Qərbin qəribə atəşkəsi: Ermənistan atsın, siz yox- Əkbər QOŞALI yazır

Qərbin qəribə atəşkəsi: Ermənistan atsın, siz yox- Əkbər QOŞALI yazır

Əkbər Qoşalı

ABŞ Dövlət Departamenti və ATƏT-in Minsk Qrupunun həmsədrləri 25 oktyabr tarixində Bəyanat yayıb. Artıq bəlli olduğu kimi söhbət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sentyabrın 27-dən başlamış yeni fazasında atəşkəsdən gedir. Bu məqamda iki qeyd edək. Birincisi, "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi" deyimi ilə düzgün ifadə deyil, təbii; sadəcə beynəlxalq səviyyədə qəbul görmüş bir istilah kimi yazıram; əslində, belə yazılmalı, belə deyilməlidir: Ermənistan-Azərbaycan elanolunmamış müharibəsi. İkincisi, atəş­kəsdən söhbət gedə bilməz, humanitar atəşkəsdən danışmalıyıq. Humanitar atəşkəs birinci dəfə deyil, ikinci dəfə də deyil, artıq üçüncü dəfədir elan olunur. Əgər qısa müddət ərzində iki tərəf arasında üçüncü dəfə atəşkəsə zərurət yaranıbsa, deməli, atəşkəs atəşi kəsmir. Bəs niyə kəsmir? - Cavab çox sadə, çox aydındır: Ermənistan atəşkəsə əməl etmir! Ermənistan nə hərb bacarır, nə sülh. Ermənistanı kapitulyasiya aktına vadar edənədək dinc duran deyil. Heç ondan sonra da dinc durması inandırıcı deyil, gərək başının üstündə həmişə Azərbaycan yumruğu olsun!

Heç təsadüfi deyil ki, bugün saat 08.00-dan qüvvəyə minmiş üçüncü humanitar atəşkəs qüvvəyə minər-minməz, Ermənistan tərəfindən yenə pozuldu, yenə pozuldu!

Operativ rəsmi açıqlamalara diqqət edək:

- "26 oktyabr tarxində saat 08.05-də yeni humanitar atəşkəsi kobud şəkildə pozaraq, Ermənistan silahlı qüvvələri Azərbaycan ordusunun Laçın rayonunun Səfiyan kəndindəki bölmələrini artil­leriya atəşinə tutub. Daha sonra Tərtər rayonunun Tərtər şəhəri və kəndləri Ermənistan silahlı qüvvələrinin intensiv atəşinə məruz qalıb.

Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edir ki, növbəti, üçüncü dəfədir ki, Ermənistan atəşkəs rejiminə əhəmiyyət vermir və onu açıq şəkildə pozur";

- "Səhər saatlarından başlayaraq Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları ərazisindən Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarının əraziləri düşmən tərəfindən atəşə tutulub. - Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin yaydığı açıqlamada bildirilib.

Qeyd olunub ki, eyni zamanda Tərtər, Ağdam, Füzuli, Laçın və Qubadlı istiqamətlərində yerləşən bölmələrimizin mövqeləri də düşmən tərəfindən atəşə məruz qalır";

- "Ağdam rayonunun kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə tutulur.

Yeni humanitar atəşkəs rejiminin elan olunmasına baxmayaraq Ermənistan silahlı qüvvələri bütün cəbhə boyu, eləcə də Azərbaycan və Ermənistan dövlət sərhədində yerləşən yaşayış məntəqə­lərimizi və bölmələrimizin mövqelərini müxtəlif növ atıcı silahlar, minaatanlar və toplardan atəşə tutur"...

10 oktyabr 2020-ci il Moskva Birgə Bəyanatı,

18 oktyabr Parisin vasitəçilik səyləri ilə öhdəliyin yenidən elan edilməsi və

24 oktyabr tarixində Vaşınqtonda təcili humanitar atəşkəsin həyata keçirilməsi razılaşdırılıb.

Moskva, Paris, Vaşinqton... - ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin paytaxtları... Bu üç paytaxt üç on il boyunca, Ermənistanı ərkələmiş, bəsləmiş, ayaqda tutmuşdur - burada gizlədiləsi bir şey yoxdur, bu, belədir. İndi nə oldu da, ard-arda üç böyük paytaxt atəşkəs, atəşkəs deyib də durub?! Xeyir ola?! İşğalçıya işğalçı deməyənlər, atəşin, döyüşün kimin torpaqlarında getdiyini bilmirmi guya?! Bu böyük paytaxtların diplomatik-siyasi israrının "tərcümə"si nədir? - "Azərbaycan, sən atəşkəsə əməl et, Ermənistansa atəşkəsi pozsa da olar". El demiş: öz canınız üçün!

Bəli, atəşkəs atəşi kəsmir, Ermənistan atəşkəsi anındaca, yerindəcə pozur. Bu, növbəti dəfə Ermənistan tərəfindən məqsədli şəkildə öz öhdəliklərinə məhəl qoymamağın, beynəlxalq vasi­təçilərin səylərinə sayğısızlığın bariz göstəricisidir. İşğalçının başını itirmiş Baş nazirinin açıq­ladığı kimi, Ermənistan müharibənin diplomatik həlli yolunu görmür. Düşmənin başlıca məqsədi Azərbaycan torpaqlarının hərbi işğalını davam və inkişaf etdirməkdir. "Yeni müharibə, yeni torpaqlar" - bunu Həsənov deməmişdi, Tonoyan demişdi...

Heç kəs bizdən birtərəfli atəşkəs gözləməsin, iki tərəf arasındakı atəşkəs məhz ikitərəfli olmalıdır. Birmənalı şəkildə bilinməlidir ki, atəşkəsin pozulmasına, böl­gədə gərginliyin davam etməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbər­liyinin üzərindədir. Erməniyanlıların mə­su­liyyət payını da unutmuruq...

İşin ən ilginc yanı nədir, bilirsizmi? - Atəşkəs üçün hər dəfə dəridən-qabıqdan çıxan Ermə­nis­tandır. Ermənistanın dişinin dibində 90-cı illər şirəsi qalıb: Azərbaycanı sadəlöhv yerinə qoyacam, atəşkəsi fürsət bilib, yeni ərazilər işğal edəcəm. Heç unutmamışıq, BMT-nin məlum qətnamələri qəbul olunduqca, biz işğalçının torpaqlarımızdan çıxmasını deyil, daha yeni işğallar həyata keçir­məsinin şahidi olurduq. Adamlar BMT-nin qətnamələrini vecinə almır, indi durub, ATƏT-in Minsk qrupunumu eşidəcəklər?

İşğal edilmiş torpaqlarını ard-arda azad edən dövlətimiz hazırda yalnız müharibə cəbhəsində deyil, siyasi-diplomatik cəbhədə böyük mübarizə içindədir. Republikamıza xaricdən - erməni­yan­lılar­dan çoxsaylı, ardıcıl təzyiqlər edilir. Məqsəd aydındır: müzəffər ordumuzun sarsıdıcı zərbə­lə­rindən acınacaqlı duruma düşən Ermənistanı xilas etmək, ona öz işğalçılıq praktikasında mümkün qədər daha çox dirəniş üçün münbit ortam təmin etmək. Buyurun, havadarlarının Ermənistana geniş imkanlar açdığını vurğulayan cənab Prezidentin sözüdür: "Minsk qrupunun fəaliyyətinə başqa qiymət vermək olmaz. Sanki onlar öz reallıqlarını bizə yeritmək istəyirlər. Biz yeni reallıq yaratmışıq, indi hamı bizim reallığımızla barışmalıdır.

Biz torpaqlarımızı azad etməyə başlayanda hər tərəfdən təzyiqlər başladı. 28 ildə süründür­mçilikdən, danışıqlardan bezmişik, biz bezmişik düşmənlə danışıq aparmaqdan. Özü də deyirdilər ki, ancaq sülh, başqa varinatı yoxdur. Biz BMT qətnamələrinin təkbaşına icra edirik. Biz yeni reallıq yaratmışıq, hesablaşın. Amma bunların fəaliyyəti Ermənistanı, Xocalı soyqırımını törədəni, Gəncəni ballistik raketlə bombalayanı müdafiə etməkdir".

Budur, ölkəmiz belə təzyiqlərin daha birini bu günlərdə BMT Təhlükəsizlik Şurasında məsləhətləşmələr zamanı yaşadı. Təhlükəsizlik Şurasının daimi üzvləri, həm də ATƏT-in Minsk qrupunun həmsədr ölkələri hazırladıqları Bəyanat layihəsinə 1993-cü ildə qəbul edilmiş 822, 853, 874 və 884 saylı mühüm qətnamələrə istinadı daxil etmədi; üstəlik, onlar bir sıra ölkələrin həmin qətnamələrə istinadın mətnə salınması ilə bağlı təkidli mövqeyini də qəbul etmədi. Nəzərə alsaq ki, BMT TŞ-nin 5 daimi üzvündən 3-ü ATƏT-in Minsk qrupunun həmsədridir, Minsk qrupunun, ən azı həmsədrlik institutunun öz funksiyalarını qəti şəkildə yerinə yetirmədiyi, sülhyaratma mis­siyası daşıdığı halda, ədalətli sülhü dalana dirədiyi aşkardır. Bu həmsədrlərlə irəli getmək mümkün deyil! Geriyə getməyəsə biz müsaidə etməyəcəyik!

 

Gəlin Azərbaycanın haqlı mövqeyini sonadək müdafiə edən ölkələri salam-sayğı ilə bir daha qeyd edək:

İndoneziya,

Tunis,

Niger,

Dominikan Respublikası,

Vyetnam,

Güney Afrika Respublikası və

Sent-Vinsent və Qrenadin!

Beynəlxalq hüququn, ədalətin, haqlı Azərbaycanın yanında olan bu 7 ölkənin hər birinə könül dolusu təşəkkürlər! Heç kim unudulmur, heç nə yaddan çıxmır!

Bu ölkələrin hər biri Qoşulmama Hərəkatının və eyni zamanda, hazırda Təhlükəsizlik Şurasının üzvüdür. Azərbaycan Prezidenti adıkeçən mərd ölkələrin dövlət və hökumət başçılarına təşəkkür məktubunda qeyd etdiyi kimi, bu ölkələrin belə qəti mövqe sərgiləməsi onların Bandunq prinsiplərinə, Qoşulmama Hərəkatının dəyərlərinə sadiqliyini, multilateralizmə və beynəlxalq hüquqa olan hörmətini nümayiş etdirir. Bu mövqe ikitərəfli münasibətlərimizdə tarixi dostluq əlaməti kimi qəbul olunur.

Bu yerdə, bir məqama da vurğu edək: yaxşı xatırlayıram, Azərbaycanın Qoşulmama Hərəkatına önəm verməsi, bu Hərəkat çərçivəsində çoxtərəfli əməkdaşlığımızın uğurla inkişafı radikal müxalifət tərəfindən kəskin tənqid olunurdu, hətta, o tənqidlər bir çox hallarda təhqiramiz şəkil alırdı. Heç olmazsa indi qabiliyyətləri çatıb, üzr istəsələr, yanlışlıqlarından imtina etsələrdi... Öz yanlan-yanlışında israr etmək vecsizlikdir, yaramazlıqdır... Yanlışını etiraf etməksə ərdəmlik əlamətidir.

Yenidən 3-cü humanitar atəşkəsə qayıdaq. Atəşkəs, siyasi danışıqlar, sülh mövzusunda etibarını çoxdan itirmiş Ermənistanın yalnız Gəncəyə raket və ağır artilleriya hücumları nəticəsində 10 qadın, 6 uşaq olmaqla 26 nəfərin həlak olduğunu, 138 nəfərin (onlardan biri Gəncə sakini olan yaşlı erməni qadındı) yaralandığını, şəhərin mülki infrastruktur obyektlərinə, nəqliyyat vasi­tə­lə­rinə külli miqdarda ziyan dəydiyini yada salaq. Ümumən sentyabrın 27-dən bəri 65 nəfər dinc sakinimiz həlak olub (onlardan 18-i qadın, 10-u uşaqdır), 297 nəfər yaralanıb (onlardan 69-u qadın, 32-si uşaqdır). Bu vahim duruma ATƏT-in Minsk qrupu həmsədrləri bir urvatlı reaksiya verdimi? Onların uşaqları uşaqdır da, bizimkilər (üzr istəyirəm) dovşandırmı? Bizdən nə qədər öldürsələr yeri var, eləmi? Ancaq biz işğalçının əlisilahlı hərbçisini belə hədəf almamalıyıq, hə?

Uzun sözün qısası,

- ATƏT-in Minsk qrupu da, başqa maraqlı tərəflər də illa qəbul etməlidir: Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması ilə bağlı konkret vaxt cədvəli müəyyən edil­məlidir;

-Kimlərsə, işin-gücün bu vaxtında humanitar atəşkəsin monitorinqi üzrə parametrlər müəy­yən­ləşdirmək sevdasına düşübsə, o parametrlər ilk növbədə Ermənistandan işğal olunmuş ərazilərə silah, canlı qüvvə daşınmasına nəzarət olunmasını da ehtiva etməlidir;

-Ədalətli sülh prinsiplərini yaxına qoymayan, daha bugünlərdə "Diplomatik həll yolu yoxdur" deyən Paşinyan, artıq məcbur olub 3-cü dəfə atəşkəs üçün yalvardısa (danışıqlar üçün bu dəfə ABŞ-dan imdad dilədisə), artıq hiyləyə, riyaya, yalana son qoysun, özünü normal, ciddi dövlət adamı kimi aparsın (əlbəttə, əgər bu, mümkünsə);

- Nəzərə alsaq ki, Ermənistana müxtəlif mənbələrdən yeni silahların daşınması davam edir. Bu bir daha onu göstərir ki, Ermənistan humanitar atəşkəsə qətiyyən riayət etməyəcək. - Ermənistan öz ağlınca elə güman edir, atəşkəs oyunu yenə tutacaq. Oyun baş tutmayacaq, bu dəfə də, müzəffər Silahlı Qüvvələrimiz işğalçıya toy tutacaq! Paşinyan bütün oyunlardan imtina etməlidir, necə ki, daha Cıdır Düzündə sərxoş halda oyun oynaya bilmir...

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Mənbə: olaylar.az