"Azərbaycan heç bir halda münaqişənin uzadılması ilə razılaşmayacaq"

"Azərbaycan heç bir halda münaqişənin uzadılması ilə razılaşmayacaq"

“Azərbaycan faktiki olaraq təkbaşına BMT Təhlükəsizlik Şurasının Qətnamələrinin icrasını həyata keçirir”.

Bu sözləri politoloq Yusfi Bağırzadə Prezident İlham Əliyevin 26 oktyabr tarixli müraciətində səsləndirdiyi fikirləri şərh edərkən deyib.

O bildirib ki, cənab Prezident 26 oktyabr tarixli müraciətində bir sıra olduqca vacib məsələlərə toxundu ki, onların hər biri üzərində ayrıca dayanmağa ehtiyac var: "İlk olaraq təbii ki, Minsk Qrupu və bu qurumun faktiki olaraq cinayətkar fəaliyyətsizliyi ilə bağlı məsələləri qeyd etmək lazımdır. 1992-ci ildən fəaliyyət göstərən Minsk qrupunun fəaliyyəti göz qabağındadır. Minsk qrupuna həmsədrlik edən ölkələr müəyyən müddətdən sonra faktiki olaraq bütün səlahiyyətləri öz əllərində cəmləşdirərək məsələni inhisara götürdülər. Nəticə isə göz qabağındadır. 28 ildir ki, Minsk Qrupu həmsədrləri tərəfindən bir dəfə də olsun təcavüzkarı qınayan bu və ya digər addım atılmayıb, BMT Təhlükəsizlik Şurasının Qətnamələrinin icrasıyla bağlı heç bir fəaliyyət göstərilməyib.

Prezidentin də qeyd etdiyi kimi Minsk qrupu işğalçıya təzyiq etməyib və etmək də istəməyib. Minsk Qrupu həmsədrləri olan ölkələrin nə qədər bir-birilə problemləri olsa da görünən odur ki, erməni təəsübkeşliyi məsələsində hər üçü həmfikirdir. Elə bu təəsübkeşliyin və həmfikir olmanın nəticəsidir ki, bir neçə gün əvvəl Fransa və Rusiyanın birgə hazırladığı, ABŞ-ın da dəstəklədiyi yeni sənədin qəbulu üçün BMT Təhlükəsizlik Şurasının toplantısı çağırıldı. Təsəvvür edin 28 ildir ki, Təhlükəsizlik Şurasının Qətnamələrinin icrasıyla bağlı heç bir iş görməyən qurum indi həmin Qətnamələri bir tərəfə ataraq yeni bir sənədin qəbul edilməsi üçün fəaliyyətə girişib.

Müzakirələrdə Qoşulmama Hərəkatının və eyni zamanda, hazırda Təhlükəsizlik Şurasının üzvü olan ölkələr - İndoneziya, Tunis, Niger, Dominikan Respublikası, Vyetnam, Cənubi Afrika Respublikası və Sent-Vinsent və Qrenadin təklif edilən sənəd layihəsinə Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrinə istinadın daxil edilməsinə dair israrlı mövqe nümayiş etdiriblər. Nəticədə Təhlükəsizlik Şurasının daimi üzvləri olan ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri hazırladıqları bəyanat layihəsini geri götürməyə məcbur olublar. Burdan da o nəticəyə gəlmək olar ki, BMT Təhlükəsizlik Şurası özünün qəbul etdiyi qətnamələrin icrasında maraqlı deyil. Bu baxımdan da Azərbaycan faktiki olaraq təkbaşına BMT Təhlükəsizlik Şurasının Qətnamələrinin icrasını həyata keçirir desək səhv etmərik".

Politoloq qeyd edib ki, digər vacib bir məsələ də Ermənistanın davamlı şəkildə silahlandırılması ilə bağlı idi ki, Prezident yetərincə sərt bir şəkildə etirazını dilə gətirdi: "Bir aylıq əməliyyatlar dövründə Ermənistanın saysız – hesabsız, dəyəri milyardlarla dollarla ölçülən silah sursatı ya məhv edilib, ya da qənimət olaraq götürülüb. Haqlı olaraq sual ortaya çıxır kasıb, problemlər içərisində yaşayan bir ölkədə bu qədər silah-sursat almaq üçün pul haradandır? Cavab sadədir, bu silahlar Ermənistana əvəzsiz olaraq verilir və məqsəd də Ermənistanın işğalçılıq siyasətini davam etdirmək üçün gücləndrilməsindən ibarətdir. Əgər vasitəçilik missiyasını öz üzərinə götürən dövlət və ya dövlətlər səmimi olaraq problemin həll olunmasında maraqlı olsaydılar, Ermənistanı silahla təchiz etməyi dayandırar və bununla da münaqişəyə son qoymuş olardılar. Atəşkəs deyə-deyə vaxt qazanıb Ermənistanı silahlandırmaq isə yalnız və yalnız münaqişənin uzadılmasına xidmət edir ki, bununla da Azərbaycan heç bir halda razılaşa bilməz və razılaşmamalıdır”.

Mənbə: axeber.az