Prezidentin arqumentləri ilə alt-üst edildi: Ermənipərəst qüvvələr heç...

Prezidentin arqumentləri ilə alt-üst edildi: Ermənipərəst qüvvələr heç...

Cənab Prezident İlham Əliyevin ABŞ-ın “Fox News” kanalına müsahibəsində ölkəmizin maraqları bir daha bütün dünyaya bəyan edildi. Müsahibədə Azərbaycanla bağlı səslənən əsası olmayan bütün informasiyalar cənab Prezidentin arqumentləri ilə alt-üst oldu. Xalqımızın maraqları və dövlətimizin iradəsi bir daha beynəlxalq ictimaiyyətə nümayiş etdirildi.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib.

O qeyd edib ki, cəbhədə öz uğurlu missiyasını icra edən Ordumuz ən yeni tariximizin şanlı səhifəsini yazır.

Millət vəkilinin sözlərinə görə, ölkəmizin haqlı mübarizəsinə qısqanclıqla yanaşanlar da var: "Azərbaycanın gücü, qüdrəti bir çox hallarda müəyyən dairələrin narahatlığına səbəb olur. Çünki ermənipərəst qüvvələr heç vaxt Azərbaycanın güclü, müstəqil dövlət olmasını arzu etmirlər. Ona görə də, ölkəmizə qarşı düşmən mövqedən yanaşırlar. Bu düşmənçilik indiki həssas məqamda özünü daha çox büruzə verir”.

Məlahət İbrahimqızının sözlərinə görə, az qala 30 ilə yaxındır ərazisinin 20 faizi işğalda qalan bir ölkənin haqq səsinə heç bir beynəlxaq təşkilatdan ədalətli yanaşma olmadı: “Dünyanın aparıcı təşkilatı olan BMT Təhlükəsizlik Şurasının Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ilə bağlı çıxarmış olduğu qətnamələr icra edilmədi. Heç bir beynəlxalq təşkilat Ermənistana BMT qətnamələrinin icrası ilə bağlı təzyiq və təpkilər göstərmədi.

30 il ərazində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan qüvvələr sadəcə vaxt uzatmaqla məşğul oldular. Bu gün isə xalqımızın iradəsi ilə Ali Baş Komandanın rəhbərliyi altında Ordumuz ədaləti, haqqı bərpa edir. Xalqımızın mübarizə əzminə qarşı çıxanlar heç bir halda milli ruhumuza, şanlı qələbəmizə zərbə vurmağı bacarmayacaqlar”.

Mənbə: teleqraf.com