3 qəsəbə, 4 şəhər və 165 kənd! - Cəmi 1 aya!

Düz 27 ildən sonra Azərbaycan Ordusu Azərbaycan xalqına bu hədiyyəni bəxş edə bildi. Ali Baş Komandan İlham Əliyevin başçılığı altında müzəffər ordumuz cəmi bir ay içində bu statistikanı bizə bəxş elədi.

Sentyabrın 27-də Ermənistan işğalçı güclərinin Azərbaycana qarşı növbəti təcavüzü onlar üçün fəlakətə çevrildi. Öz günahlarıdır, bizim təqsirimiz yoxdur. Olsa belə haqqımızdır. Çünki öz torpağımızda savaşırıq.

Ali Baş Komandan İlham Əliyevin qətiyyətli uzaqgörənliyi, milli ordumuzun hər bir fərdinin şəxsi cəsarəti, Azərbaycan xalqının birmənalı dəstəyi illərdir arzusunda olduğumuz xəyalları gerçəkləşdirir. Artıq işğal altındakı Vətən torpaqlarının bir qismi azadlığına qovuşub, o yurd yerlərindən olan insanların gözləri sevincdən yaşarır.

Bu gün 27 oktyabrdır. Qeyd etdiyimiz kimi, 27 sentyabrdan bu yana cəmi bir ay keçib. Çox qısa bir müddətdir. Bu qısa müddət ərzində az qala hər gün Ali Baş Komandan İlham Əliyevin özü şəxsən millətə xoş müjdələr verir. Kəndlərimiz, qəsəbə və şəhərlərimiz düşmən tapdağından azad edilir!

Statistika ürəkaçandır. Bu biraylıq qısa müddətdə Azərbaycan Ordusu 3 qəsəbə, 4 şəhər və 162 kəndi düşmən tapdağından azad edib! Azərbaycan-İran sərhədinin 27 ildir düşmən nəzarətində olan 132 kim-lik kəsimi büsbütün düşməndən azad edilib, öz nəzarətimizə keçib. Bunu Azərbaycan Ordusu İlham Əliyevin komandanlığı altında bacarıb!

Uğurlarımız heç şübhəsiz ki, davam edəcək. Bəlkə də biz bu sətirləri yazmaqdaykən hardasa yenə də bir kəndimiz-şəhərimiz azad edilmiş olacaq. Onsuz da bu proses bundan sonra daha sürətlə gedəcək. Çünki əsgərimiz artıq işğalçı Ermənistanın sonuncu nəfəsliyi olan Laçın dəhlizinin bir addımlığındadır.

Biz – arxa cəbhədəkilər elə etməliyik ki, ordumuzun-əsgərimizin güc-qüvvəti daha da artsın, əli soyumasın. Hər bir hərəkətimizdə diqqətli olmalıyıq. Adicə sözümüzü, səs tonumuzu belə yüz ölçüb bir biçməliyik.

Bunu tək indi deyil, illərdir deyirik. İllərdir insanlara izah etməyə çalışırıq ki, torpağı işğal altında olan ölkənin vətəndaşının davranışı da buna uyğun olmalıdır.

Lakin baxırıq ki, deyilənlər bəziləri üçün milçək vızıltısı kimi bir şeydir. Biz heç, bizi dinləməsinlər. Amma Müdafiə Nazirliyi, Baş Prokurorluq kimi qurumlar da eyni çağırışları edir axı. Heç olmasa müharibə dövründə onları dinləyin, əziz həmvətənlər.

Nə deyirik? Sırasıyla təkrar təqdim edək, yaddaşlar təzələnsin.

Savaşdır, təbii ki, düşməndəki qədər olmasa da bizim də itkilərimiz var. Yəqin ki, hər kəsin bir qohumu, həmkəndlisi, dostu döyüşdə yaralanır, şəhid düşür. Azərbaycanın rəsmi dövlət siyasəti budur ki, hazırkı şəraitdə ölən və yaralanan mülki şəxslərdən başqa heç kim haqqında məlumat ictimailəşdirilməsin. Ona görə yox ki, dövlətimiz bunu gizlətmək yolu tutur. Əsla. Sadəcə savaşın bitmədiyi bir dönəmdə belə informasiyaları paylaşmaq məqsədəuyğun deyil. Təbii ki, gün gələcək, hər bir şəhidimiz və yaralımız haqqında statistika açıq şəkildə təqdim ediləcək. Ona görə də deyirik ki, əziz vətəndaşlarımız, lütfən, şəhidlərimiz haqqında heç bir paylaşım etməyin. O şəhid hətta ürəyinizin bir parçası olsa belə qəlbinizə indilikdə daş basın, dözün, döyüşən ordumuza dəstək olun.

Sosial media şəhid şəkilləri ilə dolub daşır. Kimisi yazır ki, dayım oğlu şəhid oldu, kimisi yazır evin tək oğluydu, kimisinin də tələbə yoldaşı şəhid olub. Üstəlik də bu paylaşımlara şəkil əlavə edirlər. Və düşmən də bu şəkilləri toplayıb öz istədiyi kimi istifadə edir. Sosial mediada Azərbaycan şəhidlərinin təhqir edilməsini əks etdirən erməni paylaşımlarına az rast gəlmirik. Lazımdırmı bizə bu? Deyil. Biz indi dövlətimizin təlimatlarına uyğun olaraq şəhid şəkillərini paylaşmaqdan çəkinməliyik. Savaş bitəcək, hər bir şəhidimiz haqqında gərəkli paylaşımlar sayğıyla ediləcək. Bir az səbrli olaq. Ümumiyyətlə, “şəhidimiz var” kimi paylaşımları birdəfəlik dayandırmaq lazımdır.

Şəhid şəkillərinin tirajlanmasının qarşısını almaq üçün digər istifadəçilər də yardımçı olmalıdır. Belə paylaşımları bəyənmək, altına rəy yazmaq onları daha geniş auditoriyaya çatdırır. Belə olanda isə düşmən həmin paylaşımlara daha tez rast gəlib öz informasiya bazasını zənginləşdirir. Ona görə də mümkün olduqca belə paylaşım edənləri şəxsi əlaqələrinizlə əməldən çəkindirməyə çalışın. Alınmasa, sadəcə görməzdən gəlin, heç bir reaksiya verməyin.

Cəbhə bölgəsindən çəkilmiş video və şəkillərlə bağlı da eyni narahatlıq var. Kimlərsə hansısa şəraitdə çəkiliş edir, bunu öz yaxınlarına göndərir. Həmin yaxınlar da sosial mediada paylaşım edib düşmənə koordinat vermiş olur. Bu qədər sadədir məsələ. Ona görə də o çəkilişlər edilməməlidir. Əgər kimsə düşünmədən edib və göndəribsə, sosial mediada paylaşılmamalıdır. Biz onları paylaşmaqla öz əzizlərimizi – əsgərlərimizi düşmənə hədəf göstərmiş oluruq.

Ermənilərin paylaşımlarına verilən diqqət də çox zaman gərəksizdir. Hətta onların xeyrinə işləyir. Əlbəttə, müəyyən məsələlərdə ermənilərlə müzakirə və mübahisəyə gərək var. Lakin ucdantutma bütün ermənilərə vaxt ayırmağa dəyməz. Edəcəyimiz tək şey o olmalıdır ki, bizə qarşı təbliğat aparan ermənilər və onların tərəfdarlarını sosial mediada şikayət edək. Belə olanda düşmənin əl-qolu bağlanacaq. Yoxsa biz onlarla müzakirə və mübahisəyə girişsək, paylaşımlarının populyarlığı artacaq, yeni insanların diqqəti cəlb ediləcək və auditoriyaları genişlənəcək. Ən yaxşısı inkar və şikayət etməkdir.

Sosial mediada Azərbaycan (türk) dilində yazan erməni media resurslarının da reklamı gedir. Təəssüf ki, bizimkilər burada da onların təbliğatına dəstək vermiş olur. İnsanlarımız ermənilərin cavabını vermək üçün həmin resurslara şərh yazır, paylaşıb başqalarını da şərh yazmağa dəvət edir. Beləliklə, ermənilər daha geniş reklam olunur. Ona görə də belə paylaşımlar görəndə açmadan şikayət etmək yetərlidir. Şəxsən mən belə edirəm və artıq qarşıma o cür paylaşımlar çıxmır. Bununla da ermənilərin mənim üzərimdən reklam zənciri qırılmış olur.

“Sizə xoş xəbərim olacaq” tipində paylaşımları da dayandırın lütfən. Bizə xoş xəbərləri Ali Baş Komandan İlham Əliyevin özü şəxsən çatdırır. Özü də vaxtında. Əlavə olaraq Müdafiə Nazirliyi də 24 saat boyunca cəbhə xəbərlərini – görüntülərini yayır. Bizim edəcəyimiz iş də bu paylaşımları tirajlamaqdır. Əlbəttə, cəbhə xəttində yaşayan, yaxud da döyüşən ordumuzla birbaşa əlaqəsi olanların əlavə bilgiləri var. Lakin o bilgiləri Müdafiə Nazirliyi açıqlamırsa, siz də açıqlamayın. Açıqlanması məsləhət olmayan bilgiləri açıqlamaqla düşmənə koordinat-işarət vermiş olursunuz. Anlamaq çətin olmasın gərək axı bunu. Hələ özü də indiki texnologiya dövründə…

Bir də bəzən qarşımıza çıxır ki, niyə məmur-deputat oğlu əsgər getmir? Əslində, onlar da əsgər gedir, vuruşur. Sadəcə tanınmış şəxslərin övladlarının döyüşən orduda olmasını reklam etmək əsla və əsla məsləhət deyil! Belə şəxslərin adının açıqlanması ordu üçün əlavə problemlərə səbəb olur. Örnək üçün, illər öncə Böyük Britaniya şahzadəsi Əfqanıstana hərbi xidmətə yollanmışdı. Özü də bunu geniş reklam edirdilər. Oradakı ordu rəhbərliyi axırda bezib o şahzadəni geri göndərməli oldu. Elə açıq da demişdi ki, biz işimizi-gücümüzü atıb bu şahzadəylə məşğul oluruq, əsas vəzifəmiz bir kənarda qalır. Ona görə də çox məşhur adamların övladlarının orduda olub-olmaması söhbətlərini yığışdırmaq lazımdır. Şəxsən mənə belə adamların döyüşən orduda olmaları haqqında məlumatlar bəllidir. Amma indi deyilməməlidir bu…

Ümumiyyətlə, bu savaşda Ermənistandan fərqli olaraq Azərbaycanda yaxasını kənara çəkən heç kim yoxdur. Fərarilik sıfır həddindədir. Ən sadə vətəndaşımızdan tutmuş ən yuxarıdakı vəzifəlimizə qədər hər kəs ya könüllü, ya da səfərbərlik yoluyla döyüşən orduya qatılır. Ermənistanda isə gəncləri küçələrdən zorla tutub döyüşə göndərirlər. Onlar da elə ilk fürsətdə silahı atıb cəbhədən qaçır. Bu gün Azərbaycan anaları oğullarını döyüşə toy-bayramla göndərir. Erməni anaları isə küçələrə çıxıb özgə torpağında döyüşə qarşı şüarlar səsləndirir, oğullarını gizlətməyə çalışırlar. Yəni ümumi ovqat bizim xeyrimizədir. Ona görə də 27 ildən sonra kənd-kənd, şəhər-şəhər torpaqlarımızı işğaldan azad edib yüz minlərlə insanımızın həsrətinə son qoyuruq. Belə bir şəraitdə ordumuzun əlini zəiflətməmək üçün bizdən – arxa cəbhədəkilərdən tələb olunan şey sadəcə rəsmi xəbərlərə uyğun davranmaqdır.

Bu arada ordumuza yardımla bağlı da bəzi məqamlara diqqət edək. Müdafiə Nazirliyi dəfələrlə elan edib ki, Azərbaycan əsgəri ən yüksək səviyyədə hər şeylə təmin edilir. Əlavə heç nəyə ehtiyac yoxdur. Lakin əgər vətəndaşlar “bu işdə bizim də payımız olsun” deyib nəsə yardım göstərmək istəyirsə, buyurub rəsmi bank hesablarına maliyyə yatırsınlar. Dövlət həmin maliyyəni gərəkli istiqamətə cəlb edəcək. Yəni demək istədiyimiz odur ki, əsgərə yardım adı altında bazar açmaq lazım deyil.

Bəzən sosial mediada qarşımıza çıxır ki, filan yerdə əsgərlərimizə filan sayda corab, nə bilim filan şey lazımdır. Doğrudanmı buna ehtiyac var? Əsla! Azərbaycan dövləti əsgərimizi hər şeylə – yüksək səviyyədə təmin edir. Nə dövlətimiz, nə də ordumuz o günə qalmadı ki, kimlərsə qapı-qapı düşüb hansısa yardımlar toplamalı olsun. Bu cür yardım toplamaqla, əslində, ordumuzu-əsgərimizi-dövlətimizi gözdən salırıq. Etməyək. Dediyimiz kimi, kiminsə könlündən orduya dəstək olmaq keçirsə, buyurub bunu rəsmi hesablara maliyyə şəklində təqdim etsinlər…

Və sonda. Ordumuz müzəffərdir. Qısa müddətə ümumilikdə 6 rayonun müxtəlif torpaqlarını düşmən işğalından azad edib. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı kimi rayon mərkəzləri də azad edilənlər arasındadır. Az iş deyil. Əksinə, olduqca böyük işdir. Bu işdə əməyi keçən hər kəsə – başda Ali Baş Komandan İlham Əliyev olmaqla – hər birimizin təşəkkür borcumuz var. Onlar bizə bu sevinci yaşatmaqdadırlar. Əsgərlərimiz-zabitlərimiz canlarıyla-qanlarıyla Vətən torpaqlarını qarış-qarış düşməndən geri alırlar. Tanrı yardımçıları olsun. Bizsə sadəcə yuxarıda yazdıqlarımıza əməl edək, yetər.

Teleqraf.com

ƏVVƏLKİ XƏBƏR

Pikenin yeni müqaviləsindəki xüsusi bəndlər

SONRAKI XƏBƏR

“Onun böyük ürəyi”: 10 yaşlı məktəbli xərcliyini ordumuza bağışladı - VİDEO