Erməni əsgərlərin xəttinə təslim olmaq barədə vərəqlər səpək

Azərbaycan Müdafiə Nazirliyi Dağlıq Qarabağdakı dinc sakinləri, eyni zamanda döyüşən erməni əsgərlərini təslim olmağa çağırıb. Əhəmiyyətli təşəbbüsdür. Çünki hərbi əməliyyat şəraitinə əsasən artıq müəyyən rayonlar mühasirəyə düşməkdədir, bu da düşmən tərəf üçün ağır nəticələrə gətirib çıxara bilər.

Birinci yol budur ki, humanitar dəhliz yaranır və dinc sakinlər uzaqlaşır. Çünki az müddətdən sonra şəhərlərin işğaldan azad edilməsi üçün əməliyyatlar aparılacaq. Azərbaycan tərəfi dinc sakinlərin həlak olmasını istəmir. Ermənistandan fərqli olaraq Azərbaycan tərəfi faşist siyasəti yürüdüb dinc sakinləri hədəfə almır. Beləliklə, mülki ermənilər üçün humanitar dəhliz yaradılmalıdır. Amma erməni əsgərləri üçün bunu etmək mümkün olmayacaq. Bu o halda mümkündür ki, erməni əsgərlər ağ bayraq qaldırıb təslim olsunlar. Onların dəhlizlə yola salınması Azərbaycan tərəfinə problem yarada bilər. Çünki o əsgərlər özləri istəməsələr belə yenidən silahlandırılıb cəbhə bölgəsinə göndəriləcək. Deməli, humanitar dəhliz erməni əsgərləri üçün nəzərdə tutulmamalıdır.

Bəs, Müdafiə Nazirliyinin çağırışını erməni əsgərləri necə eşidə bilər? Eşitmələri demək olar ki, mümkün deyil. Çünki Ermənistan Silahlı Qüvvələrinə də smartfon telefonlardan istifadə qadağan edilib. Bu çağırışı yalnız komandanlıq eşidə bilər, onlar tərəfindən də əsgələrə heç bir məlumat verilmir və verilməyəcək. İnternet resursları ilə də real vəziyyəti öyrənmək çətinlik yaradır. Ermənistan tərəfinin Azərbaycanın hərbi-siyasi uğurları barədə məlumatları yoxdur. Çünki Azərbaycanın elektron portallarına giriş məhdudlaşdırılıb. Müxtəlif mənbələrdən ölkəmizin hərbi uğurları barədə məlumat tutanlara isə bunun feyk xəbər olduğu bildirilir. İnformasiyaları öyrənmək o qədər məhdudlaşdırılıb ki, bu lap Şimali Koreyanın Braziliya komandası üzərində qalib gələrək dünya çempionu olması qədər ermənilərə inandırıcı görünür. İstər Şuşan Stepanyan, istərsə də Arsrun Ovanisyanın verdiyi məlumatlarla kifayətlənən ermənilərə elə gəlir ki, Azərbaycan ordusu bir addım da irəliləyə bilməyib, azad olunmuş yerlərdən çəkilən kadrlar isə xüsusi təyinatlı dəstəmizin kəndə gizli girib çıxmasından savayı bir şey deyil.

Deməli, düşmən təslim olmaq barədə çağırışı eşidə bilməz. Bəlkə də primitiv çıxa bilər. Yol qalır sonuncu dünya müharibəsində tətbiq edilən vasitəyə: düşmən tərəfə təslim olmaq barədə vərəqlərin səpilməsi. Əgər rupor maşınları ilə səsgücləndirici vasitəsilə təslim olmaq çağırışı edilərsə, obyekt sıradan çıxarıla bilər. Ermənistanın radio dalğalarına daxil olub belə etmək də çətinlik yaradır. Amma dronlar vasitəsilə vərəqlər səpilərsə, bunun effektini görmək olar. Xatırladım ki, 2-ci dünya müharibəsi zamanı belə vərəqlərin xüsusilə Şərqi Ukrayna və Belarus tərəfdəki mövqelərə səpilməsi effekt doğurub. Azərbaycan tərəfi də həmin üsuldan istifadə edə bilər. Müxtəlif mətnlər yayılmalıdır. Reallığı əks etdirən, yaxud sentimental. “Erməni əsgəri! Artıq filan məntəqələri azad etdik. Sən mühaisrəyə düşürsən. Həyatda yaşamağın üçün sonuncu şans veririk. Bu da ondan ibarətdir ki, filan saata qədər təslim olmalısan. Bunun üçün ağ bayraq qaldırmağın kifayətdir. Unutma ki, gəncsən və sənə aid olmayan torpaqda ölmək həyatının yarımçıq kəsilməsi ilə nəticələnəcək”. Yaxud, “Erməni əsgəri! Bəlkə də səni övladların gözləyir, bəlkə də sevdiyin qız. Onları gözüyaşlı qoyma. Reallıq bundan ibarətdir ki, artıq mühasirəyə düşmüsən və sabah sənin sonuncu günün ola bilər. Bu gecə təslim olsan, sağ qalacaqsan, Azərbaycan ordusu səninlə nəzakətlə davranıb, şəxsiyyətinə hörmətlə yanaşacaq. Müharibə başa çatandan sonra ya əsirlərlə dəyişiləcək, ya da öz istəyinlə üçüncü ölkəyə göndəriləcəksən. Seçim sənindir. Bu gecə sonuncu gecədir”.

Əlbəttə, mətnləri başqa formada da tətbiq etmək mümkündür. Əsas odur ki, düşmən xəttinə səpiləcək vərəqlərlə gerçəklik ortaya çıxacaq, heç olmasa erməni əsgərlərinin böyük əksəriyyəti bu barədə düşünəcək. Təslim olmasalar belə, fərarilik edəcəklər. Yaxud, ruh düşkünlüyü döyüş zamanı özünü göstərəcək.

Azər Qismət

Yenisabah.az

ƏVVƏLKİ XƏBƏR

Birinci divizionun oyunları üç gündə

SONRAKI XƏBƏR

Azərbaycandakı təsərrüfat subyektləri ilə bağlanan audit müqavilələrinin sayı 15% azalıb, məbləği isə 18% artıb