Azərbaycana yönəlik beynəlxalq təzyiqlər sırasında müəyyən xarici KİV-lər də yer alıb- Süleyman İsmayılbəyli

Azərbaycana yönəlik beynəlxalq təzyiqlər sırasında müəyyən xarici KİV-lər də yer alıb- Süleyman İsmayılbəyli

Ancaq hərb cəbhəsində olduğu kimi informasiya savaşında da Azərbaycan Prezidenti bu kimi təzyiiqləri, təxribatları neytrallaşdıra, zərərsizləşdirə bilir

Sentyabrın 27-dən Qarabağ cəbhəsində baş verən erməni təxribatı və ötən bir aya yaxın müddət ərzində başlayan müharibə fonunda regiona marağı, diqqəti artan xarici KİV-lər, televiziya kanallarını əsas maraqlandıran bir sual var. Azərbaycanla Ermənistan arasında yeni müharibəyə nə səbəb oldu. Bir qayda olaraq ötən müddət ərzində xarici kütləvi informasiya vasitələri və televiziya kanallarının da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə müsahibələrində məhz təkrar-təkrar eyni sual verilir, buna cavab axtarılır. Əslində xarici televiziya kanallarının bu gün Azərbaycan dövlət başçısına verdiyi həmin sualın cavabını Azərbaycan Prezidenti Cənab İlham Əliyev aylar öncə keçirdiyi görüşlərdə, videokonfrans formatında iştirak etdiyi beynəlxalq tədbirlərdə, ən son BMT Baş Assambleyasının iclasında vermişdi. Dövlət başçısının bu gün ona ünvanlanan həmin suala aylar öncəki cavabında açıq şəkildə bildirilir və dünya birliyinə xəbərdarlıq edilirdi ki, Ermənistan ciddi şəkildə silahlanır, Azərbaycana qarşı yeni hücumlara hazırlaşır. Hətta Ermənistanın müdafiə naziri Tonoyan da açıq şəkildə bəyan etmişdi ki, yeni ərazilər tutmaq fikrindədirlər. Bütün bunlar azmış kimi iyulun əvvəllərində Azərbaycanla dövlət sərhədinin Tovuz istiqamətində hücuma cəhd göstərmələri və bir neçə günlük lokal hərbi əməliyyatlar da bir daha təsdiq edirdi ki, Ermənistan Azərbaycana qarşı yeni hücuma hazırlaşır. Bütün bu proseslər beynəlxalq birliyin, dünya ölkələri, eləcə də xarici KİV-lər, televiziya kanallarının gözü qarşısında baş verdiyi halda Fransanın "Figaro" qəzetinə Azərbaycan Prezidenti İlham Əliyevlə müsahibədə "Cənab Prezident, birinci sualım belədir, nəyə görə Siz sentyabrın 27-də Dağlıq Qarabağa qarşı hücuma keçmisiniz və bu hərbi hücumun siyasi məqsədləri nədir?" sualını ünvanlaması əslində heç də Qarabağ cəbhəsində ötən müddət ərzində baş verənlərdən məlumatsızlıqdan irəli gəlmirdi. Çünki "Figaro" kimi nüfuzlu xarici media qurumunda təsadüfi adamlar çalışımır. Və hətta həmin qəzetin ofisinin nəzarətçisi belə tam əminliklə deyə bilərəm ki, Qarabağda baş verənlərdən tam məlumatlıdır. Bəs o zaman, sentyabrın 27-də erməni silahlı qüvvələri Azərbaycan ərazilərinə yenidən hücum etdiyi halda, adıçəkilən qəzetin əməkdaşının Azərbaycan dövlət başçısına bu tipli sual ünvanlamasının səbəbi nədir? Cavab çox bəsitdir. Erməni sevgisi. "Figaro" qəzetinin Fransada nəşr edildiyini və bu ölkənin ermənilərin ikinci vətəni olduğunu nəzərə alsaq, o halda əlavə ehtimallar axtarmağa da dəyməz. Hətta onu da proqnozlaşdırmaq olar ki, qəzet əməkdaşının sualları Fransadakı erməni lobbisi tərəfindən hazırlanıb. Ümumiyyətlə, son həftələrdə Qərbdən, Avropadan Azərbaycan Prezidenti ilə müsahibəyə gələn bəzi xaricİ KİV-lər, televiziya kanallarının əməkdaşlarının dövlət başçısına ünvanladığı sualların əksəriyyəti demək olar ki, eyni tipli, təxribat xarakterlidir ki, bu da hərb cəbhəsində Azərbaycana uduzan Ermənistan və onun lobbisinin informasiya cəbhəsində Azərbaycana qarşı savaş açdığından xəbər verir. Ancaq bütün bu cəhdlər, təxribatlar, Azərbaycanı nələrdəsə ittiham etmək cəhdləri dərin diplomatik biliyə, hərtərəfli siyasi biliklərə malik olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən iflasa uğradılır, dövlət başçısı özünə xas geniş və əhatəli cavabları ilə bu təxribatları tamamilə zərərsizləşdirir. Elə "Figaro" qəzetinin müxbirinin suallarına verilən cavablarda da eyni elementlər, eyni tərz özünü göstərirdi. Dövlət başçısı təxribat xarakterli suallara təmkinlə, əhvalını pozmadan cavab verməklə həm qarşısındakı jurnalistə, həm də onu təlimatlandırıb Bakıya göndərən dairələrə dərs keçmiş olurdu. Jurnalistin təxribatçı sualına cavab olaraq Azərbaycan Prezidenti bir daha onu və onun bağlı olduğu dairələri, eləcə də beynəlxalq aləmi məlum etdi ki, sentyabrın 27-də Ermənistan Azərbaycana qarşı hərbi hücuma keçib. Bu hərbi hücumun ilk saatlarında mülki şəxslər və hərbi qulluqçular arasında qurbanlar olub: "Bu, üç ay müddətində Ermənistan tərəfindən Azərbaycana qarşı üçüncü hərbi təxribat idi. Onlar birinci dəfə Qarabağ bölgəsindən uzaqda olan Ermənistan-Azərbaycan dövlət sərhədində hücum etdilər". Dövlət başçısının "beynəlxalq müşahidəçilərin yekdil rəyi ondan ibarət idi ki, Ermənistan Azərbaycana qarşı hücum etmişdir. Onlar yeni əraziləri işğal etmək istəyirdilər. Onlar Ermənistanla dövlət sərhədindən bir neçə kilometr məsafədə yerləşən strateji enerji infrastrukturu üzərində nəzarəti ələ keçirmək istəyirdilər" cavabı da əslində "Figaro" əməkdaşının bir növ maarifləndirilməsi idi ki, hadisələr barədə təkzibedici "faktlar"a yol verməsin.

Göründüyü kimi, Azərbaycana yönəlik beynəlxalq təzyiqlər sırasında təkcə bəzi ermənipərəst dövlət, təşkilatlar deyil, eyni zamanda müəyyən xarici KİV-lər də yer alıb. Ancaq hərb cəbhəsində olduğu kimi informasiya savaşında da Azərbaycan Prezidenti əzmlə mübarizə apararaq ölkəmizə qarşı yönəlik bu kimi təzyiiqləri, təxribatları neytrallaşdıra, zərərsizləşdirə bilir.

Süleyman İsmayılbəyli

 

Milli Vəhdət Partiyasının sədr müavini

Olaylar.az

Mənbə: olaylar.az