30 ildən böyük 30 gün - VİDEO

30 ildən böyük 30 gün - VİDEO

Azərbaycan Ordusunun sentyabrın 27-də Ermənistanın hərbi təxribatından sonra başlatdığı əks-həmlə əməliyyatının 30 günü tamam oldu.

Bu müddət ərzində həyata keçirilən uğurlu əməliyyat nəticəsində 4 şəhər, 3 qəsəbə və 162 kənd işğaldan azad edilib, həmin yaşayış məntəqələrində Azərbaycanın dövlət bayrağı qaldılıb.

Azərbaycan Ordusunun uğurlu əməliyyatı həm də BMT Təhlükəsizlik Şurasının 28 ildir icra edilməyən qətnamələrinin icrası ilə də yadda qaldı. Ordumuz müzəffər Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə dörd qətnaməsinin ikisinin 14 oktyabr 1993-cü il tarixli 874 və 11 noyabr 1993-cü il tarixli 884 saylı qətnamələrinin icrasına nail oldu. Bununla belə, Ermənistandakı hərbi-siyasi rejim bu gün də beynəlxalq hüquq və normalarını pozmaqda davam edir.

Döyüş meydanında biabırçı məğlubiyyətə uğrayan Ermənistan hakimiyyəti vəziyyətdən çıxış yolunu hərbi cinayətlər törətməkdə - Azərbaycanın yaşayış məntəqələrini bombardman etməkdə gördü. Sentyabrın 27-dən başlayaraq, Ermənistan ordusu mülki əhalini hədəfə alır, hər gün hansısa yaşayış məntəqəsi artilleriya, raket atəşinə məruz qalır. Azərbaycanın mülki əhalisinə qarşı ağır ballistik raketlərdən belə istifadə olunmaqdadır.

Onu da qeyd edək ki, 30 gün ərzində üç dəfə humanitar atəşkəs barədə razılığa gəlinsə də, Ermənistan tərəfi hər dəfə atəşkəsin qüvvəyə mindiyi andan etibarən onu pozub və bu günədək humanitar atəşkəsə nail olmaq mümkün olmayıb. Baxmayaraq ki, işğal edilmiş torpaqlarını bir-bir azad edən Azərbaycana xaricdən çoxsaylı təzyiqlər edilir və məqsəd ordumuzun zərbələrindən acınacaqlı vəziyyətə düşən Ermənistanı xilas etməkdir.

 

Mənbə: www.realtv.az