"Çox ciddi mübarizə gedir" - Ali Baş Komandanın qətiyyəti qələbəmizi şərtləndirən mühüm amildir

"Çox ciddi mübarizə gedir" - Ali Baş Komandanın qətiyyəti qələbəmizi şərtləndirən mühüm amildir

Qarabağın azadlığı uğrunda Vətən savaşının davam etdiyi ötən həftə sevindirici olduğu qədər gərgin hadisələrlə də yadda qaldı.

Azərbaycan Ordusunun Zəngilan şəhərini və kəndlərini azad etməsi, İranla dövlət sərhədlərini tam bərpa etməsi, Qubadlı şəhərini və bir sıra kəndlərini azad etməsi, Laçın istiqamətində irəliləməsi xalqımızın böyük sevincinə səbəb oldu.

Amma azad edilmiş rayonların və kəndlərin sayının artması diplomatiya və informasiya sahəsində təzyiqlərin daha da güclənməsi ilə müşahidə olunmaqdadır. Bu məqam Azərbaycan Prezidenti İlham Əliyevin Fransanın “Le Fiqaro” və ABŞ-ın “Fox News” telekanallarına müsahibələri zamanı da hiss olunurdu. Doğrudur, dövlət başçımızın hər iki televiziyanın əməkdaşlarının bütün suallarını soyuqqanlı, mülayim və diplomatikcəsinə cavablandırması, səbirlə Ermənistanın işğalçı olduğunu, Azərbaycana hücum etməsilə müharibəni başladığını, müharibənin bizim ölkəmizin ərazisində getdiyini bütün xırdalıqlarla əcnəbi jurnalistlərin diqqətinə çatdırması, beynəlxalq qanun normalarını, azərbaycanlıların özünümüdafiə hüquqlarını xatırlatması böyük rəğbət hissi doğururdu. Əslində, sanballı siyasətçilərin kəskin azaldığı bir dövrdə qətiyyəti, hazırcavablığı, şəraitə hakim olması və səmimiyyəti ilə fərqlənən Azərbaycan rəhbəri ilə müsahibədən əcnəbi jurnalistlərinin də zövq aldıqları hiss olunur. Təsadüfi deyil ki, Prezidentin Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsi həmin ölkədə bu həftənin ən çox oxunan yazısı olub.

Əlbəttə ki, müsahibənin maraqlı olması üçün jurnalistin opponent kimi sual verməsini təbii qarşılamalıyıq. Müsahibin mövqeyinin tamamilə açılması, daha çox məlumatın əldə olunması üçün jurnalist belə üsullara əl ata bilər.

Lakin “Fox News”un əməkdaşının dəfələrlə yolverilməz və məntiqsiz üsullara əl atması tamaşaçını belə qıcıqlandırırdı. “Siz etiraf (!) etməlisiniz ki, müharibəni başlamaq imkanı axtarırdınız”, “Hüquqi müstəvi və reallıqlar var” və “Əgər siz oraya daxil olsanız, yenə də erməniləri çıxarıb, azərbaycanlıları geri gətirməlisiniz və yenə məcburi köçkünlər olacaq” fikirlərini buna nümunə göstərmək olar. Jurnalistin məntiqindən belə çıxırdı ki, Azərbaycan torpaqlarının işğalı, vətəndaşlarının məcburi köçkün statusu ilə barışmalıdır, çünki 27 il sonra sakitlik pozulub (?!). Azərbaycan torpaqlarının azad olunması hüququnu “müharibədə qalib gəlmək üçün müharibəyə yenidən başlamaq istəyirsiniz” kimi səciyyələndirmək isə, yumşaq desək, təfəkkürün idbarlığı kimi qiymətləndirilə bilər.

Qarabağda müharibənin aktiv fazasının getdiyi bu günlərdə Azərbaycana və Türkiyəyə ermənilərin havadar dövlətləri tərəfindən siyasi təzyiqlərin göstərildiyi heç kimə sirr deyil. Artıq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Malatyada çıxışı zamanı bunu bəyan edib və havadarların cavabını verib.

Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə operativ müşavirədə çıxışı zamanı Prezident İlham Əliyev də təzyiqlərdən danışıb: “…bizim hərbçilərimiz və vətəndaşlarımız bilsinlər ki, həm cəbhədə, həm siyasi arenada çox ciddi mübarizə gedir. Biz döyüş meydanında qan tökürük, bu qəhrəmanlarımızın canı-qanı bahasına torpaqlarımızı işğalçılardan azad edirik, eyni zamanda, siyasi səhnədə də müqavimət göstəririk, mərdlik göstəririk, öz mövqeyimizi müdafiə edirik”.

Prezidentimiz bir daha bəyan edib ki, “heç kim bizə təsir edə bilməz, bizim iradəmizə təsir edə bilməz”. Bu siyasi qətiyyətin nəticəsi özünü çox gözlətmədi. Dünən müzəffər və rəşadətli ordumuz Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad etdi.

Bu gün isə Prezident İlham Əliyev bir daha xalqa müraciət edərək, heç bir təzyiq qarşısında Azərbaycanın haqlı və ədalətli mövqeyindən geri çəkilməyəcəyini, sonadək torpaqlarımızın azad olunması mübarizəsini davam etdirəcəyini bildirib.

Eyni zamanda Ali Baş Komandanımız bu gün səhərdən ABŞ-ın vasitəçiliyi ilə elan olunan atəşkəs rejiminin yenə də Ermənistan tərəfindən pozulduğunu, amma Azərbaycan tərəfinin öz sözünə sadiq qaldığını nəzərə çatdıraraq, sülhə nail olmaq üçün Ermənistanı silahlandırmaqdan vaz keçmək barədə havadarlara sərt və birmənalı xəbərdarlıq edib.

Dövlət başçımız həm də xəbərdarlıq edib ki, istər beynəlxalq hüquq, istərsə də ermənipərəstlərin tez-tez təkrar etdikləri reallıq Azərbaycanın tərəfindədir. Çünki 4 rayonu erməni işğalından azad etməklə Azərbaycan özü artıq reallığı diktə edir.

 

Xatirə SADİQ,

KONKRET.az

Mənbə: konkret.az