Azərbaycanın Moldovadakı səfirliyində Gəncə terroru nəticəsində həlak olanların anım tədbiri keçirilib

Oktyabrın 27-də Azərbaycan Respublikasının Moldova Respublikasındakı Səfirliyində Ermənistanın Azərbaycana qarşı yeni təcavüzündən sonra Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərinə növbəti hücum nəticəsində həlak olan insanların xatirəsinə həsr edilmiş anım tədbiri təşkil edilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən səfir Q.Osmanov Səfirliyə toplaşan tədbir iştirakçılarını salamlayıb, öz təşəbbüsləri ilə iştirak edən etnik rus, ukraynalı, moldovalı və azərbaycanlılar daxil olmaqla Moldova sakinlərinə təşəkkürünü bildirib, ermənilərin humanitar atəşkəs rejimini pozaraq gecə saatlarında Gəncə şəhərini raket hücumuna məruz qoyması, nəticədə körpə, qadın və yaşlılar daxil olmaqla çoxlu sayda insan tələfatı, sakinlərin müxtəlif dərəcəli xəsarət alması və şəhərin dəhşətli dağıntılara məruz qalması ilə nəticələnən müharibə cinayətinin törədilməsini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Eyni zamanda, səfir nitqində Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olmasını əks etdirən tarixi faktlara toxunub və ölkəmizin beynəlxalq hüquq normalarına əsaslanan mövqeyinin sarsılmaz olduğunu bir daha vurğulayıb. Çıxışının sonunda səfir Q.Osmanov Moldova sakinləri tərəfindən Səfirliyə ünvanlanan erməni təcavüzünü pisləyən yüzlərlə dəstək məktublarını yüksək qiymətləndirdiyini bildirib.

Daha sonra tədbirdə qonaq qismində iştirak edən Moldova parlamentinin deputatı Sergiu Sirbuya söz verilib, deputat ölkəmizin sözügedən münaqişədə haqlı mövqeyindən danışıb, dinc əhaliyə qarşı Gəncədə törədilən təcavüzün qəbul edilməz olduğunu, Moldovanın da ərazi bütövlüyü ilə bağlı mübarizə apardığını, bununla bağlı ölkələrimizin oxşar tarix yaşadıqlarını bildirib, beynəlxalq birlik tərəfindən günahsız insanlara qarşı törədilən təcavüzün yolverilməzliyi, eləcə də, Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsinə dair birmənalı mövqe nümayiş etdirilməli olduğunu dilə gətirmişdir. Deputat müharibəni pisləyərək münaqişənin tezliklə Azərbaycanın sərhədlərinin toxunulmazlığı çərçivəsində həll edilməsinə ümidvar olduğunu bildirib, sonda Gəncə şəhərinda həlak olan günahsız sakinlərin ailə və yaxınlarına başsağlığı verib.

Tədbir zamanı çıxış edən Moldova Azərbaycanlıları Konqresinin (MAK) sədri Elçin Bayramov müharibənin müvafiq qaydalar əsasında aparılmasına məhəl qoymayan ermənilərin təcavüzkar hərəkətini pisləyib, Moldovada yaşayan bütün azərbaycanlılar adından erməni terrorunun qurbanları olan Gəncə şəhərinin sakinlərinə dəstək və birlik nümayiş etdirdikmək məqsədilə toplaşdıqlarını bildirib.

Eyni zamanda, tədbirə dəvət olunmuş moldovalı tarixçi və siyasi şərhçi Ruslan Şevçenko çıxışında münaqişənin tarixi köklərindən danışaraq, ermənilərin tarixən apardığı zorakı siyasətin nəticəsi olaraq müharibənin yenidən başladığını diqqətə çatdırıb. Moldovanın da oxşar münaqişəni yaşadığını qeyd edən tarixçi Azərbaycanın rəhbərliyi tərəfindən atılan konstruktiv və beynəlxalq hüquqa əsaslanan addımların Moldova üçün də nümunə olacağına ümid edib.

Tədbirdə Moldovadakı azərbaycanlı icmanın fəallarından Maarif Rəhimov, Mehriban Bədəlova, gənclərdən Zamir Qubadov, Berqan Maarif və digər nümayəndələr Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, eləcə də ermənilərin Gəncəyə raket hücumu ilə bağlı azərbaycan, rus və rumın dillərində nitq söyləyərək ölkəmizin həqiqətlərini Moldova ictimaiyyətinə çatdırıb, tədbir iştirakçıları Səfirlik tərəfindən qurulmuş Gəncə hadisələrinin qurbanlarına həsr edilmiş güşəyə gül dəstələri düzüb.

Eyni zamanda, tədbirdə çoxsaylı KİV nümayəndələri iştirak edib, sözügedən tədbir Moldova mətbuatında geniş işıqlandırılıb, məsələyə dair Moldova telekanallarında reportajlar yayımlanıb.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Müharibənin 1 ayı: Ordu və millət birliyi - HƏR ŞEY VƏTƏN ÜÇÜN!

SONRAKI XƏBƏR

Rusiyalı ekspert: “Xankəndi itirilən kimi Paşinyan...”