Azərbaycana təzyiqlər göstərilsə də Prezident İlham Əliyev haqq yolunda mübarizəsindən dönmədi - Politoloq

ATƏT-in Minsk qrupunun üç həmsədr ölkəsi müharibəni dayandırmaq üçün Azərbaycana təzyiqlər göstərsə də ölkə Prezidenti İlham Əliyev haqq yolunda mübarizəsindən dönmədi.

Bunu Trend-ə AMEA-nın Qafqazşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, siyasi elmlər doktoru Ramilə Dadaşova deyib

Onun sözlərinə görə, bu, onu göstərir ki, Azərbaycan nəinki döyüş meydanında, həm də siyasi müstəvidə özünü təsdiqlədib.

R.Dadaşova bildirib ki, Ali Baş Komandan İlham Əliyevin işğal edilmiş Azərnbaycan ərazilərindən Ermənistan silahlı qüvvələrini qovmaqda qətiyyətli olması, Azərbaycan Ordusunun əzmlə irəliləyərək hər gün qələbə sevincini Xalqımıza yaşatması Azərbaycan Xalqının qürurunu, cəsarətini, yenilməzliyini təsdiq etdi: "Prezident İlham Əliyev də xalqa müraciətində "Azərbaycan xalqını qürurlu xalq kimi, cəsarətli xalq kimi, yenilməz xalq kimi təsdiqləmişik. Heç bir təzyiq bizə təsir edə bilməz. Heç bir hədə-qorxu yolumuzdan döndərə bilməz. Çünki haqq yolundayıq" deyib. Bu gün rəşadətli Azərbaycan Ordusu torpaqlarımızın azad edilməsi uğrunda mübarizəni davam etdirir və düşmənləri işğal edilən ərazilərdən son nəfərinədək qovmaq üçün əzmlə vuruşur".

R.Dadaşova qeyd edib ki, bu gün Azərbaycanda Xalq-Ordu-Prezident bir yumruq kimi birləşib və zərbə ancaq mənfur düşmənin - Ermənistanın başından vurmağa, onun terror qruplaşmalarını işğal etdiyi Azərbaycan ərazilərindən qovmağa yönəldilib: "Ali Baş Komandan dəfələrlə Ermənistana öz xalqını qırğına verməməyi, silahlı qüvvələrini torpaqlarımızdan çıxarmağı təklif edib. Lakin işğalçı Ermənistan öz xalqını ölümə, məhvə sürükləyir, hətta məktəb yaşlı uşaqları, qadınları, qocaları müharibəyə cəlb edir".

Trend.az

ƏVVƏLKİ XƏBƏR

AFFA "Qarabağ"ın müdafiəçisinə bir oyunluq cəza verdi

SONRAKI XƏBƏR

Ermənistanda Paşinyana qarşı narazılıq artır