Gəncədən Oksana Ujova Prezident İlham Əliyevə yazdı...

Gəncədən Oksana Ujova Prezident İlham Əliyevə yazdı...

Gəncə şəhər sakini Oksana Ujova da Prezident İlham Əliyevə müraciət edib. “Mən Gəncə şəhər sakiniyəm. Ailəmiz rus millətindəndir. Təqaüdçü olan anam Gəncə şəhərində yaşayır. Bakı şəhərində işləsəm də, boya-başa çatdığım Gəncə şəhərinə tez-tez gedirəm.

Mən Bakı şəhərində və eləcə də Gəncədə yaşayan milliyyətcə rus olan digər sakinlərimiz kimi həmişə vətəndaşı olduğumuz Azərbaycan dövləti və eləcə də xalqı tərəfindən diqqət və qayğı ilə əhatə olunmuşuq. Azərbaycan torpağı, onun hər qarışı bizim üçün əziz, doğma olub. O cümlədən Azərbaycanın qədim torpaqları olan Qarabağ torpağı da.

Mənfur düşmən doğma Qarabağımızda, eləcə də imkan düşdükcə, respublikamızın digər bölgələrində uzun illər boyu Azərbaycan xalqına qarşı vandalizm, terror və vəhşiliklər törətməkdən doymayaraq indi də Qarabağda döyüş zonalarında qazandığınız uğurlara dözə bilməyərək Azərbaycanın digər şəhər və rayonlarına qarşı insanlığa yaraşmayan hərəkətlər etməyə başlayıblar ki, bu da onların daxili xislətlərinin terrorla yoğrulduğunu bir daha sübut edən bir amildir.

Belə ki, oktyabr ayının 4-də və 11-də işğalçılar raketlərdən istifadə etməklə Azərbaycanın 2-ci böyük şəhəri olan, mənim də sakini olduğum Gəncə şəhərini vurmaları, nəticədə çoxsaylı günahsız insanlarımızın həyatını itirmələri, xeyli insanların xəsarət alması vandallığın, alçaqlığın, xəbisliyin, mədəniyyətsizliyin, şərəfsizliyin, qəddarlığın, bir sözlə barbarlığın, məkrli xislətin bariz nümunəsidir”.

O, Ujova qeyd edir ki, Azərbaycanda yaşayan, Azərbaycanı özünə doğma el-obası, əziz Vətəni bilən rus millətindən olan bütün sakinlər Prezident İlham Əliyevi çox sevirlər. “Biz əminik ki, doğma torpaqlarımız belə bir mənfur düşmənin tapdağından Sizin komandanlığınız altında igid zabit və əsgərlərimizin şücaəti nəticəsində azad olunacaq və biz Azərbaycanın xoşbəxt vətəndaşları olan digər etnik millətlərin nümayəndələri ilə birlikdə üçrəngli bayrağımızın Qarabağın işğal altında olan hər bir bölgəsində dalğalanmasının şahidi olacağıq.

Qoy Uca Tanrı "Qarabağ Azərbaycandır!" səsləndirdiyiniz bu tarixi haqq yolunda apardığınız şanlı mübarizədə Sizə yar olsun. Amin” - deyə O.Ujova Prezidentə müraciətində qeyd edir.

Baki-xeber.com

Mənbə: www.baki-xeber.com