməlidir. Bəyanatda öz əksini tapmış “vaxt cədvəli” (timeline) ifadəsi məhz bunu nəzərdə tutur.


Ermənistanın havadarlarının Azərbaycana təzyiq göstərməsinin heç bir faydasının olmadığını görəm Nikol Paşinyan indi kompromislərdən danışır. Halbuki, baza prinsiplərini rədd edən, bir neçə gün öncə “Münaqişənin diplomatik həlli yoxdur” deyən işğalçı ölkənin baş naziri bu dəfə çıxış yolunu danışıqlar üçün ABŞ-a yalvarmaqda görür.


Təəssüf ki, Ermənistana müxtəlif mənbələrdən silahların daşınması davam edir. Bu, onu göstərirdi ki, Ermənistan bu humanitar atəşkəsə da riayət etməyəcək. Bütün bunlara baxmayaraq, Azərbaycan hər hansı bir təzyiqdən geri çəkilməyəcək və ərazi bütövlüyümüzün təmin olunması yolunda sona qədər gedəcək. Dövlətimizin başçısının qəti mövqeyi də belədir: “Əlbəttə ki, heç kim bizə təsir edə bilməz, bizim iradəmizə heç kim təsir edə bilməz”.

Mənbə: demokrat.az