Qarabağ klanının da iştirakı ilə böyük oyunun qurbanı - Paşinyan

Qarabağ klanının da iştirakı ilə böyük oyunun qurbanı - Paşinyan

Hər bir dövlət və hər bir xalq özünün şəxsiyyətləri ilə tarix səhnəsində tanınır. Bu gün işğalçı Ermənistan dövlətinə rəhbərlik edən Nikol Paşinyan da erməni xalqının dünya idarəetmə sisteminə, xüsusilə də, guya demokratik “məxməri inqilab” nəticəsində verə biləcəyi ən uğurlu nümunədir.

Dünyada demokratik inqilablar istehsal edən qüvvələr hazırladıqları müxtəlif oyunları narıncı, mərməri və başqa inqilablar adlandıra bilərlər. Ancaq hər birimizə məlumdur ki, 2018-ci ilin aprelində Ermənistanda baş verən oyunun tarixdəki inqilablarla heç bir əlaqəsi yox idi. Elə həmin oyunun baş rolunda oynayan Paşinyanın da inqilabçı və demokrat obraza aidiyyatı olmadı.

Belə olan halda, bır sıra ciddi suallar yaranır! Ermənistanın Azərbaycan torpaqlarını işğala məruz qoyduqdan sonra ilk dəfə olaraq, 2016-cı ilin aprelində yaşadığı acı məğlubiyyətdən düz iki il sonra, inqilab adı altında hazırlanan oyunda baş rol niyə məhz Paşinyana verildi? İnqilab adlandırılan, əslində isə bir güllə atılmadan və bir adamın burnu qanamadan keçirilən həmin 2018-ci il aprel hadisələrinin ondan iki il əvvəl aprel ayında Azərbaycanla döyüşdə alınan sarsıdıcı zərbə ilə hansı əlaqəsi var idi? Azərbaycan ərazilərini uzun bir müddətdə işğalda saxladıqlarına görə Ermənistan əhalisi tərəfindən qalib kimi qəbul olunan və elə Qarabağ kartından istifadə edərək iyirmi il ərzində hakimiyyətdə möhkəmlənən “Qarabağ klanı” hakimiyyəti heç bir güc tətbiq etmədən niyə təcrübəsiz, tanınmayan və iradəsiz birinə güzəştə getdi?

İki il bundan əvvəl müəyyən ciddi analitik təhlilə ehtiyacı olan bu sualların cavabını, indi heç bir təhlil aparmadan da müəyyən etmək mümkündür. Uzun illər ərzində Ermənistan və onun ordusu barədə süni şəkildə yaradılmış mif, Azərbaycan ordusu tərəfindən hələ 2016-cı ilin aprel ayında sabun köpüyü şəklində dağıdıldı. Bu zaman işğalçı Ermənistanın cinayətkar rəhbərliyi başa düşdü ki, Azərbaycan dövləti əvvəlki dövlət olmadığı kimi, onun ordusu da birinci Qarabağ müharibəsində iştirak edən ordudan tam fərqlidir.

Ermənistan hakimiyyəti onu da anladı ki, Azərbaycan torpaqlarını güc yolu ilə işğaldan azad etmək fikrinə düşərsə, Ermənistan mütləq məğlub olacaq və onlar da məğlub hakimiyyət kimi tarixə düşməklə hakimiyyəti əbədi itirəcəklər. Bu zaman onlara dahi Mirzə Fətəli Axundovumuzun “Aldanmış Kəvakib” əsərindəki Yusif Sərrac obrazını ifa edəcək müvəqqəti oyunçu lazım oldu. Bu da hazırda gördüyümüz heç bir savadı, danışıq qabiliyyəti, siyasi, diplomatik və idarəetmə təcrübəsi olmayan Nikol Paşinyan kimi birisi olmalı idi. Həm də bu məsələdə Ermənistanın həmin dövrdəki çox hiyləgər və mənfur hakimiyyəti ilə, özlərinə aid olmayan iqtidarların idarə etdikləri bütün dövlətlərdə olduğu kimi, Ermənistanda da inqilab imitasiyası yaradaraq hakimiyyəti dəyişmək istəyən Qərbdəki Corc Soros kimi qüvvələrin maraqları uzlaşdı. Beləliklə də Azərbaycanla mövcud olan münaqişədə hərtərəfli şəkildə dalana dirənmiş Paşinyanın sələfləri, sülh yolu ilə torpaqlarımızı qaytarmaqdan imtina edib, onların müharibə yolu ilə yaxın zamanlarda qaytarılacağının və Ermənistan dövlətinin bu müharibədə acı məğlubiyyətinin hənirtisini duyub hakimiyyəti müvəqqəti olaraq, hakimiyyətə gəlməkdən ötrü istənilən şərtə razı olan Paşinyana güzəştə getməli oldular.

Təbii ki, nəinki bu cür məkrli planlardan, ümumiyyətlə bütün oyunlardan kənar olan və əsas amalı istər sülh, istərsə də müharibə yolu ilə işğal altındakı torpaqlarımızı qaytararaq ərazi bütövlüyümüzü bərpa etməyə xidmət edən dövlətimiz də öz işini görürdü. O zaman olduğu kimi, Azərbaycan indi də, düşmənin aramsız təxribatlarına cavab olaraq, əks-hücumla torpaqlarını azad etməklə öz işini görməkdədir!

Azərbaycan xalqı bir nəfər kimi dövlətimizin, müzəffər Ordumuzun və onun Ali Baş Komandanının ətrafında birləşərək düşmənə qarşı haqq mübarizəsini aparır. Azərbaycan xalqının payına düşən qalib şəxsiyyət kimi Prezident İlham Əliyev də, mərd və cəsarətli xalqımızın lideri kimi bütün peşəkarlığını dünyaya nümayiş etdirir. Hazırda Ali Baş Komandanının bilavasitə rəhbərliyi ilə şanlı Ordumuz döyüş meydanında düşmənin otuz il ərzində qurduğu müdafiə blokadasını darmadağın etməkdədir. Bununla paralel, dövlət başçısı İlham Əliyev də, uzun illər ərzində beynəlxalq aləmdə dövlətimizə qarşı Qarabağ münaqişəsinin həlli ilə bağlı yaradılmış siyasi və diplomatik sədləri təkbaşına uğurla aşır. Demək olar ki, hər gün dünyanın aparıcı media qurumlarına geniş müsahibələr verməklə Prezident otuz illik bir dövrdə, Qarabağ və işğal olunmuş digər ərazilərimizlə bağlı real həqiqətlərin dünya ictimaiyyətinə olduğu kimi çatdırılmasının qarşısını almaq üçün ətrafımızda formalaşdırılmış qərəzli informasiya blokadasını da yarmağa nail oldu.

Acı məğlubiyyətlə üz-üzə qalan Ermənistanda isə vəziyyət çox acınacaqlıdır. Sonuncu kartlarını istifadə etməkdə olan işğalçı və müharibə cinayətkarı Paşinyan hakimiyyətdən getməyə məhkumdur. Çünki necə deyərlər, “mavr artıq öz işini görüb və o gedə bilər” yox, getməlidir! Ancaq Paşinyan getsə belə, inanıram ki, törətdiyi bütün cinayətlərə görə, xüsusilə də, ağır müharibə cinayətlərinə görə canını məsuliyyətdən qurtara bilməyəcək. Bununla belə, o yenə də xalqı və dövləti üçün ən düzgün addımı ata, Azərbaycan ərazilərində olan və darmadağın edilmiş erməni hərbçilərinin qalıqlarını geri çağırmaqla səmimi peşmanlığını ortaya qoya bilər.

Mənbə: qafqazinfo.az