İrəvanı indiki duruma salan 21 illik sirr: ŞOK DETALLAR

İrəvanı indiki duruma salan 21 illik sirr: ŞOK DETALLAR

Qarabağda Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları fonunda 27 ontyabr tarixi diqqəti cəlb edir: təkcə Vətən müharibəsinin 1 ayının tamam olması yox, həm də 1999-cu il Ermənistan parlamentindəki terakta görə.

Azərbaycan və Ermənistan cəmi 1 dəfə konfliktin sülh yoluyla həllinə tam yaxın olub. Buna isə Azərbaycan yox, məhz Ermənistan, onun dəstəkləyənlər və Ermənistanda baş verənlər mane olub.

Beləliklə, Axar.az 21 il əvvəl Ermənistan və Azərbaycanın Qarabağda sülhə bağlamasına mane olan hadisəni yenidən oxucularının diqqətinə çatdırır:

21 il əvvəl – 27 oktyabr 1999-cu ildə Ermənistan parlamenti Nairi Unanyanın rəhbərlik etdiyi bir qrup terrorçunun hücumuna məruz qaldı. Hücum nəticəsində parlamentin spikeri Karen Dəmirçiyan, Baş nazir Vazgen Sərkisyan, vitse-spikerlər Yuri Baxşyan və Ruben Miroyan, Operativ Məsələlər üzrə nazir Leonard Petrosyan, deputatlar Armenak Armenakyan, Qenrik Abraamyan və Mikayıl Kotanyan qətlə yetirildi. Maraqlıdır ki, ölkənin əsas siyasi elitasının bir günün içərisində qətlə yetirilməsinin sirri hələ də açılmayıb.

Qarabağ danışıqları

Parlamentə edilən hücum Qarabağ danışıqlarını məhv etmək üçün idi. Belə ki, bu hücumdan 5 ay əvvəl – 1999-cu ilin aprelində Ermənistanla Azərbaycan arasında danışıqlar prosesinin yeni mərhələsi başlamışdı. Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə o vaxt Ermənistan Prezidenti Robert Köçəryan və Azərbaycan Prezidenti Heydər Əliyev beynəlxalq toplantılarda bir araya gəldi. İlk görüş isə ABŞ-da aprelin 24-də – NATO-nun 50 illik yubileyi ilə əlaqədar təşkil edilən sammitdə baş tutdu. Görüşün əsas təşkilatçısı ABŞ Dövlət katibi Madlen Olbrayt idi.

Görüş ərəfəsində və sonrasında Qərb mediasında amerikalı analitik Pol Qoblun Qarabağla bağlı sülh planı aktiv şəkil təbliğ olunmağa başladı. Bu plana əsasən, Azərbaycanın ərazi bütövlüyü təmin edilir, Qarabağa status verilir, Qarabağı Ermənistana birləşdirən Laçın dəhlizindən Ermənistanın istifadəsinə şərait yaradılır, əvəzində isə Naxçıvanla quru yolunu təmin edəcək Mehri dəhlizi Azərbaycanın ixtiyarına keçirdi.

Qoblun planı İrəvanda çoxlarını qane etmirdi. Burada xüsusi aktivliyi isə Rusiya ilə geniş əlaqələri olan qüvvələr göstərirdilər. Bütün bunlara rəğmən tərəflər Qobl planı ətrafında danışıqları davam etdirmək qərarı verdi. Yeni görüşlər başladı.

1999-cu il iyulun 16-da İsveçrənin Cenevrə şəhərindəki Jato qəsrində Azərbaycan və Ermənistan prezidentləri arasında növbəti görüş keçirildi.

Prezidentlərin formatında növbəti görüş 1999-cu il avqustun 22-də yenidən Cenevrədə baş tutdu. Bu görüşdən sonra Qərb mediası bir sıra xarici və yerli mənbələrə istinadən böyük razılaşmanın əldə olunduğunu yazdı.

Telbotun səfəri

Cenevrə danışıqlarından sonra həm İrəvan, həm də Bakı ilə əldə olunan razılaşmaları sonuncu dəfə dəqiqləşdirməkdən ötrü ABŞ Dövlət katibinin müavini Stroub Telbot oktyabrın 26-da bölgəyə gəldi. Onun səfəri İrəvandan başladı. Sonradan Bakıya gələn Telbot danışıqları başa vurduqdan sonra Amerikaya uçdu.

Elə bu məqamda Ermənistan parlamentinə Unanyanın rəhbərlik etdiyi dəstə daxil oldu. Qısa zaman içərisində ölkənin əsas siyasi elitası qətlə yetirildi. Maraqlı məqam odur ki, parlamentə daxil olarkən Unanyan Baş nazir Vazgen Sərkisyana yaxınlaşaraq “bu hücumu sənin övladlarının gələcəyi üçün edirik” demişdi.

Parlament teraktı sonradan həm Qarabağ danışıqlarını, həm də bu istiqamətdə əsas plan olan “Qobl planı”nın icrasına dayandırdı. Tərəflər yenidən başladıqları nöqtəyə geri qayıtmalı oldular.

Hücumun arxasında kim dayanırdı?

Əslində Ermənistan parlamentinə hücumla bağlı bir sıra versiyalar var.

Qarabağ ətrafında sülh o zaman, xüsusilə, Rusiya üçün sərfəli deyildi. SSRİ-nin dağılmasından sonra zəifləməyə başlasa da, Moskva öz ambisiyalarından və təsir zonalarından əl çəkməmişdi. Qarabağ kimi konfliktin qalması həm Azərbaycan, həm də Ermənistanın Moskvadan daima etibarlı şəkildə asılı vəziyyətə düşməsi üçün Kremlə sərf edirdi.

1999-cu ildə Azərbaycan Prezidentinin müşaviri kimi çalışan Vəfa Quluzadə illər sonra Axar.az-a verdiyi açıqlamada bu teraktın törədilməsinə səbəb kimi Moskvanın İrəvanı tam nəzarəti altına almaq olduğunu bildirmişdi. Quluzadə bu terakt nəticəsində öldürülən Sərkisyan və Dəmirçiyanın əslində Ermənistanı Rusiya asılılığından çıxarmaq istədiklərini söyləmişdi:

“Əgər iş Azərbaycanla Ermənistana qalsaydı, biz burada həqiqətən böyük nailiyyətlər əldə etmişdik. Məsələn, 1999-cu ildə Heydər Əliyevlə Köçəryanın arasında danışıqlar oldu. Bu danışıqların pərdə arxasında Ermənistanın güclü şəxsiyyətləri – Vazgen Sərkisyan, Karen Dəmirçiyan dayanmışdı. Biz o razılığa gəlmişdik ki, Rusiyadan soruşmadan bu sülh əldə edək. Müqaviləni İstanbul sammitində imzalayacaqdıq. Özü də onlar bizə zəmanət vermişdilər ki, biz bütün qoşunları bir əmrlə eyni anda bütün 7 işğal olunmuş rayondan çəkirik. Heç bir müşahidəçi və sülhməramlı qoşun ora yeridilməməli idi. Ermənilər bizim sözümüzə inanıb bura sülhməramlı qoşun yeridilməməsinə razılıq vermişdilər. Yəni biz bir-birimizə inanırdıq. Qarabağ məsələsi isə başqa idi. Biz ermənilərə Qarabağda güzəştə gedirdik və ən yüksək muxtariyyət verirdik. Sülh 1999-cu ildə əldə olunacaqdı. Parlamentdə Ermənistanın iki ən güclü şəxsiyyəti, özləri də Rusiyanın adamları olan Karen Dəmirçiyanla Vazgen Sərkisyan gülləndi. Onları güllələməklə Moskva Ermənistanın sülh məsələsində mövqeyinə zərbə vurdu. Çünki onlar olanda Ermənistan müstəqil siyasət yürütməyi bacarırdı, yəni müstəqil qərar verə bilirdi. Vazgen Sərkisyan, Karen Dəmirçiyan və Ermənistan prezidenti buna imza qoyanda etibar edə bilirdilər ki, Moskva bununla hesablaşacaq. Gülləbaran olandan sonra ermənilərin sülhə inamı sındı. Ermənilər başa düşdülər ki, onlar Moskvadan ayrı müstəqil surətdə addım ata bilməzlər”.

Digər önəmli məqam isə bu teraktda Unanyanın istifadə olunması idi. Unanyan Daşnaksütyun Partiyasının nümayəndəsi idi. Bu partiya yarandığı gündən bu yana uzun illər Rusiya üçün çalışmış, onun maraqlarının gerçəkləşməsinə xidmət etmişdi.

Ən maraqlı məqam da 2019-cu ildə Mənim Addımım Blokuna yaxın olan bir sıra şəxslərin Unanyanın Rusiya casusu olması ideyasını irəli sürməsidir. Doğrudur, hökumətə yaxın olan bəzi mənbələr Ermənistanın 1999-cu il teraktı ilə bağlı araşdırmalara başlayacağı xəbərlərini yaysa da Paşinyan buna getməkdən imtina edib. Halbuki Nikol Paşinyan hakimiyyətə gəlməzdən bir il öncə, 2017-ci ildə parlamentdə etdiyi çıxışı zamanı Serj Sərkisyanı birbaşa hədəf göstərərək, onu parlamentin gülləbaran edilməsində günahlandırmış və demişdi:

“Xatırlatmaq istəyirəm ki, 27 oktyabr 1999-cu ildə Serj Sərkisyan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsini daşıyırdı və başlıca vəzifələri sırasına baş nazir, spiker və deputatların mühafizəsi daxil idi. Bu vəzifədə olduğu müddət ərzində Ermənistanda çoxlu sayda rəsmi şəxs öldürüldü. Sonradan bəlli oldu ki, hüquq-mühafizə orqanları terakta hazırlıq haqqında məlumata sahib idi və Milli Təhlükəsizlik Xidməti bununla bağlı heç bir iş görməmişdi. Serj Sərkisyanın əlində rıçaqları qaldığı müddət ərzində bu terakt tam şəkildə araşdırılmayacaq”.

Qarabağ klanı – İrəvanın bəlası

Ermənistan parlamentindəki teraktın digər önəmli tərəfi isə Ermənistan ermənilərinin öz ölkələrində hakimiyyəti itirməsi oldu. Bu teraktdan öncə Qarabağ klanının hakimiyyət orqanlarına gizli sızması prosesi artıq tam açıq hal aldı. Qarabağdan olan Köçəryanın başçılığı ilə başladılan prosesə Moskva da böyük dəstək verdi. Bu dəstək isə 2018-ci ilə qədər davam etdi.

Sərkisyanın qardaşı etiraf edir

Doğrudur, teraktın arxasında hələ də kimin dayandığı de-yure bilinmir. Bununla bağlı uzun illər ərzində ölkə mətbuatı dəfələrlə faktlar ortaya çıxarsa da, buna nə hüquq-mühafizə orqanları, nə də hökumət dairələri diqqət yetirib. Bu faktlardan biri isə “Aykakan Jamanak” qəzeti (qəzetin baş redaktoru Nikol Paşinyan idi) tərəfindən gündəmə gətirilib. Belə ki, qəzet məhz Serj Sərkisyanın qardaşı Saşik Sərkisyanın Moskvada məşhur kriminal avtoritet Tevosikin (Tevos Səfəryan) qohumunun dəfn mərasimində onlarla insanın yanında bu terroru hökumətin törətdiyini bildirir.

O deyir: “Biz parlamentdə o qədər insanı hakimiyyəti kiməsə verməkdən ötrü yerə sərmədik”.

Lakin Saşikin bu açıqlamasına heç kim reaksiya vermir, əvəzində isə Serj onu ölkədən kənara – ABŞ-a göndərir. Müəyyən müddət sonra isə Saşik özü bu iddianı təkzib edir.

Şahidlərin məhvi

Əslində teraktla bağlı araşdırmalar heç bir nəticə vermədiyi üçün istintaq 2002-ci ildə dayandırılıb.

Parlament teraktından sonra onu həyata keçirənlərin və bu hadisənin şahidlərinin taleyi ilə bağlı da maraqlı məqamlar var. İndiyə qədər terakt iştirakçılarının çoxu müxtəlif yollarla müəmmalı şəkildə ortadan qaldırılıblar. Teraktın iştirakçılarından olan Edvard Qriqoryan gözlənilmədən “ürək çatışmazlığı”ndan ölüb. Norayr Yegiazaryan isə 2000-ci ildə qaldığı kamerada “cərəyan vurması” nəticəsində o dünyaya gedib. Başqa bir terrorçu Vram Qalstyan (Nairi Unanyanın əmisi – red.) 2004-cü ildə kamerada intihar edib. Qalstyanın ölümündən bir neçə gün sonra isə teraktla əlaqədar həbs edilən, amma sonra azadlığa buraxılan millət vəkili Muşeq Movsisyan (Sərkisyanın Respublikaçılar Partiyasından olan keçmiş deputat Arakel Movsisyanın qardaşı – red.) Aparan-İrəvan dəmiryolunda yol qəzasına düşərək ölüb.

2004-cü ildə daha bir qəza ABŞ-da baş verib. Budəfəki qəzada parlamentin keçmiş tibb bacısı olan və teraktda şahid kimi dindirilən Roza Ovannisyan həyatını itirib. Yenə eyni ildə parlamentin binasında parlamentin pasport şöbəsinin əməkdaşı Asmik Abramyan özünü asıb. Abramyan da Ovanisyan kimi teraktda əsas şahidlərdən sayılırdı.

2010-cu ilin mayında yenidən Nubaraşen həbsxanasında daha bir ölüm halı qeydə alınıb. Teraktı törədənlərdən biri, 14 il həbs cəzasına məhkum olunan Hamlet Stepanyanın cəsədi öz yatağında aşkarlanıb. İki il sonra azadlığa çıxacaq şəxsin ölümü suallar doğurub.

2014-cü ildə teraktın daha bir əsas şahidi ABŞ-da naməlum şəkildə ölüb. Bu şəxsin Nairi Unanyanın keçmiş dostu, Ermənistan dövlət televiziyasının keçmiş müxbiri Tiqran Nəzəryan olduğu bildirilib. İddialara görə, məhz Nazaryan 27 oktyabrdan əvvəl və sonra Unanyanla əlaqədə olub, eləcə də o, teraktdan sonrakı Köçəryan-Unanyan görüşündə iştirak edib.

Maraqlıdır ki, Qriqoryanın ölümü 27 oktyabrın 15 illiyindən az öncə teraktla bağlı faktlar açıqlayacağını elan etməsindən sonra baş verib. Hələ də bilinmir ki, Qriqoryan hansı faktları açmaq istəyirdi.

Erməni faciəsi

Bu teraktın Ermənistanın iqtisadi-siyasi gələcəyini məhv etdiyi haqda çoxsaylı açıqlamalar səsləndirilib.

Ancaq 2020-ci ilin 27 sentyabrında başlayan Azərbaycanın Vətən müharibəsi sübut etdi ki, bu terakt həm də Ermənistanın hərbi gələcəyini də məhv edib.

Artıq bütün işğal planları məhvə məhkumdur.

Mənbə: konkret.az