"Qarabağın gözəlliyi Azərbaycanla bütöv olanda hiss olunur" - Umud Mirzəyev - VİDEO

"Qarabağın gözəlliyi Azərbaycanla bütöv olanda hiss olunur" - Umud Mirzəyev - VİDEO

Qarabağın azadlığı uğrunda Azərbaycan Ordusu öz uğurlu tarixini yazmağa davam edir. Lakin biz keçmişi də unutmamalıyıq və öz əməllərimizlə bu hadisənin uğurla yekunlaşmasını tezləşdirməli və bir daha təkrar olunmasının qarşısını almalıyıq.

Eurasia Diary xəbər verir ki, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev "ARB" telekanalının "Səhər-Səhər" verlişində qonaq olub və hazırkı vəziyyəti, eləcə də tarixi həqiqətləri tamaşaçıların diqqətinə çatdırıb.

İlk növbədə Umud Mirzəyev BAMF-ın yaranış məqsədini izah edərkən, bunun dünya auditoriyalarında Azərbaycanın problemləri və haqq səsini çatdırmaq olduğunu bildirib.

BAMF prezidenti təşkilatın BMT ECOSOC-un ən yüksək statusu olan "General Status"a malik olduğunu nəzərə çatdırıb. O, bu statusun təşkilata bir çox imkanlar yaratdığını qeyd edib.

“Bu status bizə BMT-nin Nyu York, Çenevrə və Vyana ofislərində kofranslarda iştirak imkanı yaradır. Hər il iki-üç ciddi paralel sessiyalarda tədbirlərimiz keçirilir. BMT-nin bir sıra nəşrlərində Qarabağ problemi ilə bağlı açıq şəkildə və problemi ciddi şəkildə ifadə edən bəyanatlarla çıxış edirik. Bu, isə BMT və digər ciddi təşkilatların auditoriyasında yayımlanır”.

Daha sonra Qarabağın azadlıq yoluna diqqət yetirən Umud Mirzəyev ölkə rəhbərinin “Şuşasız işimiz yarımçıq qalar” mesajının dərinliyinə və böyüklüyünə toxunub. O, eyni zamanda bu müddət ərzində yurdlarından köçkün düşən insanların əzabını da unutmayıb.

“İnsanlar böyük bir iztirab keçiriblər. Otuz ilə yaxındır ki, biz faciənin içərisindəyik. Gənc nəslin çoxusu bəlkə bilmir. Bizim 185 kəndimiz Ermənistanda boşaldılıbdır. 1989-cu il noyabr ayında bizim sonuncu insanlarımızı dağlardan endirdilər”.

Umud Mirzəyev Azərbaycanlıların Ermənistan ərazisindən vəhşicəsinə deportasiya edildiyi tarixini də yada salıb.

“Həmin tarixdə bizim 280 min insanımızı oradan köçürüblər, amma ümumilikdə yarım milyon insan deportasiya edilib. 217 azərbaycanlı qətlə yetirildi, bunlardan 49 nəfəri qaçarkən dağlarda donmuşdu, 41 nəfərə qəddarlıqda döyülərək öldürülmüşdü, 35 nəfər işgəncələrlə qətlə yetirilmişdi, 115 nəfər yandırılmışdı, 16 nəfər güllələnmişdi”.

BAMF rəhbəri ermənilərin sadəcə canlı insanlara deyil, hətta vəfat etmiş insanların məzarlıqlarına qarşı da vandallıq aktları törətdiyini bildirib.

“Bizim kəndimizdə qəbiristanlıqda 1000-ə yaxın məzar daşlarını güllələyiblər. Baş daşlarını canlıymış kimi güllələyiblər”.

O, təşkilatın təşəbbüsü ilə hazırlanmış və bu hadisələri əks etdirən “Güllələnmiş məzarlıq” filmini də qeyd edib. Bu film bir çox xarici auditoriyalarda təqdim olunub.

Umud Mirzəyev döyüşlər başladığı tarixdən cəbhə bölgəsində olduğunu və vəziyyəti öz gözləri ilə gördüyünü danışıb. O, Qarabağ bölgəsinin ermənilər tərəfindən tamamilə dağıdıldığını və viran qoyulduğunu vurğulayıb.

“Biz xarici jurnalistlərlə təmasdayıq. Onlar hərəsi bir ölkədəndirlər. Onlar özləri dəhşətə gəlirlər”.

Umud Mirzəyev əməliyyatların uğurlu davam etməsini və bunları gördükləri üçün xoşbəxt nəsil olduqlarını da qeyd edib.

“Doğurdan da çox xoşbəxt nəsilik. İranla olan sərhəddimiz tam bizim nəzarətimizdədir. Xudafərin insanlarımız üçün çox önəmli bir yerdir”.

BAMF prezidenti hərbi əməliyyatların davam etdiyi müddətdə artıq azad olunmuş yaşayış məntəqələrində abadlıq işlərinə başlanmasından bəhs edib.

“İşğaldan azad olunmuş ərazilərimiz abadlaşdırılır. Suqovuşana yol çəkilir. Sərhəd məsələsi də həll olundu. Kəndlərə işıq çəkilir”.

Umud Mirzəyev azad olunmuş torpaqlara qayıtmağın arzusundan danışarkən həmin ərazilərdə ev tikəcəyini bildirib. O, əhalinin öz doğma yurdlarına qayıtmaq xəyalında olduğunu diqqətə çatdırıb.

“Çox adam Qarabağda ev tikəcək, Qarabağ cənnət-məkandı. Onun gözəlliyi Azərbaycanla bütöv olanda hiss olunur”.

Həmin verilişdən bir parçanı sizə təqdim edirik:

Mənbə: ednews.net